Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 25 il ötür.
1992-ci il iyunun 7-də Azərbaycanda prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəyin xalqın dəstəyi ilə hakimiyyətə gəlişi post-sovet məkanında demokratiyanın təntənəsi və mühüm qələbələrindən biri idi. 1918-20 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətindən sonra Əbülfəz Elçibəyin prezident seçilməsi XX əsrdə ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ açdı.
Bir il hakimiyyətdə qalmasına baxmayaraq, AXC Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin formalaşmasında silinməz izlər buraxıb. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlişi ilə itirilmiş torpaqların qırx faizindən çoxunu erməni işğalçılarından geri aldı. Gülüstan qəsəbəsi və Ağdərə rayonunun xeyli hissəsi düşməndən tamamilə azad edildi. Hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusunun formalaşmasına başlanıldı. 1992-ci il oktyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirildi.
Azərbaycanda ilk dəfə milli valyuta vahidi - manat çap edilib, dövriyyəyə buraxıldı. Bu, çökmüş Sovet İttifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRİ dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.
Təhsildə test islahatı aparıldı və on minlərlə kasıb övladı aparıcı ixtisaslara rüşvət vermədən sahib oldular. Test üsulunun tətbiqi qəbul imtahanlarında rüşvəti ləğv etməklə yanaşı, Azərbaycanda bacarıqlı kadrların təşkilində mühüm rol oynadı. Həmin vaxtdan bəri test üsulu Azərbaycan təhsil sisteminin əsaslarından birini təşkil edir. AXC qısa müddətdə milli müstəqilliyimiz üçün böyük təhdid olan Rus qoşunları və hərbi bazalarının Azərbaycandan çıxarılmasına nail oldu. Şərqi Avropada və bir çox post-Sovet ölkələrində Rusiya hərbi bazaları qaldığı halda AXC hakimiyyətinin siyasi iradəsi ilə Azərbaycanı tərk etməli oldu. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi. Rusiya rəhbərliyi rus qoşunlarının Azərbaycan ərazisində qalması üçün danışıqlar aparmağa səy göstərsə də prezident Elçibəy ölkəmizin suverenliyi üçün strateji əhəmiyyət daşıyan bu məsələdə güzəştə getmədi.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etdi. Bu, münaqişə tarixində Azərbaycanın ərazi bütövlüyünə dünya ictimaiyyəti tərəfindən verilən ən böyük dəstək idi. AXC hakimiyyəti dövründə ilk dəfə özəlləşməyə start verildi və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı.
Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasının qoyulması da AXC-nin adı ilə bağlıdır. İlk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətləri ilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan "dəmir ledi” Marqaret Tetçer AXC sədri, prezident Əbülfəz Elçibəy barəsində yazırdı: "O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puludur”.
Müşfiq Abdulla