Yuxarı

Rusiyanın Azərbaycan iştahı

Rusiyanın Azərbaycan iştahı

Zəlimxan Məmmədli: "Putinin hədəfi Azərbaycanı ram etməkdir”

Rusiya Azərbaycana qarşı təzyiqləri gücləndirib. Bu günlərdə orduda yaşanan xəyanət olayları, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) ləğv edilməsi haqqında qərar Moskvanın ölkəmizə qarşı qəzəbləndiyini göstərir.

"Borçalı” İctimai Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyanın hədəfi Azərbaycanı öz quberniyasına çevirməkdir. Z.Məmmədlinin sözlərinə görə bu Rusiyanın imperiya maraqlarından irəli gələn məsələdir:

"Bu təfəkkür Rusiyada yeni deyil. Rusiya heç vaxt demokratikləşmədi, imperiya maraqlarından əl çəkmədi və qonşuları ilə normal münasibət qurmaq istəmədi. Putinin özü də mahiyyətcə aqressivdir və hədəflərindən biri Azərbaycanı ram edərək Qafqaz üzərində hegemonluğu əldə etməkdir. Azərbaycanda milli hakimiyyətin devrilməsində də məhz bu amil durur. Qafqazda bütün bu və ya bu kimi prosesləri maliyyələşdirən, ideya verən və təşkil edən mərkəz Kremldir. Ona görə də Rusiyadan Azərbaycanın milli maraqlarına nəsə bir fayda gözləmək absurddur. Rusiya hələ də imperiya təfəkkürü ilə region ölkələrini, xüsusilə də Azərbaycanı ram etmək istəyir.

Rusiyanın əsas hədəfi məhz budur. Azərbaycan cəmiyyəti də buna hazırlaşmalıdır. Azərbaycan cəmiyyətini aldatmaq istəyənlər var. Guya Nizamini, Füzulini və digər böyük şəxsiyyətləri Rusiya yetişdirib. Dövlətlər quran, imperiyalar yaradan xalqın qolundan Rusiya tutmuşdu? Təbii ki, yox. Rusiya Azərbaycanı yalnız bölməklə məşğul olub və ondan sonra da Azərbaycan bölünə-bölünə gedib. Nəticədə Ermənistan qurulub və Güney Azərbaycan İrana verilib. Bu iki faktor indi də bölgəni təhdid edən amildir. Amma niyəsə bəzi "vətənpərvərlər” hələ də Rusiyaya təriflər yağdırır və Azərbaycanın nicat yolunun Rusiyada olduğunu deyir. Amma həmin adamlar Rusiyaya bağlı olan, ruspərəst təbliğat üçün öhdəliklər götürənlərdir. Bu şəxslər arasında "5-ci kolon”la yanaşı, deputatlar da, rəsmilər də var”.

Zəlimxan Məmmədli vurğulayıb ki, Rusiyadan Azərbaycanın milli maraqlarına uyğun təklif, Qarabağ probleminin həlli istiqamətində müsbət addım gözləmək absurddur, cəfəngdir: "Bunlar ancaq 3 rəngli bayrağın enməsindən sonra ola bilər. Bu isə Azərbaycan xalqı üçün faciə deməkdir. Bu baxımdan  Rusiya ilə münasibətlərimiz elə olmalıdır ki, rəsmi Kreml Azərbaycanın suverenliyini,  ərazi bütövlüyünü tanısın, qəbul etsin. Bu gün Azərbaycanın Rusiya ilə münasibətlərində siyasi xətti məhz bu olmalıdır. Bizim rus xalqı ilə heç bir problemimiz yoxdur. Bizim davamız  Rusiyanı idarə edən  imperiya zehniyyəti ilədir. Buna görə də Rusiyaya güvənmək olmaz. Rusiya bu gün ÜAK-nı ləğv edir, sabah da azərbaycanlıları deportasiya edə bilər. Rusiyanın maliyyəsilə fəaliyyət göstərən şəxsləri aktiv fəaliyyətə keçirə, "5-ci kolon”u hərəkətə gətirə bilər. Ancaq hesab edirəm ki, bu təhlükələri dəf üçün Azərbaycan xalqının imkanları yetəri qədərdir”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları