Yuxarı

Müxalifətin uğur formulu

Müxalifətin uğur formulu

2003-cü ildə Mixail Saakaşvili cəmiyyətin mütləq çoxluğunun dəstəyi ilə Gürcüstanda dəyişiklik edəndə Azərbaycanda hər kəsin ürəyinə ümid toxumları səpildi ki, bizim də siyasi palitramızdakı rənglər dəyişəcək. Proseslər Ukrayna və Qırğızıstana çatanda hər kəs beynində gözlənilən dəyişikliyin həzzini əvvəldən yaşayırdı. Ərəblər də 40 illik rejimləri yola saldılar. Lakin Azərbaycanda cəmiyyət yenə də yanlış ehtimalları ilə dəyişiklik ovqatına girmişdi. Cərəyan edən hadisələrin fonunda seçkilər keçirildi. Heç nə dəyişmədi. Əksinə, proseslərin ciddi zamanında belə ənənəvi müxalifət piket xarakterli mitinqlər keçirərək, 3-5 nəfəri çətinliklə meydana çıxara bildi. Beləliklə, cəmiyyətin sürrealist düşüncəsi yenə də onu uzağa apara bilmədi. 

Azərbaycan cəmiyyəti sonuncu dəfə 2003-cü ildə ümidlənmişdi. Elə həmin il Saakaşvili Şevardnadze hakimiyyətini devirmişdi. Həmin vaxt demokratik düşərgə qalibiyyətə daha yaxın idi. Lakin həmin vaxtadək yeganə ümid yeri -hazırkı ənənəvi müxalifət özündə təpər tapa bilmədi,  uzun illər çıxmaq istədiyi kürsünün bir addımlığında lövbər salıb süst düşdü. Yəni, bacarmadı. Siyasi bacarıqsızlıq özünü tez büruzə verdi və nəticədə məğlub və iflas həddi başladı. Ardınca isə 2005-ci ilin seçki avantürası müxalifəti tamamilə çökdürdü.  

İntihar edən ideologiyalar

Həyata keçirilməsi ən realist düşüncə belə Azərbaycanda özünə qəbir tapıb intihar etdi. Amerika ard-arda belə sahələrdə mütəxəssis sayılacaq şəxsləri Azərbaycana səfir göndərdi, təmaslar təşkil etdi, külli miqdarda maliyyə vəsaitləri ayırdı. Lakin həmin pulları basıb yedilər və səfirlər də Azərbaycanda gedəndə bir az Əli Kərimliyə, bir az Pənah Hüseynə, bir az Arif Hacılıya və digərlərinə oxşayırdılar. Demək ki, əgər işlək ideoloqlar və onların ideologiyaları bura gəlib başlarını yerə atıb yatırlarsa, demək ki, problem ənənəvi müxalifətdir. Ənənəvi müxalifət əlindəki resursları nəinki hakimiyyət dəyişikliyinə, heç bu hakimiyyətə yüngülcə toxunacaq vasitəyə çevirə bilmədi. İndi də balansdakı 2-3 siyasətdən başı çıxmayan elektoratla yenidən ənənəvi vədlərini təkrarlamağa, xalqın başının altında yastıq qoymağa başlayıblar.

İndi isə əlləri Qərb və Amerikadan tamamilə üzülmüş ənənəvi müxalifət Rusiyanın köhnəlmiş siyasi düşüncəsinin leytmotivində təcəssüm etməyə başlayıb. 2013-cü ildə olduğu kimi bu dəfə də ənənəvilərin adları Kremlin siyasi proyektlərinə çəkilir.

Hakimiyyət - cəmiyyət, müxalifət - cəmiyyət münasibətləri 

Cəmiyyətdə yaranmış ümidi qırmaq və bütün düşüncəsini yox etmək faşist təfəkkürüdür.  Ənənəvi müxalifətin bütün bu səyləri gələcəkdə yeni siyasi qüvvələrlə yaranacaq demokratik inkişafın qarşısını kəsmək məqsədi daşıyır. Müxalifətin qoca teokratları təkcə bununla təşkilatlanmağa meyilli olan cəmiyyətin qarşısına əngəllər çıxarırlar. Özü, yəni ənənəvi müxalifət ölümcül süstlüyünü cəmiyyətin üzərinə sərdikcə, hakimiyyət orta və aşağı siniflərin hesabına daha da güclənir, yaranmış boşluğu özünə xidmət edən qruplarla doldurur. Demokratiya bayrağını da çoxdan əlindən salmış ənənəvi müxalifət isə ancaq öz kəlləsini xilas etmək səylərini həyata keçirir.

"Manqurt papağı”

İstər 2003-cü il, istərsə də 2005-ci ildəki hadisələrin məsuliyyəti ənənəvi müxalifətin boynundadır. Artıq ənənəvi müxalifət təmsilçilərinin ənənəvi liberal və demokratik pozaları da inandırıcı gəlmir. Bu gün də həmin düşərgədə oynanılan çirkli oyunlar cəmiyyəti zəhərləyir və iflic edir.

İnadcıl səylər

Problemlər həll olunmadan qaldıqca və ənənəvi müxalifət meydanda öz yerində durduqca  ortaya çıxan yeni siyasi qüvvələrin də işi çətinləşir. Cəmiyyətin pərakəndə mübarizəsi və azalan etiraz səsləri problemləri həll etməyə kifayət etmir. Yeni siyasi qüvvələrin özlərini göstərmələrinə ehtiyacları var. Həmin qüvvələrə də xalq kütlələrindən dəstək verilməlidir. Yalnız bu halda cəmiyyət özündə güc tapacaq və problemlərin həllinə münbit şərait yaranacaq. Bu günədək ənənəvi müxalifət bu islahatların aparılmaması üçün əlindən gələni etdi. Lakin, bütün hallarda çıxış yolu mübarizədən keçir. Qərarlı, sistemli, planlı və indacıl bir səy mənzərəni dəyişə bilər.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları