Yuxarı

Əli Kərimlinin "siyahı”sında daha kimlər var?

Əli Kərimlinin

 "Yurd” sədri Əli Kərimli bir neçə gündür Azərbaycan - Gürcüstan sərhəddində çantasında 12 min dollarla saxlanılmış müavini Gözəl Bayramlı üçün sosial şəbəkələrdə dəstək kampaniyası başladıb. Hərdən özü də Feysbuk və Tvitter-də  paylaşımlar edir. Həbsin siyasi sifariş olduğunu deyir və özünün həbs olunması üçün hakimiyyət tərəfindən aparıldığını iddia etdiyi "hazırlıq işi”nin tərkib hissəsi hesab edir.

Demokratik müxalifətə hakimiyyət tərəfindən siyasi təzyiqlərin olduğu, siyasi fəaliyyətlərinə görə gənclərin həbs edilməsini kimsə danmır. Uzun illərdir beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə çağırışlar edərək siyasi motivli həbslərə son qoymağa çağırır. Hətta, bu çağırışlara məhəl qoymayıb Avropa, ABŞ və bir sıra beynəlxalq təşkilatların sanksiya hədələri qarşısında qalıb. Lakin bütün kənar və daxili təzyiqlər iqtidarı bu addımlardan çəkindirə bilməyib.

"Yurd” sədri adamlarını belə "xərcləyir”

Əli Kərimlinin Gözəl Bayramlı və digər "Yurd” üzvlərinin həbslərini bu siyasi həbslərin davamı olduğunu iddia etməsinə gəlincə, burada o haqlı göründüyü qədər də yalan deyir. Həmin həbslərin - "Yurd” üzvləri Gözəl Bayramlı, Faiq Əmirli, Fuad Qəhrəmanlı və digərlərinin siyasi proseslərdə iştirak etdiklərindən siyasi həbs sayıla bilər. Amma bu tam olaraq belədirmi? Yoxsa Əli Kərimlinin özünə siyasi dividinet və gəlir mənbəyinə çevrilən tələsidir? Birmənalı olaraq belədir ki, bu həbslər ilk növbədə Əli Kərimlinin şəxsi qazanc mənbəyidir və bütün gücü ilə müxtəlif variantlarla həbsə təhrik anlamındadır.  Çünki insan talelələrini qumara qoymuş Əli Kərimli bu proseslərə gəlir mənbəyi, biznes kimi baxır. İstər Gözəl Bayramlı, istərsə də Fuad Qəhrəmanlının "Yurd” sədrinin qurduğu təxribatın qurbanı olması sirr deyil.  Müxalifət tərəfindən tamamilə dışlanmış və beynəlxalq təşkilatlar, həmçinin xarici ölkələrin dəstəyindən məhrum olmuş Əli Kərimli yenidən özünü göstərmək və özünü demokratik düşərgəyə qazandırmaq üçün ətrafındakı adamları "xərcləməyə” başlayıb. İlk dəfə bu məqsədlə Nardaran hadisələrində Fuad Qəhrəmanlını qabağa verdi və həbs edilməsinə vasitəçilik etdi. İndi də Gözəl Bayramlıdan istifadə etdi. "Yurd” sədri yaxşı başa düşür ki, müavinlərinin ölkədən gediş-gəlişi nəzarət altındadır və bu nəzarəti də özü təşkil edib. Buna görə də bilərəkdən Gürücstanda öz kanalları vasitəsilə külli miqdarda pulları Gözəl Bayramlının çantasına yüklədi və dəqiq bilirdi ki, buna görə o həbs olunacaq. 

Çirkin oyun

Birinci dəfə Fuad Qəhrəmanlının həbsinə imkan yaratmaqla diqqət mərkəzinə düşəcəyini düşünürdü, amma nə xaricdən, nə də daxildən bu kampaniyaya dəstək gəlmədi. Heç beynəlxalq təşkilatlar Fuad Qəhrəmanlını siyasi məhbus kimi tanımadılar. Lakin Kərimli ümid edirdi ki, bu həbs sayəsində Avropa dövlətləri və ABŞ-ın Azərbaycandakı səfirliklərindən yardım ala biləcək. Ən yaxşı halda məsələnin içində dini motiv olduğu üçün İran səfirliyi bir qədər yaxın durdu. İndi də Kərimli Fuad Qəhrəmanlının başına açdığı oyunu başqa formada Gözəl Bayramlı üçün oynadı. 

Fətullah Gülənin başçılıq etdiyi terror təşkilatı Türkiyədə çevrilişə cəhd edib, Azərbaycanda bumeranq effekti yaradanda Əli Kərimli bilərəkdən özünün fətullahçı olmasını gündəmə gətirdi. "Yurd” sədri ağıllı gediş etdi və bir sıra mətbuat orqanlarının Gülən tərəfindən maliyyələşdirildiyi məsələsini gündəmə gətirdi və "Azadlıq” qəzetinin baş direktoru Faiq Əmirlini hədəf taxtasına çıxardı. Əli Kərimli bundan əvvəl də ümid edirdi ki, qəzetin Avropada böyük nüfuzu var, ona görə də hansısa formada dəstək qazana bilər. Amma bu həbsə Qərbdən etinasız yanaşıldı. Əli Kərimlinin bu dəfə də atdığı daş hədəfə dəymədi, əvəzində Faiq Əmirli "xərcləndi”. Ümumiyyətlə, baş verənlər göstərir ki, Əli Kərimli maraq və gəlirləri naminə olub-qalan adamlarını da öz ambisiyanına qurban verir. 

Öz əliylə nəfəsini kəsən Əli

Reallıqdır ki, Əli Kərimli adamlarını öz nəfsinin qurbanına çevirir. Ətrafında özündən başqa demək olar ki, heç kəs yoxdur. Onunla yollarını ayıran ayırıb, qalan 5-6 nəfərin də müxtəlif variantlarla həb olunmasına nail olub. Həbsə atdırdıqlarını da müdafiə etmir, çünki həmin adamlar üzərindən qurduğu planlar boşa çıxıb. İndi də Gözəl Bayramlının həbsi üzərindən özünü yenidən hadisələrin mərkəzinə gətirməyə çalışır ki, xarici qüvvələr onunla hesablaşsın, bu hesablaşmanın nəticəsində ona əlavə maliyyə vəsaiti ayrılsın, hakimiyyətlə isə əməkdaşlığını daha böyük maliyyə vəsaitləri üzərində qursun. Əslində bu yersiz şişirtmənin mərkəzində bir fakt var: o, ətrafında heç kəsin olmadığını və dar meydanda tək qaldığını bilir. Əlbəttə, tək - ətrafında ən azı onu alqışlayacaq heç kəsi olmayan şəxs necə lider sayıla bilər? Əli Kərimlinin özü də buna inanmır. Sadəcə, hakimiyyətdəki bəzi dostları onun ayaqlanmasını istəyirlər, süni nəfəs vermək istəyirlər. Əli Kərimli isə keçirdiyi mənasız və elektoratsız mitinqləri, kəsəri olmayan paylaşımlarıyla özü-özünün nəfəsini kəsməklə məşğuldur.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları