Yuxarı

Əli Kərimlinin güdazına gedənlər

Əli Kərimlinin güdazına gedənlər

Vüsal Qarayev: "Lider öz tərəfdarlarını riskə atmamalıdır”

Mayın 25-də "Yurd” sədrinin müavini Gözəl Bayramlı Gürcüstan - Azərbaycan sərhədində saxlanıldı. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Gözəl Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hadisədən iki il əvvəl "Yurd” sədrinin digər müavini Fuad Qəhrəmanlı Nardaran hadisələri vaxtı insanlara etdiyi çağırışları polis təxribat xarakterli olduğunu əsas gətirərək həbs etmişdi. F.Qəhrəmanlıya bu ittiham üzrə 10 il həbs cəzası verildi.

Əli Kərimli müavinlərini niyə müdafiə etmir?

Fuad Qəhrəmanlı və Gözəl Bayramlıya qarşı irəli sürülmüş ittihamların nə qədər doğru olub-olmaması və ciddi faktlara əsaslandırılması başqa müzakirə mövzusudur. "Yurd” sədri Əli Kərimli ilkin dönəmlərdə bu ittihamların və müavinlərinin həbslərinin "siyasi sifariş” olduğunu bildirdi. Bu da başqa məsələdir. Lakin bu günün reallığı budur ki, həbslərin ilk bir həftəsində bunlara siyasi don geyindirməyə çalışan Əli Kərimli sosial şəbəkələrdə bu iddiasına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırdı. "Yurd” sədrinin sosial şəbəkələrdə müavinlərinin həbsi ilə əlaqədar başlatdığı təbliğat kampaniyası vur-tut heç bir həftə də çəkmədi. Həmin dönəmdə nə müstəqil KİV-lər, nə səfirliklər, nə də beynəlxalq təşkilatlar Əli Kərimlinin bu çağırışlarına qoşuldular. Heç bir kənar reaksiya olmadı. Əlbəttə, Əli Kərimlinin səyləri nəticə verməmişdi. 

Hazırda da hər iki şəxs beynəlxalq təşkilatların siyahısında siyasi məhbus kimi qeydə alınmayıb. Görünən bu idi ki, xarici təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri müavinlərini təxribata çəkərək həbs olunmalarına şərait yaradan Əli Kərimlinin saxta oyununa gəlmədilər.

"Xain”, "satqın”...

Kampaniya bir həftə belə davam etmədi, sonda istəyinə nail ola bilməyən - səfirlik və təşkilatların Azərbaycandakı nümayəndəliklərindən pul qopara bilməyən Əli Kərimli lövbəri suya saldı, kampaniyanı dayandırdı. Hazırda da siyasətdə öz durğunluq dönəmini yaşayan "Yurd” sədrinin yadına nə müavinləri düşür, nə də onların ailələrinin taleləri. Əli Kərimlinin "Yurd” üzvləri və müavinlərinin həbslərinə qarşı nümayiş etdirdiyi səssizlik o ehtimalı yaradır ki, artıq bu təxribatlarının qurbanları ona gəlir qazandıra bilmirlər. Elə bir neçə gün əvvəl "Yurd” üzvü Elvin Abdullayev də məhz bu amillərə görə bu təşkilatı tərk edərək Müsavat Partiyasını seçdi. Həbsdə olarkən "Yurd” sədri ona "satqın”, "xain” damğasınadək bütün ləkələri yaxdı. Həbsdə olan iki il ərzində bir dəfə də "Yurd” tərəfindən Elvin Abdullayevin müdafiəsi təşkil olunmadı. 

"Gənclər siyasi oyunlara daxil edilməməlidirlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev "Cümhuriyət” qəzetinə bildirib ki, Əli Kərimlinin həbsdə olan "Yurd” üzvləri, yaxud müavinlərini dəstəkləyib-dəstəkləməməsinin o qədər önəmi yoxdur:

"Sözün düzü, müdafiə edib-etmədiyini dəqiq bilmirəm, əslində isə həbs edildikdən sonra bu o qədər önəmli də deyil. Çünki bir insan ki, həbsə düşdü, onu sözdə, yaxud hansısa müəyyən əməldə müdafiə etməyin nətciə vermədiyi məlum məsələdir. Çalışmaq lazımdır ki, insanlar, özəlliklə gənclər, çünki onlar daha çılğın olurlar, həbsə düşməsinlər. Bunun üçün də hansısa siyasi lider kimi qəbul olunmuş şəxslər maksimum dərəcədə öz tərəfdaşlarını riskə atmamalı, siyasi oyunlara daxil etməməlidir. Çünki, bu günə kimi hansısa partiya üzvünün həbs olunmasının aparılan mübarizəyə müsbət təsir göstərdiyini görməmişəm. Sadəcə məhv olan həyatlar, gözüyaşlı analar, gözləri yolda olan ailələr, övladlar görmüşəm. Mübarizə aparmalıyıq, demirəm susub oturaq, amma ətrafımızdakıları da qorumaq bizim borcumuzdur”.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları