Yuxarı

AMİPsayağı siyasi test

AMİPsayağı siyasi test

Etibar Məmmədovun “qayıdıram” mesajı kimə ünvanlanıb?\\Elşad Musayev: “O, siyasətdən getməyib, sadəcə taktikanı dəyişib”\Əli Əliyev: “Onun açıqlaması nəbz yoxlamasıdır”\\Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun aktiv siyasətə qoşulacağı ilə bağlı mətbuatda məlumatlar yayılmağa başlayıb. İddiaya görə, siyasi fəaliyyətini genişləndirən E.Məmmədov meydana daha ciddi məqsədlərlə girir. Qeyd olunur ki, o, 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak etmək barədə də qərar verib.\\AMİP liderinin özü də mətbuata açıqlamasında yayılan məlumatları dolayı yolla təsdiq edib və dəyişiklik mesajını verib: “Azərbaycanda gündəlik olaraq fəaliyyət göstərən hökumət yoxdur. Normal fəaliyyət göstərən hökumət formalaşdırılmalıdır. Belə bir hökumətə ehtiyac var. Bizim yatmış hökuməti tezliklə dəyişib normal hökümət qurulmalıdır”.\\“Məsələnin kökünü bilirəm, amma açmaq istəmirəm”\\Böyük Azərbaycan Partiyasının sədri (BAP), AMİP-in keçmiş baş katibi Elşad Musayevin “Cümhuriyət”ə dediyinə görə, Etibar Məmmədov siyasətdən getməyib ki, qayıtsın. E.Musayev mətbuatda bununla bağlı yayılan məlumatları mövzu qıtlığıyla əlaqələndirib: “Sırf mövzu qıtlığına görə, bu məsələ gündəmə gətirilib. Yeni heç nə yoxdur. Mətbuata açıqlamalarımda da bildirmişəm ki, Etibar Məmmədov siyasətdən kənara çəkilməyib, siyasətin içindədir, sadəcə taktikanı dəyişib. Kimlər üçünsə bu taktika sərf edir. Görünür ki, kiminsə marağı var, bu mövzunu ortaya atmaqla nəbz yoxlayır ki, həqiqətən Etibar Məmmədovun aktiv siyasətə qoşulacağı məsələsi var, ya yox?! \\Burada qeyri-adi heç nə görmürəm. İndi buna onun partiyasından olanlar cavab verirlər, ya vermirlər, bu başqa məsələdir. Azərbaycanda Etibar Məmmədovu istəməyən kəsim var, bu məsələni qətiləşdirmək istəyən də həmin kəsimdir. Adama sual veriblər, o da cavab verib. İndi Etibar Məmmədov fəaliyyətini genişləndirəcək, ya yox? Bu da başqa məsələdir. Amma gündəmdə bu məsələ yoxdur. Çünki Azərbaycanda demokratik seçim yoxdur. Əgər demokratik seçkilər keçirilsə, buna uyğun olaraq qərar vermək olar”.\\BAP sədrinin sözlərinə görə, əgər şansa olsa, 2018-ci il seçkilərinə də qatıla, fürsətdən yararlanmağa çalışa bilər: “Başqaları da demokratik seçkilərin keçirilməsini istəyir. Adam siyasətdən çəkilməyib, partiyası da durur, öz problemləriylə məşğuldur. Əgər seçkilərdə namizəd kimi iştirak edəcəksə, bu niyə ajiotaj yaratmalıdır? Burada nə var?! Etibar Məmmədov da, Rəsul Quliyev də, İlham Əliyev də, Mirmahmud Mirəlioğlu da namizədliyini verə bilər. Etibar Məmmədovun namizədliyi nəyi dəyişəcək? Bunun kökünün nə olub-olmamasını bilirəm, amma açmaq istəmirəm. Dəyişik heç nə yoxdur, sadəcə mətbuat mövzunu qızışdırır”.\\“Hakimiyyətin ovqatından irəli gəlir”\\AMİP sədrinin keçmiş müavini, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət”ə E.Məmmədovun aktiv siyasətə qoşulacağı ilə bağlı məlumatlar rəsmi qaydada təsdiq olunduqdan sonra bunu şərh edəcəyini bildirib. Lakin Ə.Əliyev bu barədə yayılan məlumatların “nəbz yoxlaması” olmasını istisna etməyib: “Yayılan məlumatların hələlik söhbət səviyyəsində olması qənaətindəyəm. Fəaliyyətini tam bərpa etdikdən sonra şərh verərəm. Mənim fikrimcə, bu, “nəbz yoxlaması”dır. Hakimiyyətin daxilindəki vəziyyətdən, onun aid olduğu siyasi qruplaşmanın ovqatından irəli gələn informasiya hücumudur. Hələlik məsələni bundan artıq dəyərləndirməyə ehtiyac yoxdur”.\\Mənsur





Həftənin ən çox oxunanları