Yuxarı

Qarabağda partizan müharibəsi mümkündürmü?

Qarabağda partizan müharibəsi mümkündürmü?

Xalq Azadlıq Ordusu ilə bağlı fikirlər haçalandı

Arif Paşa: "Artıq partizan müharibəsi dövrü keçib”

Rey Kərimoğlu: "İndiki məqamda ordumuz var və yeni ordunun yaranmasına ehtiyac yoxdur”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı təkliflə çıxış edib. O, deyib ki, erməni işğalındakı torpaqların azad edilməsi üçün partizan müharibəsinə ehtiyac var. Partiya sədri  Xalq Azadlıq Ordusunun yaradılmasının vacibliyini qeyd edib. II Dünya Müharibəsi zamanı Sovet İttifaqı tərəfindən bu addımın atıldığını xatırladan S.Cəlaloğlu bildirib ki,  bir neçə milyonluq nizami ordu olsa da, müharibənin taleyini dəyişən partizan hərəkatı olub: 

"Əfqanıstana baxın. Bu ölkəyə xarici dövlətlər bunca müdaxilə edirlər. Lakin Talibanın öhdəsindən gələ bilmirlər. Deməli, müasir dövrdə yalnız nizami ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Açıq şəkildə partizan hərəkatını başlatmaq lazımdır. Bunu hökumət başlatmamalıdır. Hökumət öz atasının, babasının qəbrini azad etmək istəyən insanlara bu məsələdə mane olmamalıdır. Yəni Qarabağ probleminin hərb, yoxsa sülh yolu ilə həlli versiyalarını müzakirə edərkən üçüncü yolun mövcudluğunu unutmamalıyıq. 

Üçüncü yol Xalq Azadlıq Ordusudur."

ADP sədri hesab edir ki, Azərbaycan hökuməti erməniləri hədəfə alan xalq hərəkatına mane olmamalıdır. Bir sözlə, Xalq Azadlıq Ordularının yaradılmasının önəminə diqqət çəkən partiya sədri hesab edir ki, Qarabağda partizan müharibəsi aparmaq lazımdır. 

Maraqlıdır, indiki məqamda buna ehtiyac varmı, mümkündürmü?

Laçın alayının keçmiş komandiri Arif Paşa "Cümhuriyət” qəzeti vasitəsilə ADP sədrinin təklifinə belə cavab verib:

"Sərdar Cəlaloğlu elə bilir ki, əvvəlki vaxtlardır. Azərbaycanın gözəl ordusu var və artıq partizan müharibəsi dövrü keçib. Artıq bizdə özünümüdafiə qüvvələri var və yenidən geri qayıtmaq lazım deyil. O qüvvələr kiminsə quldur dəstələrinə çevrilə bilər”. 

Qarabağ qazisi Rey Kərimoğlunun sözlərinə görə isə bütün hallarda Azərbaycanın işğaı altındakı ərazilərində ölkəmiz əməliyyat aparır:

"Azərbaycan istənilən səviyyədə işğal olunmuş ərazilərində əməliyyat aparıb öz ərazilərini azad edə bilər. Bunun üçün maneə yoxdur. Azərbaycanın da nizamlı ordusu var. Yenidən xalq ordusunun yaranmasına ehtiyacın olduğunu düşünmürəm. Partizan hərəkatı deyiləndə əslində orada professional hərəkat mümkün deyil. Partizan hərəkatının mahiyyəti başqadır. Bu partizan hərəkatı ordu rəhbərliyi və mövcud hakimiyyətlə sıx əlaqədə düşmənin əleyhinə işləyir. Hazırda Azərbaycanın düşmənin ərazisində yaşayan bir insanı yoxdur. 

Çox güman ki, Sərdar Cəlaloğlu kiçik qruplu döyüş əməliyyatlarını nəzərdə tutur. İndiki məqamda ordumuz var və yeni ordunun yaranmasına ehtiyac yoxdur. Tərəfdarıyam ki, ordumuzun əməliyyatları həyata keçsin. Partizan hərəkatı yox, xüsusi təyinatlı qüvvələrimizin düşmən arxasında müəyyən yerlərdə düşmənə sarsıdıcı zərbələr vurmasından söhbət gedə bilər. Bu da mümkündür. Ordu içərisindəki kəşfiyyatın işi düşmənlə ön cəbhədə düşmənin bütün strategiyasını öyrənməklə məşğuldur. Ordumuzun içərisində düşməni araşdıran xüsusi şöbələr idi. 2007-ci ildə onların işi zaman-zaman iflic oldu. O da Eldar Mahmudovdan gələn bir məsələ idi”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları