Yuxarı

AXCP sədri gözlənilən islahatdan danışdı

AXCP sədri gözlənilən islahatdan danışdı

“Xalqımız səbirli olmaqla yanaşı, həm də sadəlövhcəsinə ümid edib inanandır. Hələ də inananlar var ki, tezliklə yeni kadrlar çox yüksək vəzifələrə gətiriləcək və xalqı bir-iki günün içində İsveçrədə yaşadacaq. Siyasi sistemi bu qədər çətinlik və məşəqqətlə qurmayıblar ki, əzab-əziyyətə, beynəlxalq təşkilatların qınağına tuş gələ-gələ dirəniş göstərməyiblər ki, referendum keçirməyiblər ki, yaxşı oğlanları gətirib vəzifəyə qoyub, bu işi quranlara göstəriş verdirsinlər”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

O qeyd edib ki, hazırki siyasətdə bu mümkün deyil:“Deyirlər ki, Tarif Şurasının qərarı ləğv olunacaq. Nazirlər kütləvi istefaya göndəriləcək və s. İnanmaq çətindir. İlk öncə deyim ki, mən və partiyam da prezidentə Tarif Şurasının qərarına yenidən baxmağa və xalqın mənafeyinə uyğun düzəlişləri etməyə çağırış etmişik. Eyni zamanda bir-birini təkrarlayan dövlət qurumlarının da ləğv edilməsini və s. təklifləri Prezident Aparatına təqdim etmişik. “Yol Xəritəsi” də illər öncə qəbul edilməli, həyata keçirilməli, icrası da korrupsiyaya bulaşmamış, yeni və savadlı kadrlara həvalə olunmalı idi. Bununla da bağlı təklifimizi hökumətə yazılı surətdə təqdim etmişik və mətbuatda da dərc edilib. Məsələ burasındadır ki, bu addımların indi atılması artıq çox çətindir”.

Razi Nurullayev hesab edir ki, prezidentin Tarişf Şurasının qərarını ləğv etməsi məsələnin həll variantı ola bilməz: “Hökumət sosial öhdəliklərini yerinə yetirmək üçün dotasiyalardan canını qurtarmalıdır. Azərişıq, Azəriqaz, AzərİstilikTəchizat və digər bu kimi dövlət qurumları sərmayə qoymaq üçün büdcə pullarını sərf edirlər. Hökumət artıq bunu edə bilmir. Onlardan kəsib sosial öhdəliklərini yerinə yetirmək və bəzi əmək haqlarında artım etmək niyyətindədir. Onun üçün də Tarif Şurasının qərarının ləğv edilməsi optimal variant deyil. İşıq və qaza qoyulan limitlərin artırılmasına nail olmaq faydalı olardı. Komandaya yeni kadrların cəlb edilməsi isə təbii ki, olacaq. Amma açar vəzifələr yenə də köhnə qvardiyanın əlində qalacaq. Sadəcə olaraq, iş icraçılarından söhbət gedə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları