Yuxarı

Vizasız Avropa arzusu

Vizasız Avropa arzusu

Ələsgər Məmmədli: "Azərbaycan Aİ-yə qəbul olunmaq üçün müəyyən islahatlar aparmalıdır”

Rauf Zeyni: "Azərbaycan müsəlman və türk ölkəsi olduğu üçün...”

Bir müddət öncə Avropa İttifaqı Gürcüstanla viza rejimini ləğv etdi. Növbəti belə addımın Ukrayna ilə bağlı atılacağı söylənilmişdi. Şuranın mətbuat bəyannaməsində qeyd olunur ki, hazırda Avropa Birliyinin bu qərarını Avropa Parlamentinin üzvü Antonio Tayani və Maltanın Avropa Birliyindəki təmsilçisi baş nazir Cozef Muskat imzalamalıdır. Daha sonra onu Avropa Birliyinin rəsmi saytı dərc etməlidir. Qanun layihəsi dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.

Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, ukraynalılar iyun ayından etibarən Avropaya vizasız gedib-gələ biləcək. O, Ukraynaya vizasız rejimin təqdim olunmasını bu ölkə üçün "Berlin divarları”nın yıxılması hesab edib.

Avropa ölkələrinə vizasız gediş-gəliş Gürcüstan və Ukrayna vətəndaşlarına bu ölkələrə axın etmək üçün münbit şərait yaratdı. Azərbaycan vətəndaşları da belə bir qərarın qəbul edilməsini səbirsizliklə gözləyir. Lakin təəssüflər olsun ki, bu istiqamətdə hansısa addımlaırn atılması düşünülmür. Ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin təmin olunması üçün isə qarşıda bir neçə maneə var. Bu maneələr hansılardır ki, Azərbaycan səddi aşa bilmir. Bunu araşdırdıq.

Hüquqşünas Ələsgər Məmmədli Cebhe.info-ya öncəki açıqlamalarında da bildirib ki, Gürcüstan demokratik islahatlar apardığı üçün qarşısındakı maneələri aşıb. Azərbaycanda isə bu istiqamətdə hər hansı yenilik yoxdur. Ölkədə siyasi dustaqların olması, söz azadlığının boğulması Azərbaycanın Avropa İttifaqına qəbul olunmasında böyük maneəyə çevrilib. Ə.Məmmədlinin sözlərinə görə,  viza məsələsinin ləğvi də Azərbaycanın istəyinə bağlıdır. Hökumət cəhd edərsə, buna nail ola bilər:

"Azərbaycan istəyərsə, ölkə vətəndaşlarının Şengen ölkələrinə vizasız gediş-gəlişi təmin edilə bilər. Lakin Azərbaycan hökuməti bu istiqamətdə hansısa addım atmayıb. Azərbaycan Avropa İttifaqının qoyduğu öhdəlikləri yerinə yetirməkdə həvəsli görünmədi. Lakin ölkəmizdən fərqli olaraq Gürcüstan Avropa İttifaqına üzvlük üçün islahatları həyata keçirir. Bu gün Gürcüstanda sistemli şəkildə yenidənqurma işləri görülür. Azərbaycanda isə davamlı olaraq söz azadlığı və digər siyasi məsələlərlə bağlı problemlər müşahidə edilir”.

Azərbaycanın Avropa İttifaqına qəbul olunmamasına səbəb olan amillərdən biri də Rusiyaya meyilli siyasət yürütməsidir. Qərb Azərbaycanı Rusiyayönümlü siyasətdə təqsirləndirir. 

Ə.Məmmədli Azərbaycanın Aİ-yə qəbul olunmamasında Rusiyanın əsas amil olduğunu vurğulayır. Digər əsas problemlər daxili islahatların aparılmamasında, ölkədə boğulan söz azadlığındadır: "Təəssüflər olsun ki, hökumət demokratik islahatların aparılması istiqamətində hansısa addım atmır. Azərbaycan Aİ-yə qəbul olunmaq üçün müəyyən islahatlar keçirməlidir. Əslində bu islahatlar heç bir təhlükə vəd etmir. Azərbaycanın əsas problemi insan hüquqları və azadlığı, azad seçki və iqtisadiyyatın liberallaşması ilə bağlıdır. Bütün bu məsələlərin həlli toplum üçün çox önəmlidir. Təəssüf ki, toplumun bu ehtiyacları qarşılanmır”. 

Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni isə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Avropaya inteqrasiya ölkəmiz üçün prioritetlərdən biridir: "Azərbaycanın Avropa İttifaqına qəbul olunması istiqamətində danışıqlar gedir. Düşünürəm ki, bunun üçün bir sıra məsələlər müzakirə olunmalıdır. Azərbaycanın Avropa İttifaqına daxil olması, Şengen ölkələri ilə vizasız gediş-gəlişin olması müsbət addım olar”.

R.Zeyni hüquqşünas Ələsgər Məmmədli ilə həmfikir deyil. R.Zeyni iddia edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biri kimi Aİ üçün də mühüm tərəfdaşdır: "Düşünürəm ki, Avropa İttifaqı üçün də tərəfdaşlıq əsas amildir. Aİ-yə daxil olmaq üçün əsas problemlər dünyada gedən qlobal məsələlər, ölkələrarası balanslı siyasətdən asılıdır. Azərbaycanın Aİ-yə daxil olması, həmçinin Şengen ölkələrinə vizasız gediş-gəlişin təmini istiqamətində əsas problemlər qeyd etdiyiniz xırda problemlər, yəni, söz azadlığının boğulması deyil, daha irimiqyaslı qlobal problemlərdir. Türk və müsəlman ölkəsi olduğumuz üçün bizə ikili mövqe nümayiş etdirirlər. Uzun illərdir ki, Türkiyənin AB-yə üzv olması üçün bir çox maneələr ortaya çıxıb. Bu problemlər hələ də həllini tapmayıb. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın AB ilə münasibəti daha da tənzimlənməlidir”.

R.Zeyninin sözlərinə görə, Azərbaycan müsəlman və türk ölkəsi olduğu üçün ona qarşı ikili mövqe sərgilənir. Bu gün ölkə vətəndaşlarının vizasız gediş-gəlişi üçün həm qlobal, həm də daxili problemlər var.

R.Zeyni də vurğulayıb ki, əsas daxili problemlər aradan qaldırılmalıdır: "Rüşvətxorluq, korrupsiyanın qarşısının alınması istiqamətində davamlı tədbirlər görülməli, söz azadlığı qorunmalıdır. Vətəndaş cəmiyyətinin inkişafı zəruridir”.

Qeyd edək ki, Ukrayna ilə vizasız rejim danışıqları 2008-ci ildən aparılır. Artıq sovet məkanından çıxan Gürcüstan və Ukrayna vətəndaşları işləmək hüququ olmadan yarım ildə 90 gün səyahət edə biləcək. Bununla yanaşı, ukraynalılar Avropa Birliyinə daxil olmayan, lakin şengen zonasına daxil olan daha 4 ölkə - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə vizasız gedə biləcəklər. Onu da qeyd edək ki, Gürcüstanla vizasız rejimin tətbiqi barədə danışıqlar 2012-ci ildən aparılıb, bu ilin martın 28-də qərar qüvvəyə minib. 

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları