Yuxarı

Xalqdan qopmuş müxalifət

Xalqdan qopmuş müxalifət

Əli Əliyev: "Mitinqlərə gələnlər, etiraz edənlər nəzarətə götürülür, siyasi təşkilatları maliyyə resurslarından kənarda saxlanılır”

Vüsal Qarayev: "Regionlarda, şöbələrimizdə tez-tez vətəndaşlarla açıq görüşlər təşkil edirik”

Tural Abbaslı: "Hər gün xalqın arasındayıq, onun problemlərini bilirik”

Bu gün ənənəvi müxalifəti təmsil edən siyasi partiyalar, təşkilatlar xalqla təmasdan uzaqlaşıblar. Xalq siyasi proseslərə dəstək vermir, siyasi partiyalara inanmır. Əslində bunun səbəbi hər kəsə məlumdur. Ənənəvi müxalifətin uzun illərdir heç bir nəticə əldə etməməsi xalqı da siyasi proseslərdən uzaq saldı, inamını sarsıtdı. Bəs bu gün vəziyyət necədir? Partiyalar xalqla işləyirmi?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə şərhində rəhbərlik etdiyi partiyanın mövqeyini xalqa çatdırmaq üçün mümkün olan bütün variantlardan istifadə etdiyini deyib: "Bunlar canlı təmas, sosial şəbəkələrin verdiyi imkanlar, mətbuat və internet televiziyaları olur. Təşkilat üzvləri vasitəsilə yerlərlə öz mövqeyimizi çatdırmağa çalışıq. Bugünkü imkanlardan maksimum yararlanmağa çalışırıq. Bu gün cəmiyyətin siyasi proseslərə münasibəti bizi qane etmir. Hakimiyyət maksimum səviyyədə cəmiyyətin siyasi bilgilərə yiyənməsinin qarşısını almağa çalışır, məhdudiyyətlər tətbiq edir. Çalışır ki, cəmiyyət baş verən proseslərdən məlumatsız olsun. Bu hakimiyyətin məqsədyönlü siyasətidir. Cəmiyyətlə olan kommunikasiya imkanları maksimum dərəcədə qapadılıb. Müxtəlif informasiya portallarını bağlayır, mitinqlərə gələnlər, etiraz edənlər nəzarətə götürülür, siyasi təşkilatları maliyyə resurlarından kənarda saxlanılır. Bu kimi amillər xalqla siyasi partiyalar arasında uçurum yaradıb. Bu isə əslində dövlətin inkişafı üçün çox təhlükəli məsələdir. Çünki cəmiyyət siyasi proseslərdən məlumatsız olduqca, onun dövlətə bağlılıq faizi aşağı düşür. Bu yolla hakimiyyəti qorumaq olar, ancaq eyni zamanda dövlətin gücünü də zəiflədir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev deyib ki, bu gün partiyaların əsas problemi xalqdan uzaq düşməsidir: "Əslində xalqdan, vətəndaşla canlı təmasdan uzaqlaşmaq  bütün müxalifətin problemidir. Biz AXCP-ni yenidən formalaşdırdığımız ilk gündən qarşımıza qoyduğumuz məqsəd xalqın içərsinə getmək olub. Bir partiya əgər xalqla canlı təmasda deyilsə, onun varlığıyla yoxluğu arasında fərq yoxdur, demək ki, o partiya sadəcə, sədrdən və onun ofis işçilərindən ibarətdir. Biz mütəmadi olaraq vətəndaşla görüşlər keçirməyə çalışırıq. Məsələn, regionlarda, şöbələrimizdə tez-tez vətəndaşlarla açıq görüşlər təşkil edirik. İnsanları dinləyir, onların problemləri ilə maraqlanır, bacardığımız qədər yardımçı olmağa çalışırıq. Yaxın günlərdə AXCP sədri Razi Nurullayevin gənclərlə keçirdiyi görüş buna nümunədir. O görüşdə partiya üzvləri ilə yanaşı, müstəqil  gənclər də gəlmişdi. Onlardan bir çoxu da sonradan partiyaya üzv olmaq üçün müraciət etdilər”. 

Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə bu gün xalqla partiyalar ayrı-ayrı cinahlardadır: "Əslində partiyaların xalqla işləməsi məsələsi çoxdan bitib. Bu bəlkə də hakimiyyətin yürütdüyü məqsədyönlü siyasətin və ənənəvi müxalifətin uzun illər eyni metoddan əl çəkməməsindən irəli gəlir. Bu gün etiraf etmək lazımdır ki, xalq və partiya ayrı-ayrı cinahlardadır. Siyasi partiyalar demək olar ki, xalqla işləmir. Amma  partiyalar yavaş-yavaş başa düşür ki, xalq olmasa, heç bir siyasi təşkilat nəticəyə nail ola bilməz. 

Yəni, hansısa beynəlxalq təşkilatlardan yox, məhz xalqdan dəstək almaq lazımdır. Odur ki, biz də Ağ Partiya olaraq çalışırıq ki, xalqla təmasları bərpa edək və öz təbliğatımızı aparaq. Çalışırıq ki, tələbələrin, kollektivlərin toplaşdığı yerlərdə olaq və onlarla canlı ünsiyyət quraq. Biz xalqla partiyalar arasında olan soyuqluğu aradan qaldırmaq istəyirik. Çünki biz özlərini müxalifətin lideri kimi görənlərlə eyni gücdə deyilik. Hələ də ictimai nəqliyyatdan istifadə edirik. Yəni, xalqla iç-içəyik. Bizim də qayğılarımız xalqla eynidir”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları