Yuxarı

Müxalifət birləşə bilərmi?

Müxalifət birləşə bilərmi?

Ənənəvi müxalifət birliyə mane olur\\Ehtiram Mehtiyev: “Artıq təməküzləşmənin zamanıdır”\\Əli Orucov: “Müxalifətin birləşməsi üçün siyasi sifariş yoxdur”\\Xəzər Teyyublu: “Birliyi zəruri edən situasiya lazımdır”\\Baş verən sosial-iqtisadi böhran siyasi müxalifəti hərəkətlənməyə vadar edir. Müxalifətdaxili inteqrasiya, əməkdaşlıq günün tələbinə çevrilib. Son illər müxalifətin birliyinə cəhdlər olsa da, real addımlar yoxdur. Hər zaman yaradılan birliklər hansısa səbəblərdən qısa müddət ərzində dağılıb. Maraqlıdır ki, bu birliklər dağıldıqdan sonra birləşməyə hazır olan qüvvələr bir-birinə düşmən olublar. Bəs bu gün müxalifət birləşməyə hazırdırmı? Əgər hazırdırsa, müxalifətin birləşməsinə hansı səbəblər mane olur?\\“Birliyə ənənəvi müxalifət mane olur”\\\\Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev müxalifətin birləşə bilməməsinin səbəbini ənənəvi müxalifətdə görür.  Onun sözlərinə görə, ənənəvi müxalifət həm fəaliyyətsizdir, həm də real durumu anlamır: “Bu gün Azərbaycanda siyasi inkişafın zəif olması müxalifətin də fəallaşmasına təsir edir. Ənənəvi müxalifətin illərdir seçdiyi eyni yol hakimiyyəti və ölkəni dəyişmək gücündə deyil. Konkret olaraq ənənəvi müxalifət ictimai-siyasi vəziyyətə təsir edə bilmir və qəribəsi də odur ki, bu siyasilər nə qədər gecikdiklərini anlamırlar. Onlar nə birləşə, nə də hakimiyyətə gələ bilirlər. Əlbəttə, Azərbaycan kimi bir ölkəyə artıq belə siyasilər lazım deyil. Onlar “siyasi əlillik” dərəcəsini çoxdan alıblar. Bu gün ölkənin inkişafı üçün və eyni zamanda milli məsələlərdə yeni müxalifətə ehtiyac olduğu bir zamanda AXCP siyasi arenada öz sözünü deməyi bacardı.\\AXCP-nin üstünlüyü siyasi arenada yeni simalara yer verməsi oldu. Cəmiyyət illərdi “hakimiyyətə gələcəyik” vədlərini verən liderlərdən yorulmuşdu. Onların seçki ərəfələrində birləşib seçkidən sonra dağılmaqlarından bezmişdi. İsa Qəmbərin maraqlı bir sözü var: “biz birləşsək də uduzuruq, birləşməsək də uduzuruq”. Onda elə birləşməyək də. Bu gün ölkədə 50-dən çox partiya var, amma ictimai-siyasi vəziyyətə təsir edə bilən cəmi 5-6 partiyadır. Artıq partiyaların təmərküzləşməsinin zamanıdır. Passiv partiyalar sıradan çıxmalı və ya lider dəyişikliyi olmalıdır. Belə olduğu halda bəlkə qalan müxalifət bu rejimə qarşı birləşə bilsin”.\\“Birlik ehtimalı azdır”\\\\Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında deyir ki, Azərbaycan müxalifətinin birləşmə məsələsi hər zaman son nəticədə ayrılıqlara gətirib çıxarıb: “Ölkədə mövcud olan partiyaların fərqli ayrı ideologiyası, yolu var. Bu partiyaların birləşməsi mümkün deyil. Müxalifətin birləşməsi uzun müddət gündəmdə olub, amma müxtəlif səbəblərdən bu baş tutmayıb. Yaradılan müvəqqəti koalisiyalar da heç bir nəticə əldə edə bilməyib və tez bir zamanda dağılıb. Amma faktiki olaraq müxalifətin birləşməsi üçün siyasi sifariş də yoxdur. Digər tərəfdən də,  müxalifət partiyaları istər maliyyə, istərsə də siyasi baxımdan kimlərinsə təsiri altındadır. Ona görə də həmin qüvvələrin istəkləri daha çox ön plana çıxır. Bu baxımdan da müxalifətin birləşmə ehtimalı demək olar ki, sıfırdır”. \\“Situasiya hər an dəyişə bilər”\\\\Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu da deyir ki, bu gün müxalifətin birliyi real görünmür. Onun sözlərinə görə, müxalifətin birləşməsi üçün situasiya yoxdur: “Müxalifətin birləşməsi elə bir məsələdir ki, gərək ölkədə bunu zəruri edən situasiya yaransın. Bu situasiyanı ya yaratmaq lazımdır, ya da yaranması üçün şərait olmalıdır. Situasiyanı isə siyasi təşkilatlar özləri yaratmalıdır. Azərbaycan elə bir bölgədə yerləşir ki, istənilən zamanda həm daxili, həm də geopolitik səbəblərdən situasiya dəyişə bilər. Əlbəttə, situasiya dəyişəndə də hər kəsin birləşməsi və vahid mövqe nümayiş etdirməsi vacibdir.\\Amma situasiya olmayandan sonra vəziyyət çətinləşir və durğunluq yaranır. Digər tərəfdən də Azərbaycanın siyasi hakimiyyətinin müxalifət partiyalarına münasibəti dəyişməlidir. Əgər bu münasibət dəyişməyəcəksə, Azərbaycanda siyasi partiyalar institutu tamamilə məhv olacaq. Bu da Azərbaycanı siyasi cəhətdən çox geri salacaq. Amma bu gün siyasi situasiya olmadığı üçün müxalifətin birləşməsi məsələsi mümkün görünmür”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları