Yuxarı

Milli Məclisdən Rusiyaya cavab

Milli Məclisdən  Rusiyaya cavab

 “İrəvan Azərbaycanın quberniyası olmalıdır”Fevralın 14-də Azərbaycan Milli Məclisin plenar iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ təklif olunub. Milli Məclis komitəsinin üzvünün seçilməsinə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə, Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılıb. İkinci oxunuşda “Hərbi vəziyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, iclası giriş sözü ilə spiker Oqtay Əsədov açıb.Komitə üzvlərinin sayı artırıldıİclasda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə yeni üzv seçilib. Qərara əsasən, millət vəkili Jalə Əliyeva Əmək və Sosial Siyasət Komitəsinin üzvü seçilib. Qeyd edək ki, J. Əliyeva MM-nin Mədəniyyət Komitəsində təmsil olunurdu.Fransaya etiraz çağırışıMillət vəkili Azay Quliyev bildirib ki, Fransa prezidenti Fransua Olland erməni diasporasıyla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində millətlərin öz gələcək müqəddəratını həll etmək prinsipindən asılı olduğunu deyib. A.Quliyev qeyd edib ki, Olland bununla açıq formada Ermənistanı dəstəkləyib: “Bu bəyanatın hakimiyyətinin son iki ayı qalmış verməsi sadəcə ermənilərin könlünün alınmasına hesablanıb. Son illərdə Qarabağa qanunsuz səfər edən Fransanın nümayəndələridir. Fransa Minsk Qrupunun üzvüdür. Bu ölkənin qrupdan uzaqlaşdırılması ciddi prosedur tələb edir. Odur ki, səfirlik tərəfindən etiraz notası təqdim edilməlidir. Notada Ollandın mövqeyinin Fransanın mandatına uyğun olmadığı öz əksini tapmalıdır. Azərbaycan tərəfi Fransa başçısının bu bəyanatına qarşı ciddi cavab verməlidir”. Millət vəkilinə cavab verən spiker Oqtay Əsədov Fransa prezidentinin bəyanatının Ermənistan KİV-ləri tərəfindən təhrif olunduğunu deyib: “Bəyanat ermənilər tərəfindən təhrif olunub. Yaydıqları hissə də münaqişəni qızışdırmağa hesablanıb. Amma sizinlə razıyam ki, onun çıxışında “Azərbaycanın ərazi bütövlüyü” ifadəsi işlənməyib”.İclasda Puşkinin şeiri deyildiMillət vəkili Səməd Seyidov çıxışında deyib ki, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Bakı Rusiyanın quberniyası olmalıdır” bəyanatını ciddiyə almaq lazım deyil: “Bu, qeyri-ciddi fikirdir. Amma Xocalı Soyqırımı ərəfəsində susmaq lazım deyil. Bakı yox, İrəvan quberniya statusuna tam uyğun gəlir. Amma Rusiyanın yox, Azərbaycanın quberniyası olmalıdır. Ermənistan qondarma dövlətdir. Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmalıdır. Çünki bu qondarma ölkə tarixi Azərbaycan ərazilərində yaradılıb”. Millət vəkili çıxışını rus dilində də təkrarlayıb və rus şairi Aleksandr Puşkinin ermənilər haqda şeirini deyib.İşbazlarla əlbir olan dövlət qurumlarıMillət vəkili Əli Məsimli ölkədə dolların ucuzlaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətlərində artımın hiss olunduğunu diqqətə çatdırıb. Ə.Məsimli qeyd edib ki, ölkədə əmək haqları və pensiyaların həcmi artırılıb: “İndi işbazlar əhalinin pensiya və əmək haqlarının artan hissəsini əllərindən almaq üçün qiymətləri süni şəkildə bahalaşdırırlar. Aidiyyəti qurumlar belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görməlidirlər. Əgər həmin qurumlar bu problemi diqqətə almasalar, həmin işbazlarla paralel məsuliyyət daşıyırlar”.Milli Şura və ErmənistanHaim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov bildirib ki, milli satqınlara qarşı görülən tədbirlər sərtləşdirilməlidir. S.Novruzovun sözlərinə görə, Azərbaycana qarşı erməni təxribatı davam edir: “Ermənistan daxilində iqtisadi tənəzzül və siyasi qarşıdurma baş verir. Bu ölkənin cinayətkar rejimi cəmiyyətin diqqətini bundan yayındırmaq üçün cəbhə bölgəsində təxribata əl atır, prosesləri bölgəyə daşıyır. Digər istiqamətlərdə də təxribatlara əl atırlar. Erməni diasporu bəzi şəxslər vasitəsilə özlərinin maraqlarına uyğun çıxışlar edir. Azərbaycandan olan bir sıra şəxslərin guya Ermənistandan vətəndaşlıq istəməsi də bura daxildir. Ermənistandan vətəndaşlıq istəyən qəzet rəhbəri vaxtilə Milli Şura adlanan bir dərnəyin təbliğatçısıydı. İndi görün, Azərbaycana kimlər rəhbərlik etmək istəyirdilər. Bütün bunları nəzərə alaraq, milli satqınlara qarşı sərt olmalıyıq”.Bələdiyyələrin 2016-cı il hesabatıİclasda bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzədə bildirilir ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub, bələdiyyə aktlarının ekspertizası aparılıb: “Ümumilikdə, vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə əlaqədardır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların aralarında olub. Müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyyələr verilib. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib. Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb”.Deputat nazirliyi “vurdu”Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik məruzəyə etiraz edib. A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu deyib. Millət vəkili qeyd edib ki, həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb: “Belə olmaz. Bəs Komitə iclasını niyə keçiririk? Ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha da artırılmalıdır”.Torpaq alveri ilə məşğul olan bələdiyyələrDeputat Siyavuş Novruzov təklif edib ki, bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır. S.Novruzov deyib ki, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür: “Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməsi üçün tövsiyyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğuldurlar, olmalıdırlar. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır”.“Onlar özlərini idarə rəisləri kimi aparırlar”Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, bir sıra bələdiyyə sədrləri özlərini idarə rəisləri kimi hiss edirlər. O, həmin bələdiyyə sədrlərinin bələdiyyə institutu haqda insanlarda mənfi rəy yaratdıqlarını diqqətə çatdırıb: “Bütün bunlar nəzərə alınmalı, bələdiyyə sədrlərinin fəaliyyətlərinə, yol verdikləri nöqsanlara diqqət artırılmalıdır. Bələdiyyələr ciddi institutdur. Lakin bəziləri özlərini idarə rəisi kimi hiss etdikləri üçün bu qaydaları pozurlar. Bu baxımdan ciddi fəaliyyət göstərən bələdiyyələrə dəstək vermək lazımdır ki, digərilərinin də fəaliyyətləri üçün əlavə stimul olsun”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları