Yuxarı

"Şimal küləyi”nin vurduğu Araz Əlizadə

Deputat Araz Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycanın mərhum prezidenti, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyi növbəti dəfə təhqir edib. "Cümhuriyət” qəzeti xəbər verir ki, müsahibəsində deputat M.Ə.Rəsulzadənin Azərbaycan üçün heç nə etmədiyini, Elçibəyin isə "agent” olduğunu deyib. Qeyd etdiyimiz kimi bu, Araz Əlizadənin Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı ilk qərəzli hücumu deyil. O, bundan əvvəl də dəfələrlə Elçibəy, Rəsulzadə və digərlərini təhqir edib. Rus və farspərəst Əlizadə özünü siyasətdə ilk günlərindən Azərbaycanın milli dəyərləri və rəmzlərinə qarşı qərəzin ifadəçisi kimi aparır və bu da təsadüf deyil. 

Təpədən dırnağadək...

Araz Əlizadə Xalq Cəbhəsi hökuməti dönəmində Azərbaycan Sosial Demokrat Partiyasının sədri, parlamentdə mütəllibovçu deputat idi. O, hələ bundan xeyli əvvəl Xalq Cəbhəsi və Əbülfəz Elçibəyə qarşıydı. Elə buna görə də parlamentdə Azərbaycanın müstəqilliyinin əleyhinə olanlardan biriydi və Xalq Cəbhəsinə qarşı güya müxalifətdə, əslində isə hücumda idi. Həmin dönəmdə Araz Əlizadə "İstiqlal” qəzetində qiyama cəhd etmiş Surət Hüseynovun təbliğatını aparırdı. Parlamentdə də Araz Əlizadə Surət Hüseynovun tərəfini tuturdu. Həmin vaxt Elçibəyin devrilməsinə səs verənlərdən, Surət Hüseynovun qiyamına "xalq üsyanı” deyənlərdən, Azərbaycanın legitim hakimiyyətini devirənlərdən biri də məhz o idi. Yəni, bu insan təpədən-dırnağa qatı antielçibəyçi, antirəsulzadəçidir. 

Xalq üçün susanlardan biri

Araz Əlizadə cümhuriyyət və Xalq Cəbhəsi dönəmi Azərbaycanına olan qərəzə görə təyinatla parlamentdə oturub. Təyinatından keçən 2 il ərzində Milli Məclisin iclaslarında nadir hallarda çıxış edib, bu da o qədər ciddi məsələlələr olmayıb. O, Milli Məclisdə xalq üçün susanlardandır. Əgər müzakirə mövzusu dövlətçilik əleyhinə olan məsələdirsə və Araz Əlizadə oradadırsa, xalq belə bir adama səs verərdimi? 

Hansı xalq öz gələcək taleyinə biganə qala bilər? Zatən vəziyyət çətindir, hər gün yaşamaq bir az daha çətinləşir. Dəyişən dünya insanlarımızı ağır şərtlər qarşısında qoyur. Belə bir məqamda kim öz taleyini araz əlizadəkimilərin ümidinə verərdi? Heç kəs. Xüsusən də əgər söhbət uzun illərin "siyasətçisindən” və çıxışları ilə artıq özü barədə dəyişməz rəy formalaşdırılmış bir şəxsdən gedirsə, xalqın mövqeyini bilmək çətin deyil. Siyasi arenada qalmağın əsas yolunun Rəsulzadə və Elçibəyə çamur atmaqdan keçdiyini düşünən bir çox "siyasətçilər” kimi Araz Əlizadənin də mövqeyindəki bu "dəyişməzlik” ona olmayan mövqeyini qorumaq üçün lazımdır. Əgər mütləq nəsə danışmaq lazımdırsa və bu "nitq” xalqın milli mücadiləsinin tarixinə, hətta milli kimliyimizə qədər uzana bilərsə, Araz Əlizadə meydandadır. Ətrafında kimsə yoxdur, hətta ailə bağları ilə bağlanan kimsəyə rast gəlməzsiniz. Amma o danışır, nə zamansa kimlərinsə onu eşidəcəyi ümidi ilə parlamentdə xalqın mənafeyinin müdafiəsi üçün sərf etməli olduğu nitqi xalqın özünə qarşı dar bir çərçivədə əzbərləyir. Bəlkə Araz Əlizadəni də şimal kürəyi vurub?  

Mənsur





Həftənin ən çox oxunanları