Yuxarı

"Yurd" yeni qüvvələri hədəfə alıb

ReAl Hərəkatının katibi Altay Göyüşov və "Yurd” təşkilatı arasında davam edən söz davası artıq təşkilatlarası çəkişməyə çevrilib.

"Cümhuriyət” qəzeti xəbər verir ki, sosial şəbəkələr və bir sıra mətbuat orqanlarında gedən çəkişmə tərəflərin biri-birinə kəskin ittihamları və təhqirlərlə müşayiət olunur.

"Yurd” üzvləri və funksionerlərinin ReAL yetkililəri - Altay Göyüşov və Natiq Cəfərliyə qarşı kəskin ittihamlarına cavab verən hərəkatın Ali Məclisinin sədri Erkin Qədirli "yurdçu”ların həddi aşdıqlarını bildirib:

"Bu günə qədər bu söhbətdən uzaq durmağa çalışmışam, amma onlar bütün hədləri aşdılar. Həbsdə olan liderimiz İlqar Məmmədovun üzərindən emosional şantaj yapmaq cəhdlərinə qəzəblənməmək olmur.Son zamanlar öncə Natiq Cəfərliyə, indi də Altay Göyüşova qarşı hücumlarına heç cür haqq qazandırmaq olmur.Bu, nə davranışdır?Heç nədən özlərinə problem yarada bilirlər, hamıyla dalaşırlar, neçə yerə parçalanıblar və sair.Hamını da satqın çıxarmağa çalışırlar.İndi də ReAl-ın üstünə gəlirlər”.

Şəxsi konfliktlərin güdazına gedən müxalifət

ReAl və "Yurd” arasındakı gərginliyi iki təşkilat arasında mövqe savaşı kimi qiymətləndirmək olar, amma tərəflərin ittihamlarından başqa məqamlar ortaya çıxır. Məsələn, Erkin Qədirli "Yurd”un, dolayı yolla bu təşkilatın sədri Əli Kərimlinin ReAl Hərəkatının sədri İlqar Məmmədovun yerinə, daha doğrusu, müxalifətdəki statusuna göz dikdiyini iddia edir. "Yurdçu”lar isə Əli Kərimlinin uzun illərdir "müxalifət lideri” olduğunu və heç kəsin yerində gözünün olmadığını deyirlər. İlk baxışda bu, mövqe savaşı kimi görünsə də açıq təhqirlər göstərir ki, bu, mövqe savaşı yox, ənənəvi müxalifət statusunda uzun illərdir oturan Əli Kərimlinin yeni yetişən siyasi qüvvələrə olan qısqanclığıdır.Bu, həm də Əli Kərimlinin timsalında ənənəvi müxalifətin digər təmsilçilərinin demokratik düşərgənin zəifləməsində istifadə etdikləri ənənəvi taktikadır.Şübhəsiz ki, belə çəkişmələr cəmiyyətin nəzərində müxalifətin nüfuzuna ağır zərbə vurur və inamı azaldır.Hazırda da ənənəvi müxalifəti gündəmdə saxlayan hakimiyyət uğrunda apardığı mübarizə yox, bu düşərgəni təmsil edən təşkilatların başçıları arasında şəxsi münasibətlər zəmninində gedən konfliktlərdir.

Cəmiyyətə aşılanan inamsızlıq

Müsavat Partiyası və "Yurd” arasında uzun illər gedən yorucu münaqişələr artıq gündəm yarada bilmirdi.Artıq cəmiyyət hansı mərhələdə tərəflərin bir-birilərinə qarşı hansı sözü deyəcəyini əvvəldən bilirdi.Buna görə də ənənəvi müxalifət gündəmdə qalmağın başqa yolunu - yeni yetişən siyasi qüvvələri sıxışdırmaq, sosial şəbəkələrdə onların əleyhinə kampaniyalar aparmaq taktikasını seçdi.Qeyd etdiyimiz kimi bu, cəmiyyətin baxışında müxalifətə olan inzamı azaltdı.Şübhəsiz ki, hakimiyyətlə aparılmalı olan demokratik mübarizəni şəxsi konfliktlərin qurbanına çevirən Əli Kərimli və digərləri xalqın dəstəyindən məhrum oldular.

Bu müxalifətçilik deyil.Azərbaycan kimi ölkələrdə müxalifət insani dəyərləri ön plana çəkən güc rolunda çıxış etməlidir.Belə ölkələrdə hakimiyyət öz opponentlərinə, yaxud rəqiblərinə qarşı güzəştsiz olur ki, Azərbaycanda da belə bir vəziyyət hökm sürür.Amma uzun illərdir əsl müxalifətin yerini zəbt etmiş ənənəvi düşərgə meydanı yeni yetişən qüvvələrə vermək fikrindən uzaqdır.Nəticəsi də budur ki, həmin şəxsi məsələlərlə gündəmi zəbt edənlərə qarşı cəmiyyətdə qeyri-ciddi münasibət formalaşıb və hər seçkidə hakimiyyət rahatca qalib gəlir.

Mənsur





Həftənin ən çox oxunanları