Yuxarı

“AXCP ənənəvi müxalifət kimi boş vədlər vermir”

“AXCP ənənəvi  müxalifət kimi  boş vədlər vermir”

 \\Ehtiram Mehtiyev: “Biz xalqın müxalifətə inamını qaytarmaq üçün çalışırıq”\\“Tez-tez tədbirlərdə görüşəndə demək olar ki, hər dəfə də mənə eyni suallar ünvanlanır. Müxalifət niyə işləmir? Xalqın müxalifətə inamı qalmayıb, müxalifət niyə birləşmir? Xalq müxalifətdəki eyni simalardan yorulub. AXCP-ni digər partiyalardan fərqləndirən nədir? Son zamanlar sosial şəbəkələrdə də eyni suallarla qarşılaşırıq”.\\Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib. E.Mehtiyev qeyd edib ki, Azərbaycanda siyasi inkişafın zəif olması müxalifətin də fəallaşmasına mənfi təsir edir: “Artıq ənənəvi müxalifət liderləri müxalif fikirli insanları boş vədlərlə inandıra bilmirlər. Onları tənqid edən və demokratik fikir söyləyənləri isə satqın damğası vurub, partiyadan kənarlaşdırırlar. Bu səbəbdən də sıraları günü-gündən seyrəlir, onları dəstəkləyənlərin sayı azalır. Hər seçki öncəsi birləşib, seçkidən sonra bir-birinə qarşı ağır ittihamlar səsləndirərək ayrılan ənənəvi müxalifətə xalq necə inansın? İsa Qəmbərin bir sözü var: “Biz birləşsək də uduzuruq, birləşməsək də uduzuruq. Onda elə birləşməyək də". İsa bəy özü də etiraf edir ki, ənənəvi müxalifətin birləşməyi heç nəyi dəyişmir. Sadəcə ölkədə siyasi passivliyə səbəb olur. Əslində ölkənin ağır vəziyyətini nəzərə alaraq AXCP sədri Razi Nurullayev bir neçə dəfə müxalifətə birləşmək təklifi verib. Həmişəki kimi maraqlar və siyasi passivlik onları oturduqları yerdən tərpədə bilmədi”.\\E.Mehtiyev hesab edir ki, təmsil etdiyi AXCP hər zaman yeni qüvvələrə önəm verib: “Hazırda Azərbaycanda 50-dən çox partiya mövcuddur. Bunlardan biri də AXCP-dir. AXCP hər zaman xalqımızın və ölkəmizin nurlu gələcəyi üçün mövcud imkanlardan istifadə edən, bu hakimiyyətlə mübarizə aparan, haqqı deyən, ictimai-siyasi vəziyyətə təsir edən bir partiyadır. AXCP-ni digər partiyalardan fərqləndirən cəhət siyasi arenada yeni simalara və gənclərə yer verməsidir. Dövlətçilik və milli məsələlər partiyamızın prioritetidir. AXCP ənənəvi müxalifət kimi boş vədlər vermir”.\\“AXCP ilkə imza atdı”\\Sədr müavini bildirib ki, AXCP olaraq ötən il cəmiyyətin maariflənməsi istiqamətində bir ilkə imza atdı: “AXCP yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası vasitəsilə cəmiyyətimizin maariflənməsi istiqamətində uğurlu işlərə başladıq. Eyni zamanda partiyamız TalkTV Azərbaycan internet televizyası yaradaraq ölkə televizya kanallarının deyə və çəkə bilmədiklərini cəmiyyətə çatdırdı. Bildiyiniz kimi qlobal böhran Azərbaycandan da yan keçmədi. AXCP ilk olaraq ölkənin düşdüyü böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayaraq hökumətə təqdim etdi. Partiyamız Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də təkliflər hazırladı. AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürərək bir neçə dəfə bunun müzakirəsini də apardı. Yazdıqlarım partiyamızın fəaliyyətinin az bir hissəsidir. Müxalifət olaraq xalqımızın firavan gələcəyi və demokratiyanın bərqərar olması üçün əlimizdən gələni əsirgəmir və əsirgəməyəcəyik. Biz xalqın müxalifətə inamını qaytarmaq üçün çalışırıq. Xalqın etimadı bizim üçün ən vacib məsələdir. Çünki, dəyişikliyə ancaq xalqın dəstəyilə nail olmaq mümkündür”.\\Cebhe.info





Həftənin ən çox oxunanları