Yuxarı

“Hökumətin yeni kadrlara ehtiyacı var”

“Hökumətin yeni kadrlara ehtiyacı var”

Ayaz Məmmədov: “Daxili çəkişmələr son həddə çatıb”\\“Bu gün siyasi düşərgədə vəziyyət heç də ürəkaçan deyil. Ölkədə baş verən ağır iqtisadi böhran hökumətdə də fikir ayrılığına səbəb oldu. Ötən illərdə yürüdülən iqtisadi siyasəti hər kəs müdafiə etsə də son bir ildə hökumət rəsmiləri baş verən problemlərin günahını bir-birində görməyə başladı. Bunu hökumət nümayəndələrinin, deputatların mətbuata açıqlamasında da açıq şəkildə görmək mümkündür”. Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında ictimai-siyasi fəal Ayaz Məmmədov deyib.\\“Qiymət artdı, gəlirlər dəyişmədi”\\A.Məmmədov bildirib ki, ölkənin düşdüyü mövcud durumdan xilas olması üçün hökumətin tərkibində ciddi dəyişikliklərin olması zəruridir: “Nəzərə alsaq ki, artıq hökumətin daxilində şəxsi çəkişmələr son həddə çatıb, bu cür komanda ölkəni böhrandan çıxara bilməyəcək. Hökumətin yeni kadrlara ehtiyacı var. Zaman-zaman bu təklifləri müxalifət partiyalarından da görmüşük. Ancaq ötən ildə hökumətin bu yöndə hansısa ciddi addımlar atmasının şahidi olmadıq. \\Bu gün əhalini narazı salan səbəblərin ən başlıcası bahalaşmadır. İstehlak məhsullarının qiymətində kifayət qədər artım oldu, ancaq əhalinin gəlirləri dəyişmədi. Əksinə, xərclər artdı və bu da özü ilə bərabərində ciddi problemlər yaratdı. Digər tərəfdən bank-vətəndaş münasibətləri çox gərgin vəziyyətdədir. Əhalinin böyük bir hissəsi banka borcludur və gəlirləri borclarına adekvat olmadığı üçün kreditlərin qaytarılması mümkünsüz hala gəlib”. \\Ayaz Məmmədov deyib ki, ötən il hər kəs bu probleminin həllində hökumətdən müəyyən qədər dəstək gözləsə də yenə rəsmilər susmağı üstün tutdular: “Problemin həlli yönündə heç bir addım atılmadı və bu da vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Mövcud duruma nəzər salsaq, hökumətin hələ də bu yöndə hansısa addım atacağı ehtimalı çox aşağıdır: “Problemlər dərinləşir, hökumət isə islahatlara getmək istəmir. Daxili qarşıdurmalar isə hansısa problemin həllinə yönəlik addımlarda fikir ayrılığı yaradır və bu görülən işlərin effektsiz olmasına səbəb olur. Bütün bunların fonunda hökumət əhalini narazı salacaq addımlar atmağa davam edir. Ötən ilin sonunda enerji daşıyıcılarının qiymətinin artırılması mövcud vəziyyətdə heç də uğurlu addım deyil. Bu qərar veriləndə də əhalinin ciddi narazılığına səbəb oldu və bu etirazlardan sonra tətbiq olunan limit artırıldı. Ancaq hal-hazırda demək olar ki, hər 10 nəfərdən 6-sı limiti keçib və yeni qiymətlərlə ödəniş etmək məcburiyyətindədir. Bu isə əhalinin hökumətə qarşı narazılığını daha da artıracaq”.\\Cebhe.info





Həftənin ən çox oxunanları