Yuxarı

AXCP sədri qərarın ləğvinə çağırdı

AXCP sədri qərarın ləğvinə çağırdı

“Tarif Şurasının qışın oğlan çağında qaz və işıq qiymətlərinin artırılması ilə bağlı verdiyi qərar anti-sosial bir qərar idi. Görəsən hökumətdə özündə güc tapıb çıxış yolu axtaran bir kəs olacaqmı?”

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

O,  soyuq havada qaz və elektrik enerjisinin qiymətlərindəki artımla bağlı çıxış yollarından danışıb: “Qar təmizlikdir, gözəllikdir, qışın müjdəsini verən qaranquşdur. Uşaqlar çox sevinir, onlar istər ki, qar heç dayanmasın. Amma valideynlər bu gözəlliyi, bu qarı istəmir. Çünki onlar evlərini qızdıra bilmir. Evində qızdırıcısı olan ailə də işıq və qaz pulunu ödəyə bilmədiyindən, gündə cəmi bir neçə saat yandıra bilir. Evində palto ilə oturur ki, donmasın.

Çıxış yolu var: qaz limitinin 1500-dən 3000 kubmetrə qaldırılması mümkündür. Elektrik isə aylıq 250-dən 500 kvt-a qaldırıla bilər. Əgər villa sahiblərinin, varlıların ödəməsini istəyirsinizsə, çox gözəl. Onların villaları və yaşayış tərzləri kənardan çağırır. İki-üç otaqlı, gecəqonduya bənzəyən, bir sotdan 3 sota kimi ərazidə tikilən fərdi yaşayış evlərinə bunu tətbiq etmək sosial siyasətdirmi? Bina evlərində yaşayan insanları da kateqoriyaya bölmək olar.

Bir-üç otaqlı sovet tipli mənzildə yaşayan ailələrə bunu tətbiq etməmək lazımdır. Yeni tikililərdə yaşayan və böyük mənzil sahəsinə malik sakinlərə tətbiq etmək daha münasib olmazmı? Verilən qərar ona görə anti-sosialdır ki, aylıq 100 AZN gəliri olan ailə ilə aylıq 100 min, 1 milyon, 10 milyon dollar və daha çox gəliri olan insanlar arasında heç bir fərq qoyulmayıb. Qoy hökumət düşünsün və verdiyi qərara lazımi düzəlişləri etsin. Aydan-aya güc-bəla ilə dolanan ailələr naminə...” 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları