Yuxarı

Müxalifətdə qocalan ənənəvi müxalifət

Müxalifətdə qocalan ənənəvi müxalifət

Vüsal Qarayev: "Müxalifətdəki diktatorlar tədricən sıradan çıxacaqlar”

Əli Orucov: "İqtidarın özünün də marağında deyil ki, yeni düşüncəli insanlar meydana çıxsın”

Tural Abbaslı: "Ənənəvi müxalifət yeni simaların üzə çıxmasına imkan vermir”

MDB ölkələrinin siyasi həyatında ənənəvi müxalifəti təmsil edən simalar qalmayıb. Artıq bu ölkələrin əksəriyyətində cəmiyyətin avanqard siyasi qüvvəsi gənclər və yeni nəsil siyasətçilərdi.  Məsələn, Rusiyada müxalif cameədə öndə olan sima gənc siyasətçi Aleksey Navalnıdır. Gürcüstanda son dövrlər bir neçə dəfə müxalifət liderləri yenilənib. Ukraynada "Maydan” hadisələrində müxalifətə yeni simaların liderlik etdiklərini gördük. Hətta Ermənistanda da ənənəvi müxalifətin vitrini yenilənib. MDB ölkələrindən yalnız Azərbaycanda 90-ların ənənəvi müxalifəti hələ də "fəaliyyət”dədir. 

"Müxalifət öz iqtidarına oxşayır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev deyib ki, bu gün ənənəvi müxalifətə liderlik edənlər ələ saldıqları nazirlərlə bir vaxtda partiya rəhbərliyinə gələnlərdir: "Müxalifət öz iqtidarına oxşayır. Sirr deyil ki, bu gün ənənəvi müxalifət liderlərinin hər birinin arxasında hakimiyyətdə təmsil olunan bir vəzifəli şəxs durur. Yəni, bu o deməkdir ki, nə qədər ki, hakimiyyətdəki qocalar, ahıllar kreslolarını, vəzifələrini təhvil verib, gənclərə yol açmayacaqlar, deməli, bu illərdir müxalifəti zəbt edən şəxsləri himayə edəcəklər və müxalifətimiz də eyni acınacaqlı durumda qalmaqalda davam edəcək. Birinci növbədə hökumətdə gəncləşmə siyasəti aparılmalıdır.

Yalnız bu zaman müxalifətdəki diktatorlar da himayəsiz qaldıqları üçün istər-istəməz yavaş-yavaş sıradan çıxacaqlar. Lakin gəncləşməyə gedən, bu işartıları göstərən siyasi partiyalar da var. Məsələn, AXCP. Bizim bu gün əsas hədəflərimizdən biri də gəncləşmə siyasətidir. Təsadüfi deyil ki, biz partiyanın nizamnaməsinə dəyişiklik edib, sədrlik müddətinə limit gətirdik. Dəyişiklik olmayan yerdə inkişaf mümkünsüzdür. Bu o demək deyil ki, bizim təcrübəli insanlara ehtiyacımız yoxdur. Xeyr, onlardan yararlanmalıyıq, lakin gənclərə yol vermək, gənclərin önünü açmaq lazımdır ki, yenilik və inkişaf olsun”.

"Siyasi sistemin günahıdır”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, müxalifət nəsil dəyişikliyinin gecikməsi siyasi sistemin günahıdır. Onun sözlərinə görə, yeni qüvvələrin siyasətə gəlməsinə nə hakimiyyət, nə də ənənəvi müxalifət imkan verməyəcək:

"MDB məkanında müxalifət, hakimiyyət yenilənir, yeni siyasi qüvvələr, liderlər gəlir. Amma Azərbaycanda nə hakimiyyət, nə də müxalifət dəyişir. Azərbaycanda köklü dəyişiklikləri görə bilmirik. Bunun səbəbini Azərbaycanda formalaşmış siyasi sistemdə axtarmaq lazımdır. İqtidarın özünün də marağnda deyil ki, yeni düşüncəli insanlar meydana çıxsın, liderlər yetişsin. Çünki, üzdə olan ənənəvi liderlərlə iqtidarın maraqları toqquşur.

Bu mənada ki, bunlar çalışırlar hərəsi öz çapında yürütdükləri siyasətini inhisarda saxlasınlar. Bunun özü çox təhlükəli məqamdır. Həmin qüvvələrin özü də heç bir effektli iş görə bilmirlər. Köhnə müxalif simalar artıq öz dövrlərini başa vurublar. Hesab edirəm ki, yeni qüvvələrin özü bu məhdud çərçivədən çıxmaq üçün özlərinə yol açmalıdırlar. Onların siyasi meydanda olmalarına nə hakimiyyət, nə də ənənəvi müxalifət liderləri imkan verəcək”.

"Gənclərə süni əngəllər yaradılır”

Ağ Partiyanın  sədri Tural Abbaslı isə qeyd edib ki, ənənəvi müxalifət yeni simaların üzə çıxmasına imkan vermir. Onun sözlərinə görə,  ənənəvi liderlər əllərində olan  resurslardan istifadə edərək perspektivli gəncləri partiyadan uzaqlaşdırır:

"Ənənəvi liderlər  bəhanə edir ki, gəlin, əvəz edin bizi, biz niyə gedək? Amma artıq sübut olunub ki, partiyalarda üzə çıxan gənclərə qarşı həmin şəxslər tərəfindən süni əngəllər yaradılır. İllərdir ki, həmin liderlər əldə etdikləri resurslardan istifadə edərək gənc prespektivli şəxsləri partiyalardan kənarlaşdırırlar. Əslində bununla da partiyaları qısırlaşdırırlar, məhsuldarlıq  azalır. Azərbaycan siyasəti bugünkü vəziyyətinin  60 faiz günahı hakimiyyətdədirsə, 40 faizi günahı da ənənəvi müxalifətdədir. Onlar siyasəti ölü vəziyyətə gətiriblər. Düşünürəm ki, hakimiyyət də ənənəvi müxalifətin qalmasında maraqlıdır. Çünki, uzun illərdir ki, onları tanıyırlar, öyrəşiblər. Fəaliyyətlərini, atacaqları addımların dərəcəsini artıq bilirlər.

Bu baxımdan da yeni simaların çıxmasında maraqlı deyillər. Zaman-zaman çıxmaq istəyən gənc liderlər həm hakimiyyətlə, həm də müxalifətlə vuruşmalı olur. Bu da çox çətin olur. Buna görə də yeni müxalifətin üzə çıxması Azərbaycanda çox çətin prosesdir. Digər ölkələrdə yeni müxalifətin çıxmasına partiyalar özləri şərait yaradır. Amma Azərbaycanda bu mümkün deyil. Artıq Azərbaycan xalqı özləri də köhnə simalardan yorulub. Odur ki, artıq yeni müxalifətin meydana çıxması üçün sosial sifariş var. Proses artıq təbii şəkildə baş verir. Ənənəvi liderlər istəsə də, istəməsə də bu proses təbii şəkildə gedəcək və yaxın gələcəkdə real olaraq bunun şahidi olacağıq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları