Yuxarı

Ənənəvi müxalifətin revanş cəhdi: Təcrübədən görünən məğlubiyyət

Ənənəvi müxalifətin revanş cəhdi: Təcrübədən görünən məğlubiyyət

Azərbaycanın ənənəvi müxalifət partiyalarının rəhbərləri arasında gizli görüş keçirilib.Bildirilir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlının təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının yenidən birlik formasında fəaliyyət göstərməsi müzakirə olunub.Bağlı qapılar arxasında bir neçə saat davam edən görüş barədə mətbuata məlumat verilməyib.Yenidən bu qüvvələrin bir araya gəlməsi ilə bağlı müxtəlif fikirlər səslənir.Bu qüvvələrin bir yerdə olması mümkün olmadığı kimi olsalar belə, yalançı görüntü olduğunu hər kəs bilir.

Məlum görüşdən sonra bildirilib ki, görüşdə müxalifət partiyalarının birlik formatında fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunmayıb.Lakin buna qədər partiyaların hələlik funksional əməkdaşlıq etməsi barədə razılaşma əldə olunub.

Müzakirələr nə vəd edir?

Qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi partiyalar arasında təmasların sıxlaşdırılması və müzakirələrin davamlı şəkildə aparılması təbii ki normal qarşılana bilər və əslində normal qarşılanmalıdır.Lakin təcrübə göstərir ki, bu sağlam düşüncə və qüvvələr arasında mümkündür.Ənənəvi müxalifətin bir araya gəlməsi idarə olunan yeni birliyin yaradılacağı ehtimallarını artırır.Çünki hər dəfə belə olub.Müxtəlif xarici güclərin tövsiyə, təzyiq və vəsaiti ilə müxtəlif birliklər yaradılıb.Nəzərə alsaq ki, ənənəvi müxalifətin təcrübəsində saysız belə görüşlər, təmaslar olub və bunun nəticəsində saysız səmərəsiz birliklər yaradılıb, bu dəfə də proseslərin bu xətdən kənarda cərəyan edəcəyini bəribaşdan söyləmək olar.Amma bu birliyin də köhnə birliklərdən biri olacağı da bəribaşdan aydındır.Çünki xeyli belə təcrübə var və yaxın tarix olduğundan heç kəsin yadından çıxmayıb.Çoxlu misallar sadalamaq olar.

Qalibiyyətin bir addımlığındakı məğlubiyyət

Məsələn, 2005-ci ildə keçirlən parlament seçkilərində də müxalifət qalibiyyətə yaxın idi. Lakin bu dəfə də xalqın mütləq əksəriyyətindən dəstək və səs alan ənənəvi müxalifət öz əli ilə özünü qalibiyyət kürsüsünün bir addımlığında dartıb aşağı saldı. Demokraik qaydalarla mübarizə aparmaq taktikası eyforiyadan deyil, kiminsə ambisiyasından pozuldu.Unudanlar üçün deyək ki, həmin vaxt əksəriyyət və mitinq iştirakçıları oturaq mitinqlərə başlamaq qərarına dəstək vermirdi.Çünki situasiya elə idi ki, bu üsul qələbəyə çans vermirdi.Amma qaragüruhçuluqla Əli Kərimli və yandaşları bu iradənin ziddinə olaraq prosesi həmin səmtə yönləndirdi.Nəticədə şəxsi intriqalar yenə də hakimiyyətə gedən yolun üzərinə əngəl çıxardı.Siyasi proseslərə cəld və adekvat reaksiya imkanının olmaması və hətta belə imkan olduğu təqdirdə belə ondan ancaq şəxsi məqsəd üçün faydalanma, birinci olmaq iddiası və bu iddiaya adekvat olmayan bacarıq, uzun illərdir ənənəvi müxalifət cəbhəsində mövcud olan mənəm-mənəmlik davası indiyəqədərki bütün mümkün şansları heçə endirib.Dəfələrlə birləşməklə xalqın dəstəyini qazanmaq imkanını əldən buraxan və əslində belə bir dəstəkdə maraqlı da olmayan ənənəvi müxalifət cəbhəsi üçün seçki siyasi hakimiyəti qazanmağın yolu olmaqdan çoxdan çıxaraq sadəcə şəxsi maraqlarını təmini üçün fürsətə çevrilib. Başqa sözlə, ənənəvi müxalifətin acınacaqlı keçmişi və hələ də sədrlər arasında davam edən şəxsi intriqalar 2018-ci il seçkisindən də qalib ayrılmaq şansını sıfıra endirir.

"Gələn il ənənəvi müxalifət arxivə göndəriləcək”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, yaxınlaşan prezident seçkiləri öncəsi yenidən ənənəvi müxalifət partiyalarının rəhbərləri ümumi konsensusa gəlmək üçün danışıqlar aparmaq niyyətindədir. AXCP rəsmisi hesab edir ki, fəallaşmaq niyyətində olan 1990-cı illərin siyasilərinin fəaliyyəti fiaskoya uğrayacaq: "Belə görüşlər onların biri-birlərinə qarşı etimadının formalaşmasına səbəb yaratmayacaq. Çünki özlərinə qarşı inamsızlıqlarını özləri də görürlər. 2018-ci il ölkədə siyasi dəyişikliklərə imza atacaq yeganə partiya AXCP-dir. Razi Nurullayevin apardığı siyasət ölkədə siyasi müxalifətin inkişafına töhfə verir. AXCP yenidən xalqın etimadını qazanır. 2018-ci il ənənəvilərin arxivə göndərilməsi, yeniliklərə imza atacaq AXCP-nin inkişaf dönəmi olacaq. Müsavat, Milli Şura və "Yurd”un birləşmək cəhdləri baş tutmayacaq. Xalq onlara inanmır, rəğbət bəsləmir.Xalqın dəstəyindən məhrum olan ənənəvi siyasilərin yeri bağ evlərində dincəlməkdir.Hesab edirəm ki, siyasi dəyişikliklər istəyən digər partiyaların AXCP ətrafında birləşmələri daha məqbuldur”.

"Danışdıqdan sonra dağılışıb öz evlərinə gedirlər”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında ənənəvi müxalifətin bu dəfə də müsbət nəticəyə nail olacağına inanmadığını bildirib. Hərəkat yetkilisi hesab edir ki, tarixin heç bir dönəmində Azərbaycanın ənənəvi müxalifəti birləşə bilməyib, birləşsə də heç nəyə nail ola bilməyib: "Müzakirələrin nəticəsi seçilən mövzu ətrafında partiyaların anlaşıb-anlaşmayacağından asılıdır. Partiyaların hansı məqsədlə bir araya gəldikləri də məlum deyil.Əslində müxalifət qurumlarının bir yerdə hansısa məsələ ətrafında müzakirə aparmaları təqdirəlayiq haldır.Amma nəzərə almaq lazımdır ki, bu müzakirələri təşkil edənlər ənənəvi müxalifətin ənənəvi simalarıdır.Bəziləri də var ki, bir "papkası”, bir də özüdür.Adları müxalifətdir, özləri yox.Əgər bir yerə toplanırlarsa, işləri uğurlu olsun.Amma qarşıda onların belə təmaslarla hansısa nəticə əldə edəcəklərinə inanmıram. Bunu uzun müddət müxalifətdə təcrübəsi olan adam kimi deyirəm. Bu adamlar həmişə bir yerə gəlib uzun müddət danışır, sonra da dağılışıb hərə öz evinə gedir”.

"Birlik olmayacaq”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Cümhuriyət” qəzetinə deyib ki, sonuncu müzakirələrdə iştirak edən müxalifət qurumlarının eyni birlik daxilində seçkilərə gedəcəkləri ehtimalı aşağı səviyyədədir: "Bu görüş barədə geniş məlumata malik deyiləm. Amma bildiyim budur ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.Bu görüşlər tamamilə qeyri-siyasi məsələləri ehtiva edir.Bu görüşdə iştirak edən siyasi təşkilatların seçkilərlə bağlı hansısa birlik quracaqları ehtimalı gözlənilən deyil”.

"Vəziyyətimiz o qədər də ürəkaçan deyil”

Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli "Cümhuriyət” qəzetinə ənənəvi müxalifətin müzakirələrinin müsbət nəticələrə aparacağı ehtimalının hazırkı situasiyada inandırıcı olmadığını bildirib. Partiya rəsmisi fikrini siyasi partiyalar arasına olan konfliktlərlə izah edib: "Müxalifət partiyalarının bir araya gəlib hansısa mövzu ətrafında müzakirə aparmaları yaxşı haldır. Amma illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifəti öz içində bir araya gələ bilmir.Buna görə də vəziyyətimiz ürəkaçan deyil.Hakimiyyət də birləşə bilməyən bu müxalifəti güc kimi tanımır.Çox yaxşı olardı ki, müxalifət bütün küskünlükləri kənara qoyub bir araya gəlsin. Yalnız birlik yolu ilə hansısa nəticəyə nail olmaq mümkündür. Qarşıdan gələn seçkilər üçün də müxalif düşərgənin birləşəcəyi ilə bağlı konkret fikir demək mümkün deyil, ancaq ümid etmək olar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları