Yuxarı

AXCP sədrinin gənclərlə bağlı çağırışı rezonans doğurdu

AXCP sədrinin gənclərlə bağlı çağırışı rezonans doğurdu

Azərbaycan gəncləri ölkəni niyə tərk edir?


Əli Orucov: "Hökumətə də elə bu lazımdır ki, fəal gənclik ölkəni tərk etsin”

 

Ehtiram Mehtiyev: "Gənclərimiz mitinqlərdə, aksiyalarda bir-iki şəkil çəkdirib Avropa həyatına üz tutmalı olurlar

 

Ölkədə yaranmış ağır sosial-iqtisadi böhran gənclərin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olur. Bu tendensiyanın artan templə davam etməsi ölkə gələcəyi üçün ciddi problemlər yaradır. Bu məsələ ötən bazar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin gənclərlə keçirdiyi görüşün əsas mövzusu idi. AXCP sədri tədbirdə geniş çıxış edərək gənclərin üzləşdiyi problemlərdən, ölkədəki ağır durumdan bəhs etdi. Razi Nurullayev həmçinin gəncləri ölkəni tərk etməməyə, birləşməyə və birgə mübarizəyə səslədi:


"Bu gün bizə rəva görülən həyatla barışmayacağıq. Azərbaycan və onun gəncliyi bu həyata layiq deyil. Gənclik Azərbaycanda xoşbəxt ola bilmirsə, biz buna göz yuma bilmərik. Əbülfəz Elçibəy bütöv Azərbaycan ideyasını ortaya qoydu. Biz bu ideyanı həyata keçirmək istədiyimiz bir vaxtda 20 faiz torpaqlarımız işğal altındadır. Yumruq kimi birləşəcəyimiz zaman bu ideyanı həyata keçirə biləcəyik. İndi bu mümkün deyil, çünki siyasətə hiylə qarışıb, şəxsi maraqlar ön plandadır. Gənclərin arzuladığı Azərbaycanda yaşamaq üçün birləşmək lazımdır. İlk gündən demişik-bizim üçün Azərbaycanın gələcəyi vacibdir, mənim üçün və sizin üçün şəxsi maraqlar ön planda olmamalıdır. Buna görə deyirəm ki, biz bu kəfəni boynumuza geyinmişik, ya şəhid olacağıq, ya da bu gənclərin istədiklərini onlara verəcəyik. Bu gənclik Qarabağda öz həyatını itirən gənclikdir. Hansı məmurun övladı döyüşlərdə yaralanıb? Biz istəmirik onlar yaralansınlar, amma xalqın gözləri qarşısında harınlamağa ehtiyac yoxdur, bu, gəncləri işsiz olan xalqa təhqirdir. Gənclərə bu həyatı rəva görənlər onları qul haqqına işlədirlər. Biz istəmirik ki, ailəsini dolandırmaq istəyən gənclər təhsilini kənara qoyub işləməyə məcbur qalsınlar. Biz bununla barışa bilmərik. Bir gəncin ümidi yoxdursa, onun gələcəyi də yoxdur”.

 

"Xalqın genefondu məhv edilir”

 

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, gənclərin ölkəni tərk etməsinin bir sıra səbəbləri var. Bu ilk növbədə sosial, məişət problemlərilə bağlıdır:


"Azərbaycanda istədikləri kimi yaşaya, həyatlarını qura bilmirlər. Eyni zamanda gələcəkləri ilə bir sıra narahatçılıqları var. Azərbaycan gəncliyi daha praqmatik düşünür. Gənclər görür ki, ölkədə qurulan sistem onların irəli getməsini, karyera qurmasını xeyli dərəcədə məhdudlaşdırır. Eyni zamanda Azərbaycanda gənclərə qarşı münasibət fərqlidir, gənclər sıxışdırılır. Gənclər qrup yaratmaq, ideyalar vermək, yeniliklər gətirmək istəyir. Azərbaycanda isə bu təşəbbüslər boğulur. Azərbaycan gəncliyi çalışır ki, öz istedadını, potensialını üzə çıxarsın və gələcəyini qursun. Bütün bunlar gələcək üçün hesablanmış addımlardır. Gənclər də öz gələcəklərinə təminat yaratmaq istəyir. Azərbaycanda bunları etmək mümkün deyil. Hökumət bu gün gənclərlə bağlı keçirdiyi layihələrin təbliğatını, reklamını aparır. Amma bunlar müəyyən inhisarlaşmış qurumların əlində pul qazanmaq üçün bir vasitədir. Ona görə də gəncliyin Azərbaycanda gələcəyə inamı sıfıra bərabərdir. Bu baxımdan gənclərin əlinə imkan düşən kimi, ölkədən qaçırlar. Doğrudur, gənclərin getdiyi ölkələrdə də onları "hamar” həyat, yaşayış gözləmir. Onlar getdikləri ölkələrdə də çox ciddi problemlərlə üzləşirlər. Gənclər isə düşünür ki, xarici ölkələrdə çətinlik müvəqqətidir və hardasa vəziyyətdən çıxış yolu var. Azərbaycanda isə işıq yolu da görünmür. Bu baxımdan da gənclərin ölkəni tərk etmək istəyi günü-gündən daha çox artır. Bu çox təhlükəli prosesdir. Çünki, ilk növbədə xalqın genefondu məhv edilir. Əgər ölkədə gənc nəsil yoxdursa, demək ki, o dövlətin gələcəyi yoxdur. Təəssüflər olsun ki, Azərbaycan hökuməti bu problemə çox səthi yanaşır. Bəlkə hökumətə də elə bu lazımdır ki, fəal gənclik ölkəni tərk etsin və onlara geniş meydan yaransın”.

 

"Gəncləri mübarizəyə səsləyirik”

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev isə bildirib ki, gənclərin ölkəni tərk etməsində ənənəvi müxalifət partiyalarının da rolu var. Onun sözlərinə görə, mitinqlərdə şəkil çəkdirib "müxalifətçi” kimi mühacirətə getmək üçün məhz bu siyasi təşkilatlar onlara zəmin yaradır:


"Bu gün Azərbaycanda baş verən hadisələr, işsizlik milyonlarla insan üçün əlverişli deyil. Ölkəni tərk etməyə vadar edən səbəblərdən geniş danışmaq olar. Amma bu bəraət qazandırmır ki, doğma ölkəni problemlərlə baş-başa buraxıb, xarici dövlətdə asan yaşayış şəraiti axtarasan. Ölkəni tərk edib mühacir həyatı seçənlərin əksəriyyəti də gənclərdir. Gənclər görürlər ki, ölkədə öz potensiallarından istifadə etmək üçün şərait yoxdur. Burda təhsil faktoru da var. 600-dən yuxarı bal yığan tələbələr ali məktəbi bitirdikdən sonra iş tapa bilmirlər. Bu şəraiti axtarmaq üçün isə gənclərimiz Almaniya, İsveçrə, İsveç, Kanada, Fransada yaşamağı seçirlər. Mühacir həyatı seçənlərin içərisində siyasi mənsubiyyəti olanlar çoxluq təşkil edirlər. Şübhəsiz ki, bu tipli şəxslərin ölkədən getmələrində siyasi partiyalar da əsas rol oynayırlar. Belə ki, gənclərimiz mitinqlərdə, aksiyalarda bir-iki şəkil çəkdirib Avropa həyatına üz tutmalı olurlar. Gedə bilməyənlər də getmək arzusu ilə yaşayırlar. Bəs bu ölkənin dərdini kim çəkəcək? Kim bu rejimi dəyişmək üçün mübarizə aparacaq? Bu kimi sualların cavabını Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev aprelin 30-da partiyanın gənc üzvləri, o cümlədən, siyasi mənsubiyyəti olmayan gənclərlə görüşündə xüsusilə vurğuladı. "Biz gənclərimizin mitinqlərdə şəkil çəkdirib Fransa və digər dövlətlərə getmələrini istəmirik. Məhəmməd Əmin Rəsulzadə Azərbaycandan şah əsər yaratdı. Bugünkü Azərbaycan Rəsulzadənin şah əsəridir. O, bizə sərhədləri bəlli dövlət qoyub gedib".  Gənclər ölkənin hərəkətverici qüvvəsidir. Gəncliyin gücündən səmərəli istifadə edilsə, ölkə də tərəqqi edər, həyata baxış da dəyişər. AXCP olaraq amalımız ölkədə güclü, iradəli, intellektual gənclik yaratmaqdır. Gəncləri Azərbaycanı sevməyə, demokratik dəyərlər uğrunda mübarizəyə səsləyirik. Gənclər bu ölkənin sabahı, hakimiyyətin sahibidir”.


Vilayət Muxtar





Həftənin ən çox oxunanları