Yuxarı

Minsk qrupu "format” edilə bilərmi?

Minsk qrupu

Elçin Mirzəbəyli: "Vasitəçilik edən dövlətlərin heç biri Azərbaycanın ədalətli mövqeyini müdafiə etmir”

Arzu Nağıyev: "Formatın dəyişdirilməsi məsələnin həllinə yeni nəfəsin gətirilməsinə oxşayır”

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərləri də Ermənistan - Azərbaycan münaqişəsinin (Dağlıq Qarabağ) həllində irəliləyişə gətirib çıxarmadı. Ümumi bəyanatlarla çıxış edən həmsədrlər işğalçı (Ermənistan) və işğalolunan (Azərbaycan) arasında heç bir fərq qoymadan tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırdılar. Başqa sözlə, vaxtilə BMT-nin patronajlığı altında qurulmuş bu format 23 ildən çoxdur münaqişənin həllində heç bir addım atmayıb. 

Regiona səfərləri turist səyahətlərinə oxşayan həmsədrlərin fəaliyyəti bir çox hallarda açıq formada işğalçının tərəfində olduğunu göstərərək, məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olmadıqlarını gündəmə gətirib.

1994-cü ildən - Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin (Bişkek) imzalanmasından bu günədək dəfələrlə sübut olunub ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində söz sahibi deyil. İşğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü (Fransa, Rusiya və ABŞ), həmçinin Minsk qrupun 3 həmsədr ölkəsinin imzaladığı sazişin şərtləri də Ermənistan-işğalçı tərəfindən yerinə yetirilmir. Dəfələrlə bu çoxmənalı fəaliyyətinə görə Minsk qrupunun fəaliyyətindən imtina edilməsi Azərbaycan tərəfindən gündəmə gətirilib. 

Yeni dünya düzəninə uyğun format

Hesab olunur ki, Minsk qrupunun formatı yeni dünya düzəninə uyğun qurulmalıdır. Məsələn, yeni dünya siyasətinin şərtlərinə uyğun olaraq Türkiyə, Çin, Almaniya, İngiltərə və digər dövlətlərin burada-həmsədrlik institutunda təmsil olunması təklif olunur. Hesab olunur ki, münaqişə ATƏT-in missiyasından çıxarılmalıdır. Nəzərə alsaq ki, qlobal siyasətin gündəmi təkcə Rusiya və ABŞ-ın yox, həm də İngiltərə, Almaniya, Yaponiya, Çin və digər, dünyanın siyasi qütbləri sayılacaq dövlətlər tərəfindən də müəyyən olunur, bu baxımdan bildirilir ki, Minsk qrupu yeni dünya düzəninin şərtlərinə uyğun gəlməyən formatdır.

"Son qərarı Təhlükəsizlik Şurası verə bilər”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, Minsk qrupu BMT-nin mandatı ilə yaradılıb, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Minsk qrupunda təmsil olunurlar. Münaqişənin təmzilənməsində həmsədrlik institutunun iştirak etdiyini deyən politoloq qeyd edib ki, biz vasitəçilərin seçilməsi prosesində seçim etmək imkanına malik olmamışıq: 

"Vasitəçilik edən dövlətlərin heç biri Azərbaycanın ədalətli mövqeyini müdafiə etmir. Ümumiyyətlə, Minsk qrupunun fəaliyyətindən imtina edilməsi məsələsi dəfələrlə gündəmə gəlib. Münaqişənin həlli yalnız BMT Təhlükəsizlik Şurasının qərarından asılıdır. Bunun üçün 5 daimi üzvün yekun rəyi və qərarı olmalıdır. Bu baxımdan da Minsk qrupunun formatının dəyişdirilməsi, çətin bir prosesdir. İndiki şəraitdə də Minsk qrupunun fəaliyyətindən birtərəfli qaydada imtina etmək olar. Bunun da bizə nə verəcəyini əvvəldən demək mümkün deyil. Amma biz bütün hallarda həmsədrlik institutunun münaqişənin dondurulmasına xidmət etdiyini bilirik. Bu ölkələr çalışacaqlar ki, münaqişənin həll prosesinə öz təsirlərini göstərsinlər. Amma məsələni birmənalı dəyərləndirmək çox çətindir”.

"Hərə öz marağında olan dövləti təklif edəcək”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə deyib ki, Minsk qrupunun formatının dəyişməsinə heç kəs razı olmaz. Politoloqun sözlərinə görə, əgər proses BMT-nin patronajlığı altında keçirilirsə, eyni zamanda Minsk qrupunda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü iştirak edirsə, yeni dövlətlərin bura daxil edilməsi inandırıcı görünmür: 

"Çünki bu halda hərə öz marağında olan dövlətləri yeni formata daxil etməyə çalışacaq. ATƏT-in Minsk qrupunda da 11 dövlət təmsil olunur. Düşünürəm ki, Azərbaycan Türkiyə, yaxud başqa bir dövləti təklif edə bilər. Yəni, problemlər yarana və bu, uzun prosesə çevrilə bilər. Məhz bu baxımdan formatın dəyişdirilməsi məsələnin həllinə yeni nəfəsin gətirilməsinə oxşayır. Ən yaxşı variant, həmsədrlərin Ermənistana təsiri məsələsini qabartamaqdır. İndiki şəraitdə isə Minsk qrupunun formatının dəyişdirilməsi inandırıcı görünmür”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları