Yuxarı

Sülh Platforması: İnformasiya savaşında əsas güc

Sülh Platforması: İnformasiya savaşında əsas güc

Fazil Mustafa: "Əgər kimsə gəlib Xocalı abidəsi önündə baş əyirsə, bunun bizə yalnız müsbət təsiri var”

2016-cı ilin dekabr ayında Azərbaycan- Ermənistan Sülh Platforması yaradıldı. Bu kampaniyaya bir sıra tanınmış  nüfuzlu elm adamları, siyasilər qoşuldu. Azərbaycandan da platformaya deputatlar, siyasilər, hüquq müdafiəçiləri dəstək verdi. Bununla yanaşı işğalçı Ermənistan hakimiyyətinə etiraz edən bir sıra erməni fəalı da  bu platformaya qoşuldu. Ötən il öz ailəsi ilə Azərbaycana sığınan Ermənistan vətəndaşı, hüquq müdafiəçisi Vahan Martirosyanın Bakıda ermənilərin əleyhinə səsləndirdiyi bəyanatları sonradan təkzib etməsi isə platforma ətrafında müzakirələr yaratdı. 

Ekspertlərin fikrincə, Sülh Platformasının yaradılmasında əsas məqsəd informasiya müharibəsində işğalçı Ermənistan hakimiyyətinə qalib gəlmək, həqiqətləri dünya ictimaiyyətinə çardırmaq idi. Məhz qarşıya qoyulan bu məqsədə çatmaq üçün platforma xeyli uğurlu fəaliyyətə imza atıb. Sülh Platformasına qoşulan zaman Martirosyanın Ermənistan hakimiyyəti haqqında səsləndirdiyi ifşaedici fikirlər informasiya müharibəsində uğur sayılmalıdır. Lakin onun sonradan platformanı tərk etməsi, fərqli bəyanatlar verməsi də təbii olaraq birmənalı qarşılanmayıb. 

Məlumdur ki, işğalçı Ermənistan hakimiyyəti heç bir zaman öz xoşu ilə Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq. Azərbaycan öz torpaqlarını yalnız hərb yolu ilə azad etməlidir və edəcək də. Ancaq müharibəyə başlamazdan öncə "bazanı” qurmaq lazımdır. Azərbaycan öz haqlı mübarizəsində daim öndə olmalıdır. Bu baxımdan da hazırki dövrün şərt və tələblərinə uyğun olaraq informasiya müharibəsində daim qarşı tərəfdən öndə olmaq vacib şərtdir. Bu şərtlərin ödənilməsi üçün də Sülh Platforması ən uyğun təşəbbüs hesab edilə bilər. Bu gün dünya ictimaiyyətinə həqiqətlər informasiya resursları hesabına çatdırılır. Ona görə də bu istiqamətdə nə qədər iş görülürsə, ona dəstək vermək lazımdır. İnformasiya müharibəsinin nə dərəcədə önəmli olduğunu hər kəs aprel döyüşləri zamanı gördü. Özünü "azərbaycanlı” kimi təqdim edən bir sıra ermənipərəst Azərbaycan ordusu haqqında heç bir məntiqə sığmayan məlumatlar, ermənilərə təbliğat gücü verən fikirlər yaydı. 

İşğalçı Ermənistan üzərində qələbə qazanmaq üçün informasiya müharibəsində öndə olmaq vacibdir. Bu baxımdan Sülh Platformasının fəaliyyəti vacibdir və dəstəklənməlidir. Məlumdur ki, sülh danışıqları indiyə kimi nəticə vermədiyi üçün torpaqları müharibə yolu ilə azad etməzdən əvvəl Azərbaycanın haqlı olduğunu, öz torpaqlarını azad etmək hüququnu dünya ictimaiyyətinə çatdırmaq önəmlidir. Bunun yeganə yolu isə mövcud durumun reallıqlarına uyğun olaraq informasiya müharibəsini qazanmaqdır. 

"Nə mümkündürsə, istifadə etməyə çalışmalıyıq”

Mili Məclisin üzvü Fazil Mustafa məsələ ilə bağlı "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Sülh Platformasını bu qədər tənqid etmək doğru deyil:

"Bu məsələdə təbii ki, əvvəlcədən müəyyən risklər var. Bu risklər ondan ibarətdir ki, bizə hansısa erməninin, rusun xidməti, bizim mövqeyimizi dəstəkləyən fikirlər səsləndirməsi lazım idi və bu addım da atıldı. Bunların içində biri, ikisi sonradan mövqe dəyişə, fərqli addımlar ata bilər. Amma bu prosesi bütövlükdə məhv etmək anlamına gəlməməlidir. Bu proses Azərbaycanın hərbi addımlarına mane olmur. Azərbaycan yenə də hərbi gücdən istifadə edərək müəyyən problemləri həll edə bilər və buna çalışmalıyıq. Ancaq bu platformanı bu qədər tükətmək doğru deyil. Əgər kimsə gəlib Xocalı abidəsi önündə baş əyirsə, bunun bizə yalnız müsbət təsiri var. Sabah gedib hardasa səhv etdiyini deyəcəksə, bu, artıq onun öz problemidir. Bizə lazım olan bu epizodlardır. Biz bütün məsələlərdən divident götürmək gücünə malik deyilik?! Nə mümkündürsə, ondan istifadə etməyə çalışmalı və mümkün riskləri də nəzərə almalıyıq. Gələcəkdə bu tip adamlarla işləyəndə daha diqqətli olmaq vacibdir ki, ən azından bizim nəzarətimizdən çıxmasınlar.

Amma bütövlükdə bunu bir qaralama kampaniyasına çevirmək doğru deyil. Bu da təbliğat vasitələrindən biridir. Burada kiminsə erməniyə satılmasından söhbət getmir. Burada söhbət ermənin bizim mövqeyi müəyyən qədər dilə gətirməsindən və Azərbaycanın mövqeyinin güclənməsi üçün atdığı addımlardan gedir. Bu cür hadisələr gələcəkdə də olacaq və belə hallara görə platformanın fəaliyyətindən birmənalı şəkildə imtina etmək yanlışdır. Bu platforma Azərbaycanın müharibə yolu ilə atacağı heç bir addımı inkar etmir. Bunları paralel şəkildə aparmaq lazımdır. Sabah bir erməni də deyə bilər ki, Azərbaycana gəlirəm. Ermənistanda insan haqlarının pozulduğunu sübut etmək üçün onu da qəbul edib üçüncü ölkəyə göndərə bilərik. Onda yenə də deyəcəklər ki, niyə qəbul etmisiniz? Burada diplomatik yanaşmadan söhbət gedirsə, digər məsələləri çox qabartmaq doğru deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları