Yuxarı

Sanksiyalar: Tramp üçün qalxan

Sanksiyalar: Tramp üçün qalxan

Prezident impiçmentdən xilas ola biləcəkmi?

Elçin Mirzəbəyli: "Trampın komandasında  kifayət qədər anti-Rusiya əhval-ruhiyyəsində olan siyasətçilər var”

ABŞ-da yenidən prezident Donald Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması məsələsi gündəmə gəlib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maksin Uoters "ABC” telekanalına müsahibəsində danışıb. O, Trampın hakimiyyətdən uzaqlaşdırılması ehtimalının gündəmdə olduğunu deyib. Senator Trampdan sonra vitse-prezident Mayk Pensi vəzifəsindən uzaqlaşdıracaqlarını iddia edib."Nə vaxt ki, biz ABŞ prezidenti Donald Trampla qurtaracağıq, bizə Penslə də məşğul olmaq lazım gələcək.Növbədə odur”, - deyə Maksin Uoters bildirib.

Amerikada Tramp dönəminin sonu?

Xatırladaq ki, ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvləri Donald Trampın keçən il keçirilmiş prezident seçkilərinə Rusiya kəşfiyyatının müdaxiləsi ilə qalib gəldiyini iddia edirlər. Demokratlara görə, seçkilərin nəticələrini məhz rus kəşfiyyatı müdaxilə ilə onların namizədi Hillari Klintonun əleyhinə dəyişdirib.Artıq demokratların iddiasından üzərindən Rusiyanın müdaxilə ehtimalının araşdırılması ilə bağlı işlər gedir.Federal Təhqiqatlar Bürosu (FBI) və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) müvafiq dairələri də araşdırma işləri ilə məşğuldurlar.Hesab olunur ki, araşdırmaların sonunda irəli sürülmüş iddia öz rəsmi təsdiqini tapsa, bu, Donald Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmasına yol açacaq.FBI-nın yaydığı son bəyanatda da Rusiyanın müdaxiləsi ilə bağlı yeni faktlar əldə edildiyi diqqətə çatdırılır.

Prezidentin impiçment zərbəsindən yayınmaq cəhdləri

Donald Tramp da öz əleyhinə başlamış əks kampaniyaya qarşı səssiz dayanmır.Amerikanın geosiyasi maraqları çərçivəsində bir sıra addımlar atan Ağ Ev rəhbəri impiçment zərbəsindən yayınmağa çalışır.Suriyada Rusiyanın bölgədəki yeganə müttəfiqi Bəşər Əsədin mövqelərinə qarşı hərbi əməliyyatlar təşkil edən Tramp eyni zamanda, Amerikanın geosiyasi maraqları baxımından əhəmiyyətli olan Şimali Koreya və İran böhranları ilə də məşğuldur.Lakin prezidenti impiçment təhlükəsi qarşısında qoyan siyasi dairələri daha çox onun Rusiyaya qarşı sərgiləcəyi mövqe maraqlandırır.Bu baxımdan bir müddət əvvəl Konqresin Rusiya əleyhinə qəbul etdiyi yeni - ağırlaşdırılmış sanksiya layihəsini imzalayıb-imzalamayacağı da maraqla gözlənilirdi.Trampın imzalamaq məsələsində gecikməsi başqa ehtimalları ortaya çıxarmışdı.Ağ Ev rəhbərinin sürpriz edərək sənədi imzalamaqdan imtina edəcəyi ehtimal olunurdu, lakin o, bir neçə gün əvvəl məlum sənədi imzalayaraq müzakirələrə son qoydu.Ekspertlərə görə, sanksiya layihəsini imzalayan Donald Tramp bununla özünü impiçment təhlükəsindən xeyli məsafədə uzaqlaşdırdı.

"Razılaşdırılmış oyundur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Donald Trampın impiçmenti məsələsinin gündəmə gələcəyi əvvəldən də gözlənilən idi. Amma politoloq Amerika kimi ölkədə impiçmentin mürəkkəb prosedur olduğuna diqqəti çəkib:

"Tramp manipuliyasiya edərək üzərinə salınmış "kölgə”dən xilas olmağa çalışır. Bunun üçün də Rusiya ilə münasibətlərin kəskinləşməsi istiqamətində addımlar atır.Verdiyi qərarlar daxildəki reytinqinin qalxmasına zəmin yaradacaq, yəni, bununla onu vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmağa çalışan siyasi dairələrə təsir edə biləcək. Hesab edirəm ki, Nümayəndələr Palatası və digər siyasi qüvvələrin Trampa qarşı atdığı addımlar ətrafında təkcə impiçment məsələsi yoxdur, eyni zamanda burada ABŞ-ın geosiyasi maraqları üçün razılaşdırılmış oyun qaydalarının elementlərinə də rast gəlirik. Trampın komandasında da kifayət qədər antiRusiya əhval-ruhiyyəsində olan siyasətçilər var”.

Elçin Mirzəbəyli qeyd edib ki, ABŞ-ın dünya siyasətindəki mövqelərinin möhkəmləndirilməsi istiqamətində proses gedir:

"Birləşmiş Ştatlar atdığı son addımlarla göstərdi ki, bu hegemonluğunu  Rusiyavə digərləri ilə bölüşdürmək niyyətində deyil. Bu baxımdan impiçment və digər məsələlərin hallandırılmasını, daxili siyasətdə istifadə olunan manipuliyativ elementlər kimi qiymətləndirirəm.Hesab edirəm ki, bunun ciddi faktora çevrilmək ehtimalı aşağı səviyyədədir”.

Mənsur





Həftənin ən çox oxunanları