Yuxarı

Gücsüz, yoxsa pulsuz müxalifət?

Gücsüz, yoxsa  pulsuz müxalifət?

  “Siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılmır” Zəlimxan Məmmədli: “Biz xalq hərəkatı dövründə sahib olduğumuz gücə maliyyə ilə yiyələn məmişdik” Ənənəvi müxalifətin durumu acınacaqlıdır. Bunun bir səbəbi alternativ fikrə dözümsüzlük göstərən, müxalif fikri təqib edən hakimiyyətdirsə, bir səbəbi də kreslodan dördəlli yapışmış liderlər, partiya sədrləridir. Maliyyə problemi də müxalifəti çıxılmaza dirəyən səbəblər sırasındadır. Ancaq para bu məsələdə əsas amil deyil. Azərbaycana müstəqllik qazandırmış Milli Azadlıq Hərəkatının rəhbər təşkialtı Xalq Cəbhəsinin gücü pulda yox, xalqın dəstəyində idi. AXC-nin də parası yox idi, ancaq SSRİ boyda imperiyaya qarşı mübarizə aparırdı. O vaxt meydanlara milyonlarla insan çıxırdı. Hər kəs vahid bir mərkəzdə birləşmişdi. Bu isə müxalifətin fövqəladə gücə sahib olmasına imkan verirdi. Bu gün isə vəziyyət fərqlidir. Bəzi “müxalifət liderləri”nin uzun illər partiya rəhbərliyində qalması, öz şəxsi ambisiyalarına xidmət etməsi xalqda müxalifətə qarşı inamı, etimadı zədələyib. Məhz bu kimi səbəblərdəndir ki, bu gün müxalifətin ətrafında birləşən, heç bir maraq güdmədən mübarizəyə qoşulanların sayı barmaqla sayılacaq qədərdir. “Cümhuriyət” qəzetinə şərhində Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq hərəkatının öncül simalarından olan Zəlimxan Məmmədli deyib ki, bu gün əsas problem Rəsulzadə-Elçibəy ideyalarının gündəmdən çıxarılmasıdır: “Müstəqillik haqqında” Konstitutsiya Aktı”nda da aydın şəkildə göstərilir ki, Azərbaycan Respublikası Xalq Cümhuriyətinin ideya-siyasi varisidir. Bu da çoxpartiyalı sistem, hakimiyyət bölgüsü və demokratik prinsiplərin cəmiyyətdə aparıcı olması deməkdir. Təəssüflər olsun ki, Məmməd Əmin Rəsulzadə ideyaları yalnız 1992-93-cü illərdə aparıcı oldu və ondan sonra bu Elçibəy hakimiyyətini devirən  qüvvələr bu ideologiyanın məhvi ilə məşğul oldular. İndi də Rəsulzadə-Elçibəy ideyaları dışlanır, təqib olunur və onu siyasi gündəmdən çıxarmağa çalışırlar. Siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılmır. Siyasi partiyalar qərargahla təmin olunmalı, partiyalara bərabər şərait yaradılmalı idi. Ədalətli seçkilər keçirilməli idi. Seçkilərdə kim çox səs toplasaydı, dövlət büdcəsindən daha çox maliyyə almalı və özünü daha da gücləndirməli idi. Siyasi rəqabət mühiti yaradılmalıdır. Bütün bunlar həyata keçirilsəydi, Azərbaycan Avropa ailəsinin ən layiqli üzvlərindən biri olardı. Ancaq biz bunların heç birini görmədik. Bu cür məhrumiyyətlərə baxmayaraq şükürlər olsun ki, hələ də Azərbaycanda müxalifət adlana biləcək təşkilatlar fəaliyyət göstərir. Destruktiv qüvvələri himayə edən İran, Rusiya bütün səylərə baxmayaraq milli düşüncəni, Rəsulzadə-Elçibəy irsini tamamilə məhv edə bilmədilər. Düzdür, müəyyən qədər zəiflədə, əyə bildilər, amma sındıra bilmədilər. Azərbaycan nicat, bütövlük istəyirsə, yol vahiddir, birdir. Bu yol da Rəsulzadə-Elçibəy yoludur”. Zəlimxan Məmmədli hesab edir ki,  partiyaların xarici təşkilatlardan maliyyə alması qəbuledilməzdir: “Biz xalq hərəkatı dövründə sahib olduğumuz gücə maliyyə ilə yiyələnməmişdik. Bu millətin ruhu, gücü idi. Heç kim etdiyi fədakarlıqlara görə qarşılıq gözləmirdi. Bu baxımdan mən xarici donor təşkilatlardan maliyyə yardımı alan siyasi təşkilatlara yaxşı baxmıram. Eyni zamanda insanlar öz şəxsi vəsaiti hesabına hərakata dəstək verirdilər. Məsələn, mən özüm Şuşanın müdafiəsi üçün 1 maşın silahı, gecəgörmə cihazları və digər hərbi sursatları öz cibimin hesabına göndərmişdim. Bunu Daxili İşlər Nazirliyi və aidiyyatı qurumlar çox gözəl bilirlər. Yəni, bizim üçün vətən öncə gəlirdi. Amma siyasi partiyalara dövlət öz hesabına maliyyə yardımı etməlidir”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları