Yuxarı

Nazir səfirlikləri ləğv etdirir?

Nazir səfirlikləri  ləğv etdirir?

 

İlham İsmayıl: “Deputatlara belə təklif vermək tapşırılıb”

Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində ixtisarlar aparıla bilər. Söhbət əsasən səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılmasından gedir. Bu günlərdə Milli Məclisdə səslənən təkliflər də səfirliklərin və konsulluqların birləşdirlməsi istiqamətində addımların atılacağını istisna etmir.

Millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir: “Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır? Bu səfirlik, konsulluq və nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır. Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir”.

Qeyd edilən təklif səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılması ehtimalını gündəmə gətirib. Böyük ehtimalla, hökumət bu addımı dövlət büdcəsinə qənaət etmək məqsədi ilə ata bilər. Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsindən Azərbaycanın Xarici İşlər Nazirliyinə 9 963 208 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu rəqəm 2016-cı ildə 11 607 589 manat təşkil edib. Gələn il üçün nəzərdə tutulan vəsait 2016-cı il ilə müqayisədə 1 644 381 azdır. Ona görə də dövlət xərclərini azaltmaq üçün hökumət görünür, Xarici İşlər Nazirliyi sisteminin strukturunda dəyişiklik etmək qərarına gəlib. Ancaq sözügedən təklif siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmayıb. Çünki XİN sistemi dövlətin siyasətini müəyyən edən əsas strateji sahələrdən biri hesab olunur. Bu baxımdan, Azərbaycanın diplomatik fəaliyyət dairəsinin genişləndirilməsinə ehtiyac var. Büdcəyə qənaət məqsədilə ləğv ediləcək qurumlar az deyil. Hələ ötən ilki devalvasiyadan sonra büdcə xərclərinin azaldılmasına nail olmaq üçün hökumətdə struktur islahatlarının həyata keçirilməsi təklif olunmuşdu. Bu sırada bəzi nazirliklərin, komitələrin birləşdirilməsi yer alırdı. Ancaq bunlar baş vermədiyi halda, səfirliklərin sayının azaldılması təklifi irəli sürüldü. 2017-ci ilin büdcəsinə gəlincə, ekspertlər dövlət vəsaitlərinin istifadəsini azaltmaq məqsədilə Mənzil İstismar Sahələrinin ləğvini təklif edirdilər. Maraqlıdır ki, hökumət “JEK”ə büdcədən vəsait ayırdığı halda, XİN sistemində ixtisarlar aparmağı vacib hesab edir.

Məsələyə münasibətini bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, səfirliklərin sayının azaldılması yanlış addımdır: “Deputatlar bu fikri öz yanlarından söyləmirlər. Bu məsələ Maliyyə Nazirliyi tərəfindən qaldırılıb. Nazir bəzi deputatlara tapşırıb ki, məsələni Milli Məclisdə qaldırın. Mən bir neçə gün əvvəldən bilirdim ki, bu məsələ qaldırılacaq. Hazırda ləğv olunması və ya birləşdirilməsi nəzərdə tutulan səfirliklərin, konsulluqların illik büdcəsi 3-4 milyon dollar etmir. Halbuki, Azərbaycanda nələrə, nə qədər pullar sərf olunur, məlumdur. Amma Qarabağ kimi bir problemimizin olduğu bir halda, erməni diasporasının tüğyan etdiyi Argentinada səfirliyi ləğv etmək dövlətə zərərdən başqa heç nə gətirmir. Dövləti tanıtmaq lazımdır. Dünyanın ən kasıb dövlətlərindən biri Kubadır ki, bu dövlətin 130 ölkədə səfirliyi var. Azərbaycan Kubadan varlı dövlət hesab olıunur. Azərbaycanın dövlət büdcəsinə daxil olan vəsaitləri qənaətlə xərcləsələr heç bir problem olmaz. Çox təəssüf ki, 3-4 milyona görə, Azərbaycanın diplomatik missiyasını məhv edirlər. Halbuki məhkəmələrdə bir sifarişə görə, 300-400 min manat pul qazanırlar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları