Yuxarı

Ənənəvi müxalifətin "mühacir biznesi "çiçəklənir”

Ənənəvi müxalifətin

Vüsal Qarayev: "Bu biznesdə necə böyük pullar dövr edir”

Tural Abbaslı: "Saxta müxalifətçilər, onlara vəsiqə verən partiya sədrləri ciddi şəkildə cəzalandırılmalıdır”

Heç bir siyasi fəaliyyəti olmayan şəxslərin Avropada siyasi mühacir kimi yaşaması yeni hadisə deyil. Amma onlar mühacirətə necə gedir, bu sual hər zaman müzakirə mövzusu olub. Onlar necə, nə zaman müxalifətçilik ediblər, partiya biletini necə əldə edirlər? Əslində zaman-zaman bu məsələ mətbuatın gündəmində olub. Ənənəvi müxalifətin arayış biznesi ilə məşğul olduğu haqqında kifayət qədər faktlar mətbuatın gündəminə gəlib. Ancaq yenə də bu məsələ problemli olaraq qalır. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ənənəvi müxalifət bu cür yollarla külli miqdarda pullar qazanır: 

"Bu gün ənənəvi müxlaifətdə  "xaotik”, "dərə xəlvət, tülkü bəy” mühiti hökm sürür. Bu çox acınacaqlıdır. Bunu da bilərəkdən edirlər. Bəzi ənənəvi "müxalifət” təmsilçiləri hökumətin çörəyinə yağ çəkir. Bu gün xalq arasında "iqtidar- müxalifəti” deyilən bir ifadə var. Haqlı, yerində işlədilmiş ifadədir. Çünki bu sirr deyil ki, klassik müxalifətin, illərdir eyni postda oturan müxalif liderlərin əksəriyyəti tərəf dəyişdi. Düzdür, onlar üzdə yenə də müxalifət kimi görünə bilərlər, amma fəaliyyətləri demək olar biznes üzərində qurulub. Bu bizneslərdən də ən gəlirlisi sizin qeyd etdiyiniz mühacir arayışı alveridir. Hökumətin özünün yaxşı xəbəri var baş verənlərdən. Siyasi partiyalar rahat şəkildə partiya biletləri, üzvlük sənədləri satırlar, həm də "yaxşı” qiymətə. Hətta bəzi "müxalif yönlü” saytlar həmin şəxslərin siyasi təqiblərə məruz qalması, hətta həbs olunması ilə bağlı saxta yazılar dərc edirlər. Bu insanlarda gedib xaricdə, həmin siyasi liderlərin ordakı nümayəndələrinin köməyi ilə özlərinə siyasi sığınacaq tapırlar. Siz təsəvvür edə bilməzsiniz bu biznesdə necə böyük pullar dövr edir. Dediyim kimi, bütün bunlardan hökumətin yaxşı məlumatı var. Sadəcə, hakimiyyət zərərsizləşdirdiyi, satın aldığı müxalifətə, bunun müqabilində pul qazanmaq üçün şərait yaradır”. 

Vüsal Qarayev hesab edir ki, digər bir məsələ də ölkədəki mövcud sosial-siyasi durumdur: 

"Birincisi, bütün mühacirətə gedənlər saxta yollara əl atmırlar. Həqiqətən rejimin təqibindən qaçaraq xaricə sığınan xeyli azad düşüncə, əqidə sahibləri də var. Saxta yollara əl atanların da əksəriyyəti bunu kefindən etmir. Ölkədə vəziyyət çox acınacaqlıdır. Vətəndaşın bu ölkədə gələcəyə ümidi yoxdur. Əksəriyyət çıxış yolunu vətəni tərk etməkdə görür. Yəni məsələyə hansı tərəfdən yanaşırıqsa yanaşaq, bir ucu gedib mövcud hökumətə çıxır. Birincisi ölkədə sosial-iqtisadi durum xaos içərisindədir və bu üzdən vətəndaş xaricə qaçır. İkincisi ənənəvi müxalifət satın alınıb, parçalanaıb, xalqın müxalifətə olan inamı sındırılıb. Biz Razi Nurullayevin sədrliyi ilə AXCP-ni yenidən formalaşdıranda qarşımıza qoyduğumuz əsas məqsəd, missiya xalqın müxalifətə olan inamını, mübarizə ruhunu geri qaytarmaq oldu. Bu gün də bu yolda var gücümüzlə çalışırıq. Təşkilatlanmağa xüsusi diqqət yetiririk. Bölgələrdə oluruq, vətəndaşlarla, cəbhəçilərlə, gənclərlə görüşlər keçirir, onların problemlərini dinləyir, suallarını cavablandırmağa çalışırıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, saxta vəsiqə verən partiya sədrləri cəzalandırılmalıdır: 

"Əslində bu məsələdə günahkar olan iki tərəf var. Bunlardan biri "müxalifət”dir ki, nələrinsə qarşılığında bu cür vəsiqələri verirlər. Demokratiya adı altında ədalətsizlik edir və heç bir siyasi fəaliyyəti, əziyyəti olmayan adamlara partiya vəsiqəsi verirlər. 

Saxta vəsiqələr hesabına isə həmin şəxslər mühacirətə gedirlər. Əsl müxalifətçilər isə daim əziyyət çəkirlər. Bu məsələdə haqsızlıqlar son dövrlər özünü daha qabarıq şəkildə göstərir. Digər tərəfdən isə bu həm də hökumətin günahıdır. Hökumət insanları ölkədən didərgin salan səbəbləri araşdırmalı və həll etməlidir. Günü-gündən sürətlənən beyin axını Azərbaycanın gələcəyi üçün də yaxşı heç nə vəd etmir. Bu baxımdan hesab edirəm ki, saxta müxalifətçilər, onlara vəsiqə verən partiya sədrləri ciddi şəkildə cəzalandırılmalıdır”.

Vilayət Muxtar