Yuxarı

"Yurd” lideri "Putin projesində”

Kreml onu yeni layihədə də koordinator kimi görməkdə maraqlıdır

Son zamanlar Rusiyanın diplomatik təzyiqləri artıb. Kreml sakitləşmir və "5-ci kolon”un sıxışdırılmasından narahatlığını Ermənistan üzərindən yeni təzyiq vasitələrinə əl atmaqla davam etdirir. Ermənistan və Rusiya arasında imzalanmış hərbi-siyasi sövdələşmələrin Dövlət Duması tərəfindən ratifikasiya olunması, prezident tərəfindən imzalanması, eyni zamanda Ermənistan sərhədlərinin qorunması ilə bağlı verilən yeni təkliflər də bu təzyiqlərin tərkib hissəsi hesab edilir.

Bunun davamı kimi deyə bilərik ki, 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisi ərəfəsində  Rusiyameyilli qüvvələrin fəallığı nəzərdən qaçmır. Rusiyanın seçkilərə hansısa formada müdaxilə ehtimalını keçmiş baş nazir Surət Hüseynov, keçmiş müdafiə naziri Rəhim Qazıyev, baş nazirin keçmiş müavini Abbas Abbasov və keçmiş dövlət başçısı Ayaz Mütəllibovun şübhəli fəallıqları da təsdiqləyir. Ehtimallara görə, Kreml seçkilərlə bağlı layihəsini yenidən federasiyada yaşayan azərbaycanlı milyarderlər vasitəsilə maliyyələşdirməyi nəzərdə tutub.  Başqa sözlə desək, 2013-cü il seçkilərində ortaya atılan Milli Şuranın yeni formatda, bu dəfə daha "qədim” siyasilərlə gündəmə gətirilmə ehtimalı var. 

Kremlin yeni proyekti

Görünən budur ki, Rusiya seçkilərə yeni birliklə təzyiq etmək fikrindədir. Məlumdur ki, 2013-cü ildə Rusiya Azərbaycanda keçirilmiş seçkilərdə belə bir addım atmaqla özünə təcrübə qazana bilib. Həmin vaxt Azərbaycan müxalifətinin birliyi kimi yaradıldığı elan edilən Milli Şura haqqında yarandığı gündən üzə çıxan faktlar göstərdi ki, o, birbaşa Kreml tərəfindən dəstək verilən və Moskvada qurulmuş Milyarderlər İttifaqının maliyyələşdirdiyi siyasi layihədir. Kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya müxalifətin vahid namizədi kimi "təyin edilməsi” isə proseslərin tamam fərqli mərhələsi idi. Çünki R.İbrahimbəyovun Azərbaycan vətəndaşlığı yox idi və onun seçkidə iştirakı da məhz elə bu səbəbdən baş tutmayacaqdı. Həmin vaxt Milli Şuranın namizədinin ikili vətəndaşlığı müzakirə mövzusu idi. Bakıdakılar inandırmağa çalışırdılar ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etmək üçün federasiyanın Miqrasiya Xidmətinə ünvanladığı müraciətə cavab veriləcək. Amma seçkilərə 2 ay vaxt qalmış məlum oldu ki, Azərbaycan vətəndaşlığı olmayan Rüstəm İbrahimbəyov ümumiyyətlə, Miqrasiya Xidmətinə müraciət etməyib.

Azərbaycan qanunvericiliyinə görə, ölkə vətəndaşlığı olmayan və 10 il davamlı şəkildə Azərbaycanda yaşamayan şəxs seçkidə namizəd kimi iştirak etmək üçün qeydiyyata alına bilməz. Beləliklə, Rüstəm İbrahimbəyovdan olan gözləntilər özünü doğrultmadı. Lakin Rusiya bundan kifayət qədər istifadə etmək imkanı qazandı.

Əli Kərimli iş başında

Milli Şuraya Moskvadan ayrılan   külli miqdarda vəsaitin hesabatı aparılmadı, bəlkə də aparıldı, ancaq şurada təmsil olunanlar hər zaman tələb etdikləri şəffaflığı "unutdu”, xalqa hesabat verməyi ağıllarına belə gətirmədilər. Həmin vaxt birliyin buradakı koordinasiya işlərini əvvəlcə Eldar Namazov yönləndirsə də, sonradan "Yurd” sədri Əli Kərimli həyata keçirirdi və vəsaitlərin əksəriyyəti də onun əlində cəmləşirdi. Elə ilk dəfə Rüstəm İbrahimbəyovun adı namizəd olmaqda hallananda ona əsas dəstəyi də "Yurd” fəalları və Əli Kərimli təmin etməyə başladı. Şübhəsiz ki, Əli Kərimlinin əsas məqsədi Rüstəm İbrahimbəyov, yaxud digər namizədin hakimiyyətə gedən yolunun üzərindəki maneəni aradan qaldırmaq yox, ayrılmış vəsaitlərdən özü üçün gəlir təmin etmək idi. Əlbəttə, hər nə qədər qərbpərəst siyasətçi kimi özünü tanıtmağa çalışsa da, Əli Kərimlinin ona maddi vəsait təmin edən bütün qüvvələrlə işbirliyinə hazır olduğu hər kəsə məlumdur. Məsələn, vaxtilə ABŞ və Avropanın siyasi institutları ilə geniş əlaqələri olan "Yurd” sədri bir tərəfdə FETÖ və İranla gizli əlaqələr qurmuşdu, bir tərəfdə də Azərbaycan hakimiyyətindəki bəzi qrupların tapşırıqlarını yerinə yetirirdi.

Layihənin koordinatoru

Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri artırması Kremlin də mərkəzində rol aldığı yeni siyasi gəlişmələri labüd edir. Artıq bu təzyiq mexanizmlərinin işə düşdüyü bildirilir. Azərbaycanlı milyarderlər və Bakıdakı emissarlarını bir araya toplamağa çalışan Kreml yeni layihəsini müzakirə edir. 2013-cü ildə olduğu kimi Rusiyanın bu dəfə də ölkədaxili siyasi qüvvələrdən istifadə edəcəyi şübhəsizdir. Son zamanlarda Əli Kərimlinin adının Rusiyapərəst qüvvələrlə yenidən birgə hallandırılması haqqında ciddi müzakirələr gedir. Sosial şəbəkələrdə bu informasiyaların çeşidləri artır. 

O, özü də bunu hansısa formada təkzib etmir və əksinə, emissarları vasitəsilə həmin şəxslərin sosial şəbəkələrdə müdafiəsini təşkil edir. Görünən budur ki, gizli bir razılaşma var və Kreml  Əli Kərimlini yeni layihədə də koordinator kimi görməkdə maraqlıdır. Əli Kərimli isə xislətinə uyğun olaraq yenə  də öz şəxsi maraqları və maddi mənfəəti üçün Kremllə əməkdaşlığa hazırdır.

Mənsur






Həftənin ən çox oxunanları