Yuxarı

Sentyabrda müharibə başlayacaq?

Sentyabrda müharibə başlayacaq?

Qabil Hüseynli: "Təxribat törədib Azərbaycan ordusunu hərb meydanına çəkmək istəyirlər”

Elxan Şahinoğlu: "Türkiyə ilə hərbi müttəfiqliyi yeni mərhələyə qaldırmaq lazımdır”

Rusiya KİV-lərində Ermənistan və Azərbaycan arasında növbəti müharibənin anonsu verilib. Rusiyalı mənbələrə görə, münaqişə tərəfləri arasında son zamanlarda yüksələn təzyiq geniş miqyaslı hərbi əməliyyatların başlamasına yol aça bilər. Ermənistan və Azərbaycanı diplomatik masaya çəkəcək mühitin olmadığı da diqqət edilən məsələlər arasındadır.

Rusiyalı politoloq Sergey Markedanov il ərzində tərəflər arasında hərbi toqquşmanın olacağını istisna etməyib. Markedanova görə, hazırkı situasiyada Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mümkün deyil: "Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hadisə gözlənilir. Biri prezidentlərin görüşü, digəri xarici işlər nazirlərinin BMT-nin Baş Assambleyasında gözlənilən görüşü. Hesab edirəm ki, heç bir görüş münaqişənin həllinə təsir etməyəcək və yeni müharibə başlayacaq. Toqquşmalar avqustda, ya da sentyabrda ola bilər. Prezidentlərin görüşündən sonra da toqquşma başlaya bilər, həmçinin, nazirlərin görüşündən sonra da. Amma kəskinləşmə olacaq. Bunu kimin başlayacağını demək çətindir. Mümkündür ki, tərəflərdən birinin əsəbləri dözməyəcək və toqquşma başlanacaq”.

Rusiya və Ermənistan arasında gizli Azərbaycan sövdələşməsi

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bölgədə müharibə təhlükəsini Ermənistan yaradır. Q.Hüseynlinin sözlərinə görə, əgər rusiyalı politoloqlar yeni müharibə riskindən danışırlarsa, demək ki, burada Rusiyanın da rolu var: "Çünki son zamanlarda Ermənistan təkcə təmas xətti istiqamətlərində yox, sərhəd bölgələrində də atəşkəs rejimini intensiv şəkildə pozmağa başlayıb. Tovuz rayonunda azyaşlı uşağı da yaralamaları göstərdi ki, ermənilər təkcə ordumuzun bölmələrini yox, mülki əhalini də hədəfə alıblar. Məqsəd də budur ki, Azərbaycan ordusu hərəkətə gəlsin. Buna görə də belə təxribatlar törədib, Azərbaycan ordusunu hərb meydanına çəkmək istəyirlər. Əgər ermənilər özlərinə güvənsəydilər, heç vaxt bu addımları atmazdılar. Hansısa supergüclə imzaladıqları sövdələşmələr əsasında, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) obyektivinə gətirə biləcək təxribatlara əl atırlar”. 

Politoloq vurğulayıb ki, Azərbaycan hələlik Ermənistanın təxribatçı addımlarına təmkinli cavab verir: "Proseslər o zaman baş verir ki, Rusiya - Ermənistan birgə ordusunun yaradılması haqqında imzalanmış sənəd ratifikasiya olunur, hər iki ölkənin prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Artıq Rusiya və Ermənistan birgə hərbi təlimlərə də hazırlaşır. Əlbəttə, Ermənistan öz dili ilə danışmır. Azərbaycanı da hərb meydanına çağırmaq gizli sövdələşmənin nəticəsi ola bilər. Bu məsələ ətrafında ciddi düşünməyə ehtiyac var”.

"2016-cı ildə münaqişəni qısa müddətdə həll edə bilərdik”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə deyib ki, rusiyalı politoloqlar son zamanlarda o məsələnin üzərində dayanırlar ki, guya müharibə başlasa, Rusiya prosesləri kənardan izləyəcək. Politoloq hesab edir ki, əgər Rusiya müşahidəçidirsə, o zaman keçən il Azərbaycan aprel ayında uğurlu hərbi əməliyyatlara başlayanda Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib, əməliyyatları dayandırmağımızı istəməzdi: "Bunu da tələb şəklində istədilər. Rusiya müşahidəçi olsaydı, əməliyyatları davam etdirib məsələni qısa müddətdə həll edə bilərdik. Buna görə də rusiyalı ekspertlərin iddiaları illüziyadır. Çünki Rusiya Ermənistana dəstəyini artırır. Danışıqlar da həqiqətən nəticə vermir. Ermənistan da Rusiyaya güvənərək təxribatla məşğuldur. Təmas xətti ilə yanaşı, sərhəd bölgələrində də ermənilər fəallaşıblar və mülki əhalini hədəfə alırlar. Ermənistan bunu, Rusiya prosesin içində yer alsın deyə edir. Amma Rusiya var deyə, biz geri addım atmamalıyıq, Ermənistanın cavabını verməliyik. Əks halda, belə bir fikir formalaşacaq ki, biz Rusiya - Ermənistan hərbi ittifaqından çəkinirik. Nəticədə ermənilər təxribatçı fəaliyyətlərini davam etdirəcəklər”.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın təxribatlarına başqa formalarda da cavab vermək mümkündür: "Məsələn, Türkiyə ilə hərbi müttəfiqliyi yeni mərhələyə qaldırmaq lazımdır. Türkiyənin Azərbaycanda hərbi bazaları yerləşdirilməlidir. Çünki artıq qarşımızda Rusiya - Ermənistan hərbi ittifaqı dayanıb. Biz təklikdə məsələni çoxdan həll etmişdik, amma artıq Rusiya da bu prosesə qarışıb. Buna görə də Türkiyə ilə müttəfiqlik istiqamətlərini genişləndirməliyik, eyni zamanda işğalçıya lazım olan cavabı verməliyik”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları