Yuxarı

Qarabağla bağlı həyəcan artır

Qarabağla bağlı həyəcan artır

Natiq Miri: "Minsk Qrupunun konfransı çağırılmalıdır”

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda son bir neçə gündə gərginlik yaşandığı barədə bəyanat yayıblar.Onlar münaqişə zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.Bəyanatda zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu da qeyd edilib.Maraqlıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinin gecə yaydıqları bəyanatın arxasında nə dayanır?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Minsk Qrupu hesabat verməlidir:  

ATƏT-in Minsk Qrupu  bu münaqişəni çözmək üçün mandat alıb. 24 il proses davam edir. Həmsədrləri hesabat verməlidirlər ki, bu münaqişəni çözmək üçün hansı vasitələrdən istifadə olunub.Ortada beynəlxalq hüquq və işğal faktı ola-ola protokol xatirinə bu cür boş bəyanatlarla çıxış etmək bütövlükdə BMT-ni, bütün dünyanı, eləcə də Azərbaycan cəmiyyətini aldatmaqdan başqa bir şey deyil.İlk olaraq Minsk Qrupu həmsədrləri o suala cavab verməlidirlər ki, işğalçılar işğal olunan Qarabağ torpağında nə gəzirlər?Nədənsə bəyanatın içərisində bu fakt yer almır.İşğalçılar işğal zonasında mövcud olduğu sürəcə hər an Azərbaycan əsgəri beynəlxalq hüquqa uyğun olaraq düşmən dövlətinin əsgərini öldürmək hüququna malikdir.

Ona görə də bu işğal faktı və işğalçı ordu Azərbaycan ərazisində mövcud olduğu müddətdə atəşkəsi qoruyub saxlamaq absurddur.Bu mümkün deyil.Bu cür boş bəyanatlardansa, birinci bu suala cavab verməlidirlər.Bundan əlavə bu 24 ildə bəlli oldu ki, ATƏT-in Minsk Qrupu problemi həll etmək iqtidarında deyil.Çünki birmənalı bəllidir ki, ATƏT-in Minsk Qrupunda həmsədr dövlətlərin üçü də bilavasitə Ermənistana havadarlıq rolunda çıxış edirlər.

Buna prezidentimiz açıq çıxışında da toxundu ki, təzyiqlər var və Dağlıq Qarabağa müstəqillik tələb edirlər.Ermənistan prezidenti Sarkisyan parlamentdəki çıxışında da açıqladı ki, bu gün müzakirə obyekti olan sənəd əslində Kazan sənədidir.Bu sənəddə Dağlıq Qarabağda referendumun keçirilməsi birmənalı olaraq təsbit olunub.Bu o deməkdir ki, əgər Dağlıq Qarabağda referendum keçiriləcəksə və Azərbaycan buna razı olacaqsa, demək ki, Dağlıq Qarabağ ikinci erməni dövləti olacaq”.

Politoloqun fikrincə, nizamlanma prosesində yeni formata keçilmənin zamanı çatıb. Bunun üçün  BMT-nın Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırılmalıdır:

"Minsk Qrupunun konfransı çağırılmalıdır. Bu konfransda 17 üzvdən ibarət Minsk Qrupu dövlətlərinin hesabatları dinlənməlidir ki,  ölkələr bu illər ərzində nə işlər görüblər. Açıq görünsə ki, münaqişənin həlli ilə bağlı doğru-dürüst məşğul olmayıblar, burada alternativlər ortaya çıxacaq.

Alternativlərin içərisində isə yeni formatlar və güc mərkəzləri üzə çıxacaq.Hesab edirəm ki, artıq bununla məşğul olmağın vaxtı çatıb.Onlar heç bir vəchlə Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyillər. Çünki ortalığa qoyulan prinsiplər: xalqların öz müqəddəratını təyin etmə, ərazi bütövlüyü  bir-birinə ziddir.

Bu prinsiplərin ortalığa qoyulması da münaqişənin çözülməsi deyil, həll prosesinin uzadılması üçündür.Ona görə də artıq Azərbaycan dövləti və hakimiyyəti özü-özünü aldatmamalı və təcili Minsk Qrupu konfransının çağırılmasını tələb etməlidir.Əgər konfrans çağırılmazsa, təbii ki, onda Azərbaycan alternativ formatların, ən azından regional formatların ortalığa düşməsini tələb etməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları