Yuxarı

Elçibəy əleyhdarlarına hərəkatçılardan etiraz

Elçibəy əleyhdarlarına hərəkatçılardan etiraz

Fərəc Quliyev: ”Rus qoşunlarının Azərbaycandan çıxarılması, Xalq Hərəkatının və bu hərəkatın başında duranların xidməti idi”

Sülhəddin Əkbər: ”Elçibəyin rus qoşunlarının Azərbaycandan çıxarılmasında müstəsna xidmətləri var”

Zəlimxan Məmmədli: ”Qatığa qara deməyə nə ehtiyac var?”

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Facebook səhifəsində guya mərhum prezident, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin SSRİ KQB-si qarşısında öhdəlik götürməsinə dair sənəd yayıb. Cebhe.info xəbər verir ki, o, yaydığı sənəd əsasında Elçibəyin ”KQB agenti” olduğunu iddia edib. Sənəddə qeyd olunur: ”Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü doğrultmaq üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi siyasi xəttini ardıcıl müdafiə edib onun həyata keçirilməsinə səylə çalışacağam. Xahiş edirəm ki, qanun daxilində mənim Sov.İKP sıralarında qalmağıma kömək göstərəsiniz”. Qeyd edək ki, Nemət Pənahlı yaydığı əlyazmadakı bu fikirlərin Əbülfəz Elçibəy tərəfindən 1975-ci ilin fevral ayının 6-da yazıldığını iddia edib.

Elçibəy əleyhinə ”Milli Təşəbbüs Qrupu”

Tanınmış publisist, mifoloq alim Bəxtiyar Tuncay da öz Facebook səhifəsində Elçibəyə qarşı absurd iddia ilə çıxış edib. O, Azərbaycan Xalq Cəbhəsinin yaradılması təşəbbüsünün Əbülfəz Elçibəydən yox, Araz və Zərdüşt Əlizadə qardaşlarından gəldiyini iddia edib. B.Tuncay həmçinin rus qoşunlarının Azərbaycandan çıxaran şəxsin Xalq Cəbhəsinin lideri olmadığını yazıb. Bundan əvvəl Nemət Pənahlı da belə bir iddia ilə çıxış etmişdi. Keçmiş müdafiə naziri Rəhim Qazıyevdən də B.Tuncay və N.Pənahlıya dəstək gəlib. R.Qazıyev iddia edir ki, rus qoşunlarının Azərbaycandan çıxarılması üçün Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçovla Şəkidəki ata evində razılaşıb. O, burada Elçibəyin heç bir rol oynamadığı iddiasının da üzərində dayanıb.

Xatırladaq ki, bu günlərdə Nemət Pənahlı, Bəxtiyar Tuncay, Rəhim Qazıyev və digərlərinin iştirakı ilə  ”Milli Təşəbbüs Qrupu” yaradılıb. Qrupun əsas missiyası Xalq Cəbhəsi hakimiyyəti dönəmində Azərbaycanın siyasi həyatında baş verən proseslərə dair ”faktları” üzə çıxarmaqdır.

”Onlar hərəkatı gözdən salmaq üçün hər yola baş vururlar”

Azərbaycan Xalq Cəhbəsi İcraiyyə Komitəsinin sabiq sədri,  Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) lideri, millət vəkili Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında mərhum dövlət başçısına qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. F.Quliyev qeyd edib ki, bunlar Elibəyə qarşı olan qərəzli münasibətlərdir: ”Əgər rus qoşunlarının Azərbaycandan çıxarılmasında Əbülfəz Elçibəyin rolu olmayıbsa, bəs kimin rolu olub?! Onlar Xalq Hərəkatını gözdən salmaq üçün hər yola baş vururlar. Biz o zaman ilk dəfə Ordubadda Sərhəd Qoşunlarını təhvil götürən Xalq Cəbhəsinin rayon şöbəsi olmuşuq. Həmin vaxt rus qoşunlarının əmlakının milliləşdirilməsi üçün hər yerə əl atmışdıq. Ağır şərtlər, böyük təzyiqlər altında bu işləri görürdük. Ruslar bizim ”UAZ” markalı avtomobilmizə 40-a qədər güllə atdılar. Rusların hərbi hissələrindən bu əmlakları almağa gedəndə silahlı qarşıdurmalar olmuşdu. Yəni, rus qoşunlarının Azərbaycandan çıxarılması birbaşa Əbülfəz Elçibəy və onun rəhbərlik etdiyi hərəkatın xidmətidir”. 

MDH liderinin sözlərinə görə, Rusiya kimi böyük bir imperiyanın ordusunu heç kəs öz ərazilərindən çıxara bilmirdi: ”Suriya və digər dövlətlər də o dönəmdə bunu bacarmadılar. Ruslar ayaqlarını hara qoysalar, oradan çıxmaq istəmirlər. Rusiya Dağlıq Qarabağ kimi bir problem yaradıb, indiyədək də həll olunmasını istəmir. Başqa sözlə, Rusiya öz xoşuyla girdiyi yerdən çıxmaq istəməyən imperiyadır. Rus qoşunlarını kim çıxardı, özü çıxdı? İndi bu prosesin baş verdiyi vaxt qaçıb gizlənən, bu hadisədə iştirak etməyən adamlar Xalq Hərəkatını gözdən salmaq üçün hər şeyə əl atırlar. Amma bu tarixdir və bunu dəyişmək mümkün deyil. Bu tarixi millət olaraq, biz yaratmışıq. Biz 1989-cu ildə apardığımız mübarizəyə görə dünyada ”İlin xalqı” adını almışıq. İndi də kimin nə deməsindən asılı olmayaraq, rus qoşunlarının Azərbaycandan çıxarılması, Xalq Hərəkatının və bu hərəkatın başında duranların xidməti idi”.

”Əlavə şərhə ehtiyac yoxdur”

Azad Demokratlar Partiyasının sədri, AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər irəli sürülən ittihamların yanlış olduğunu, Elçibəyin rus qoşunlarının Azərbaycandan çıxarılmasında müstəsna xidmətlərinin olduğunu bildirib. S.Əkbər bu məsələnin arxivlərdəki sənədlərdə yer aldığını diqqətə çatdırıb: ”Bu iddiaların heç biri faktlara əsaslanmayıb. Çünki böyük militarist bir dövlətin qoşunlarının ölkə ərazisindən çıxarılması ancaq dövlət səviyyəsində mümkündür. Həmin dönəmdə də dövlət başçısı Əbülfəz Elçibəy olub. Bu prosesdə onun xidmətləri də danılmazdır. Kimsə onun bu xidmətlərinin üzərinə kölgə sala bilməz. Bu, artıq bir tarixdir, əlavə şərhə ehtiyac yoxdur”.

”Qatığa ”qara” deməyə nə ehtiyac var?”

”Borçalı” Cəmiyyətinin sədri, Xalq Cəbhəsi hakimiyyəti dönəmi Xətai rayon İcra Hakimiyyətinin başçısı Zəlimxan Məmmədli Cebhe.info Elçibəyə qarşı bu ittihamları irəli sürənləri ”dəli” adlandırıb. Z.Məmmədli deyib ki, məsələnin yenidən gündəmə gətirənlər cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmağa çalışırlar: ”Bu sözü ancaq dəlixanada dəlilər deyə bilərlər. Bu tarixdir. Proses zaman-zaman dövrü mətbuatda işıqlandırılıb. Elçibəy hakimiyyətdə olan dönəmlərdə bununla bağlı açıqlamalar, müsahibələr verib. Qatığa qara deməyə nə ehtiyac var? İndi bir dəstə adam ictimai fikri əsas məsələlərdən yayındırmaq üçün Elçibəy və dönəmin hadisələrini gündəmə gətirir. Bizim milli hakimiyyətimizin ən böyük uğurlarından biri, müstəqilliyimizi saxlamaqla əcnəbi bir ölkənin qoşunlarının Azərbaycandan çıxarmasına nail olmaqdır. Əlbəttə, uğurlarımız kifayət qədər çoxdur. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətində həyata keçirdiyi islahatlar 1990-cı illərdə Əbülfəz Elçibəy tərəfindən yenidən reallaşdırıldı. Bunu danmaq başqalarının maraqlarına uyğundur. Hər halda bu Azərbaycanı sevməyən, bu dövlətə qənim kəsilən, xırda hisslərlə yaşayan düşərgələrin işi ola bilər”.

Mənsur Rəğbətoğlu
Cebhe.info





Həftənin ən çox oxunanları