Yuxarı

“Qoca deputatlar mandatdan könüllü imtina etməlidir”

“Qoca deputatlar mandatdan könüllü imtina etməlidir”

Maksim Maksim Musayev: “Yerimizi gənclərə verməliyik” Yeni Azərbaycan Partiyası parlament seçkilərində  85 dairə üzrə namizəd irəli sürüb. Onların arasında gənclərlə yanaşı bir neçə dönəm millət vəkili olmuş yaşlı nəslin nümayəndələri də var. Lakin YAP-ın qurucularından olan sabiq millət vəkili Maksim Musayev namizədliyini irəli sürməyib. Bunun səbəblərinə isə sabiq deputat Cebhe.info-ya müsahibəsində aydınlıq gətirdi: -Maksim müəllim,  Yeni Azərbaycan Partiyasında söz sahibi olmusunuz. Bu baxımdan deputatlığa niyə namizədliyinizi vermədiniz? Yoxsa hələ iddianızı ortaya qoymamısınız? - Mənim seçkilərdə iştirak etmək fikrim yoxdur. Mən 15 il millət vəkili olmuşam. Onun 5 ili Sovet dövrünə, 5 ili keçid dövrünə, 5 ili isə müstəqillik dövrünə düşüb. Mənə elə gəlir ki, artıq bəsdir. Yenə millət vəkili olsam, gedib parlamentdə olsam, gənclərə yer qalmaz. İstərdim ki, parlamentdə savadlı, xaricdə təhsil almış, xarici dilləri bilən  gənclər təmsil olunsun. İstəyirəm elə deputatlar seçilsin ki,  onlar villapərəst, pul hərisi olmasınlar, qanun yazmağı bacarsınlar, xalq üçün işləsinlər, milli mənafeyimizi qorusunlar, şəxsi mənafelərdən uzaq olsun. Parlament seçkiləri qanun yaradanların seçkisidir. Ona görə də ora sanballı adamlar getməlidir. - Amma qanunvericilikdə məhdudiyyət də nəzərdə tutulmayıb. Bu baxımdan seçkiyə qatıla bilərdiniz. Hətta bir neçə dəfə deputat olmuş yaşlı nəslin nümayəndələri yenidən namizədliyini irəli sürüb.   - Mən özümü o səviyyəyə endirmərəm. Mən başa düşürəm ki, kimləri nəzərdə tutursunuz. Həmin deputatlar gərək könüllü olaraq öz mandatlarından imtina etsinlər. Çünki artıq o zal da bezib o qoca deputatlardan, o kürsülər də bezib, qapılar da bezib həmin qoca deputatların girib-çıxmasından. Gərək o deputatın bir az şəxsiyyəti, qüruru olsun ki, imtina etsin. Yaxşı, gənclərə yerimi mən verməyim, o qoca deputat verməsin, bəs kim versin? Gənclərə yolu kim açmalıdır? - Maraqlı məqama toxundunuz. İndi Azərrbaycanda istər hakimiyyət düşərgəsində, istərsə də müxalifətdə siyasi varislik, gənc nəslin siyasətə gəlişi məsələsi aktual mövzuya çevrilib...   - Bu məsələ bütün dünya ölkələrində olub. Bir çox sahələrdə islahat ola bilər. Ancaq kadr islahatları tədricən olmalıdır. Elə ölkələr var ki, onun parlamentində baxırsan ki, 300 nəfər deputat var, onun da 30 faizinin saçı ağappaq ağarıb, və ya başı keçəldir. Digər 30 faizin saçının yarısı ağarıb, qalanlar isə cavanlardır. Bu özü göstəricidir. Buna təcrübənin, biliyin ötürülməsi deyirlər. Bizdə həm hökumətdə, həm parlamentdə elə yaşlı kadrlar var ki, onlar qalmalıdır. Seçkiqabağı olduğuna görə adlarını çəkmirəm. Prezident Adminstrasiyasında da, Nazirlər Kabinetində də yaşlı nəslin nümayəndələri olmalıdır.  Amma 25-30 faiz olmalıdır. Təəssüf ki, bizdə gənc nəsli hazırlayan, yetişdirən elə bir qurum qalmayıb. - Dediyiniz bu problem yaşlı nəslin savadlı gənc kadrlara siyasi qısqanclığı ilə də izah edilir. - Mən burada qısqanclıq olduğunu deməzdim. Qısqanclıq olsa da onu keçmək mümkündür. Bunu bacaran gənclərimiz də var. Əvvəlki sistem yoxdur ki, gənclərə yol açsın. Baxmayaraq ki, çatışmazlıqlarımız xirtdəyə qədərdir, lakin inkişafımız da yüksək səviyyədədir.  - İddianız olmasa da seçkilərdə namizəd olmaq üçün sizə YAP-dan hər hansı bir təklif gəlmədi? - Yox, gəlmədi. Onlar bilirlər ki, məni ora dəvət eləmək düzgün olmaz. Ona görə ki, mən yeganə adamam ki, öz sözümü deyirəm. Söz verməsələr də sözümü deyirəm. Hətta Yeni Azərbaycan Partiyası yarananda Naxçıvana getmişdik. Mən söz almadan tribunaya çıxdım və çıxış etməyə başladım. O zaman Heydər Əliyev mənə dedi ki, “Axı, mən sənə söz verməmişəm, Maksim!”. Dedim yoldaş Əliyev, nə olar, bu dəfə söz verin, danışım. Ona görə də YAP-ın indiki icra katibliyində olanlar çox qorxaqdırlar. Qorxurlar ki, mən gələrəm, təklif verərəm, çatışmazlıqlardan danışaram və sairə. Bu da qorxaqlıq əlamətidir. Ancaq mən onlara kömək edə bilərəm. Partiyadan qaçası deyiləm. Partiyanın ağırlığını çiyinlərimizdə daşımışıq. - Partiyanın qurucuları ilə, məsələn “91-lər”dən kiminlə əlaqə saxlayırsınız? -Mən “91-lər”dən olmasam da partiyanın yaradıcıları ilə zəngləşirik. Bir-birimizin xeyir-şərində oluruq. Çətin günlərdə bir yerdə olmuşuq. Ona görə sözümüzü çəkinmədən deyirik. Cavanlar tənqiddən qorxurlar. Amma tənqid olan yerdə inkişaf olur. Tənqid olmayan yerdə kiflənmə gedir. Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları