Yuxarı

Yeni siyasət dönəmi

Yeni siyasət dönəmi

Razi Nurullayev:  "Yeni təşəbbüslər meydana gəlməkdədir və inanıram ki, çox keçmədən siyasi proses yaranacaq”

Elman Fəttah: "Narazılıq var, amma etirazçı azdır, belə bir durumda siyasi partiya yaratmaq real görünmür”

Əvəz Temirxan: "Geosiyasi situasiya dəyişməyənə qədər...”

Ölkədəki mövcud vəziyyət, xüsusilə iqtisadi çətinliklər siyasi prosesləri müəyyən qədər arxa plana atıb. Xüsusilə ənənəvi müxalifətin illər uzunu apardığı siyasətdən uzaq fəaliyyət cəmiyyət daxilində narazılıqla qarşılandığından proseslərə yanaşmada passivlik hiss edilir. Ənənəvi müxalifəti təmsil edən siyasi partiya və qrupların proseslərə adekvat olmayan passivliyi başqa bir zərurəti ortaya çıxarır. Hesab olunur ki, vəziyyəti ölkənin lehinə çevirmək və köklü islahatları reallaşdırmaq yeni, ətrafında daha çox sayda qüvvəni cəmləyə biləcək siyasi partiya, yaxud hərəkatı zəruri edir. Nəzərə alsaq ki, müxalif düşərgəni təmsil etdiyini bildirən mövcud siyasi partiyalar da o qədər aktiv deyil, bu da proseslərə yeni baxışı labüd etməlidir.

"Siyasi proseslərin ölməsinin də günahkarları onlardır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yeni siyasi partiyanın yaranmasına ehtiyac yoxdur. Partiya sədri hesab edir ki, problem partiyalarda, adlarda yox, məhz şəxsiyyətlərə bağlıdır: 

"Yeni təşəbbüslər meydana gəlməkdədir və inanıram ki, çox keçmədən siyasi proses yaranacaq. Siyasi proses yaranan kimi işlər yoluna düşəcək. SSRİ-nin dağılması yeni siyasətçiləri və partiyaları meydana gətirdi. İndi onlar hələ də meydandadır və elə ümidlərin qırılmasının, siyasi proseslərin ölməsinin də günahkarları onlardır. Zaman və siyasət yetişmişdi, xalq ayaqda idi, Azərbaycan ikinci dəfə Şərq dünyasında gözqamaşdıran demokratik və xoşbəxt cəmiyyət qurmaq imkanlarına malik idi. İntriqalar, xəyanətlər, gözügötürməzlik, mənəm-mənəmlik və burnundan uzağı görməmək hər şeyi bərbad etdi.

Azərbaycanın bu günə düşməsində bizim məsuliyyətimiz yoxdur, siyasətin ölməsində günahkar deyilik, vəziyyəti dəyişmək üçün çox çalışırıq. Nəticə var, yoxsa yox, başqa məsələdir, bizdən asılı deyil. Ola bilsin ki, nəticəsi dərhal olmasın, amma mütləq gələcək. "O mütləq” o deməkdir ki, siyasi proses yenidən əmələ gəlsin. Bunun üçün regional və ya qlobal səviyyədə ciddi proses olmalıdır. O olan zaman da biz sözümüzü deyəcəyik”. 

Razi Nurullayev qeyd edib ki, ənənəvi müxalifət, prosesi başa çatdırmaqda iflasa uğrayıb məğlub olanlar hələ də "bəlkə də qaytardılar” arzusu ilə yaşayırlar: "O arzular çoxdan dəfn olunub, xəbərləri yoxdur. O proses başlasın, biz lazım gələrsə yeni hərəkat təşəbbüsü də irəli sürə bilərik, müqavimət hərəkatı da formalaşdıra bilərik. Necə addım atmaq lazım olduğunu proseslər bizə diktə edəcək”.

"Narazılıq yüksək səviyyədədir, etirazçı azdır”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Cümhuriyət” qəzetinə deyib ki, mövcud siyasi şəraitdə təşkilatlanmaq imkanları məhduddur. Başqan müavini siyasi partiyalarla yanaşı, əhali arasında da təşkilatlanma imkanlarının tamamilə məhdud olduğunu düşünür: 

"Belə vəziyyətdə hansısa siyasi partiyanın geniş miqyasda təşkilatnaması qeyri-mümkündür. Ancaq nəzəri olaraq hansısa siyasi partiya yaratmaq mümkündür ki, bu da bir möhür, bir "papka” və bir çantadan ibarət olacaq. Çünki siyasi iş imkanları tamamilə məhdudlaşdırılıb. İnanmıram ki, Azərbaycanda kimsə siyasi partiya yaradıb, məsələn, Müsavat Partiyasının nail ola bilmədiklərinə nail olacaq. Ümumiyyətlə, həmin siyasi partiyanın təşkilatlanması mümkün deyil. Kənarda isə böyük və təsiredici etirazçı kütlə yoxdur. Düzdür, ölkədə narazılıq yüksək həddədir, amma insanlar bu narazılığı etiraz müstəvisinə keçirəcək qədər hazırlıqlı deyillər. Həmin azlıqla da hansısa siyasi partiya yaratmaq mümkün kimi görünmür”.

"Bölgədə geosiyasi situasiya dəyişməyənədək...”

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan "Cümhuriyət” qəzetinə açıqlamasında meydana çıxacaq yeni siyasi qüvvənin də mövcud problemləri həll edə bilməyəcəyinə inanmadığını deyib. Mövcud regional situasiyanın da proseslərə öz təsirini göstərdiyini deyən ALP sədrinin sözlərinə görə, yeni siyasi partiyaların yaranması və yeni siyasi liderlərin ortaya çıxması, heç nəyi həll etmir: 

"Azərbaycan geosiyasi məngənədədir. Bölgədə geosiyasi situasiya dəyişməyənədək, vəziyyət dəyişməyəcək. Demək olar ki, belə vəziyyətdə bu mümkün deyil”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları