Yuxarı

Qarabağ üçün "Tatarıstan modeli” ləğv edilir

Qarabağ üçün

Kreml Tatarıstan Respublikasının hüquqi statusunu dəyişmək istəyir. Putin administrasiyası Rusiya Federasiyası ilə Tatarıstan Respublikası arasında 2007-ci ildə 10 il müddətinə yenidən imzalanmış müqavilənin müddətini uzatmaqdan imtina edir. Bununla da Çeçenistanda olduğu kimi Tatarıstanın da "xüsusi səlahiyyətli respublika” statusu ləğv edilə bilər. Siyasi müşahidəçilərin rəyinə görə, tatarlar Rusiyada sayca ikinci böyük millət olduğundan status problemi ilə bağlı yaranmış mübahisə Rusiya Federasiyasında irimiqyaslı milli münaqişənin baş verməsi riskini yaradır. Belə bir prosesin baş qaldırması Rusiyanın dağılmasına gətirib çıxara bilər. 

Qeyd edək ki, Tatarıstanın hüquqi statusu dünya təcrübəsində müstəqil olmayan, lakin ən yüksək səlahiyyətli özünüidarəetmə prinsipinə əsaslanan modellərdən biri sayılır. Ona görə də Kreml Tatarıstana Rusiyanın ərazi bütövlüyü üçün potensial təhlükə mənbəyi kimi baxır. Tatarıstan modelinin Dağlıq Qarabağa şamil edilməsi Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlar prosesində də iki dəfə təklif olunub. Rəsmi Bakı Tatarıstan modelinə 1994-cü ildən maraq göstərir. Son dəfə bu model haqqında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışmışdı. Məmmədyarov 2008-ci ilin iyununda Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda erməni həmkarıyla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bunları demişdi: "Dəfələrlə Ermənistana çatdırmışam ki, dünyada muxtariyyətin hansı modeli varsa, gəlin, onun üzərində işləyək. İstəyirsiniz, Tatarıstan variantını götürək. İstənilən model üzərində işləməyə hazırıq”.

Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyev də 1996-cı ildə Azərbaycana səfəri zamanı sözügedən siyasi modelin Dağlıq Qarabağa tətbiqinin mümkünlüyü barədə suala belə cavab vermişdi: "İstənilən demokratik dövlət qurmaq prosesində onun bütövlüyünü pozmadan çox şeyə nail olmaq mümkündür. Tatarıstanın dünyada "Tatarıstan modeli" adlandırılan nümunəsi digər regionların, respublikaların dövlət quruculuğunda da istifadə edilə bilər”.

2016-cı ilin oktyabr ayında prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla və erməni icmasının təhlükəsizliyinin təmin olunduğu bir neçə model tətbiqindən söz açmışdı. Həmin statuslardan biri də "Tatarıstan modeli” idi. Lakin indiyə qədər ermənilər bir neçə dəfə bu onlara verilən bu yüksək özününidarəetmə səlahiyyətindən imtina edib. Əgər Rusiya Tatarıstanın mövcud statusunu ləğv edərsə, yaxud azaltsa, erməni icması dünya təcrübəsində Dağlıq Qarabağ üçün örnək ola biləcək daha bir özünüidarəetmə təcrübəsini əldə etmək imkanını itirə bilər. Belə ki, Rusiya özü də bilmədən Dağlıq Qarabağ erməniləri üçün mənfi presedent yaradır.

Bu kimi yüksək muxtariyyət statusunun sayca azalması isə münaqişənin həlli prosesində Azərbaycanın maraqlarına cavab verir. Siyasi ekspertlərin fikrincə, Tatarıstan konstitusiyasına görə, respublikanın hüquqi statusu referendum yolu ilə müəyyən edilməlidir. Ancaq prezident Putinin bu referendumun ayrıca Tatarıstan ərazisində keçirilməsinə icazə verəcəyi inandırıcı görünmür. Ümumxalq səsverməsi bütün Rusiya ərazisində keçirilsə, bu, Dağlıq Qarabağın hüquqi statusunun referendum yolu ilə müəyyən edilməsini nəzərdə tutan Madrid prinsiplərinin reallaşmasında situasiyanı Azərbaycanın xeyrinə dəyişə bilər. 

Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə dair referendum Ermənistanın tələb etdiyi kimi yalnız Dağlıq Qarabağın erməni icması arasında deyil, Azərbaycan konstitusiyasına uyğun olaraq, bütün ölkə ərazisində keçirilə bilər. 

"Dağlıq Qarabağda Azərbaycanın tərəfdarları çoxdur”

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, ermənilərin hansı modeli qəbul etməsi Azərbaycanda dövlətin gücündən asılıdır: "Rusiya zəif olanda, mərkəzi hakimiyyət zəifləyəndə, Boris Yeltsin deyirdi ki, kim nə qədər suverenlik istəyir, götürsün. O zaman Tatarıstan özü üçün çox yüksək status əldə edə bildi. Yeltsin hakimiyyətdən getdikdən sonra Putin dövründə Rusiyada mərkəzi hakimiyyət çox gücləndi. Ona görə də hazırda Tatarıstanın 1990-cı illərin əvvəlində əldə etdiyi statusunu uzatmaqdan imtina edirlər. Tatarıstan hakimiyyəti də buna etiraz edə bilmir. Çünki Rusiyada mərkəzi hakimiyyət çox güclüdür. Azərbaycanda da mərkəzi hakimiyyət güclü olarsa, Dağlıq Qarabağa hansı statusu təklif etsə, onlar bunu qəbul etməli olacaqlar. Hər şey dövlətin gücündən asılıdır. Belə olarsa, ermənilər Azərbaycanın təklif etdiyi statusu qəbul etməli olacaq. Azərbaycanda yaşayan ermənilərin 98 faizi öz şəraitindən razı idi. Lakin emissarlar gəlməsəydi, Moskvanın qızışdırdığı oğru ”partnomenklatura” olmasaydı ermənilər Azərbaycanda yaşamaqdan razı idi. İndi də Azərbaycan hakimiyyəti güclü olsa, ermənilərə layiqli status təklif etsə, mən inanıram ki, Dağlıq Qarabağda Azərbaycanın tərəfdarları çoxdur”.

Zərdüşt Əlizadə onu da qeyd etdi ki, Tatarıstan modelini Dağlıq Qarabağa tətbiq etmək mümkündür: "Aland var, Şimali İrlandiya, Timor modelləri var. Dağlıq Qarabağa Tatarıstan modeli də təklif edilmişdi. Lakin orada gerçəklik dəyişdiyinə görə, hüquqi çərçivə də dəyişdi. Biz yerli ermənilərə "Aland modeli”ni danışanda onlar heyran olurdular, çox bəyənirdilər. Bizim hökumət də bu modeli qəbul edib. Sadəcə, onu təbliğ etmək lazımdır. Televiziyada, internetdə məlumat verilməlidir. Erməniləri Bakıya dəvət edib bu barədə onları məlumatlandırmaq lazımdır. Maliyyə ayrılmalı və erməni fəallarına göstərilməlidir ki, baxın görün necə gözəl modeldir. Biz də bunu həll etməyə razıyıq. Yaxud, hüquqşünasları toplayıb Dağlıq Qarabağa layiq status müəyyən etmək olar. Orada "Aland modeli” şərt deyil, başqa modellər də ola bilər. Əsas odur ki, xalqın özünün seçdiyi yerli özünüidarəetmə orqanı, müstəqil məhkəmə sistemi olmalıdır. Azərbaycanda məmur özbaşınalığına son qoyulsa, demokratik dövlət formalaşsa, ermənilər də razı qalar, azərbaycanlılar da”. 

Rusları qorxuya salan milli özünüdərk

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Tatarıstanın yüksək muxtar statusunun ləğv edilməsi prosesi tədricən həyata keçirilərək hazırkı vəziyyətə çatıb: "Eks-prezident Yeltsin o zaman Tatarıstanın prezidenti Mintimer Şaymiyevə demişdi ki, nə qədər mümkündürsə, o qədər müstəqillik əldə edə bilərsiniz. Tatarıstanla Rusiya arasında imzalanmış müqavilədə göstərilir ki, Tatarıstan xalqı öz prezidentini seçəcək. İkincisi, Tatarıstan istehsaldan və xarici ticarətdən əldə etdiyi gəlirləri yerli büdcədə saxlayacaq. Üstəlik də Tatarıstana xarici dövlətlərdə iqtisadi nümayəndəliklər açmağa icazə verilirdi. Bu, o zamankı demokratikləşmə xətti götürən Rusiya üçün kifayət qədər mütərəqqi addımlar idi.

Tatarıstan bundan çox məharətlə istifadə etdi. Mintimer Şaymiyev parlamentdə qanuni yolla Tatarıstanın prezidenti seçildi. Ən başlıcası isə Tatarıstan neftayırma sənayesindən və "Kamaz” kimi böyük istehsal müəssisəsindən əldə etdiyi gəlirləri özünün milli büdcəsinə daxil etdi. Nəticədə Tatarıstanda əməkhaqları 2-2,5 dəfə artırıldı. Rusiyanın başqa bölgələrinə nisbətən həmin dövrdə Tatarıstanda əməkhaqqı və pensiyalar 2-2,5 dəfə yüksək idi. "Tatarıstan modeli” həm iqtisadi çiçəklənmə, həm əhalinin maddi rifah halının yüksəldilməsi olmaqla Rusiya Federasiyası üçün bir nümunə idi. Lakin Tatarıstan Kreml üçün bir qıcıq obyektinə çevrilmişdi. Putinin hakimiyyətə gəlişi ilə Tatarıstanın muxtar səlahiyyətlərinə hücum dövrü başladı. Əvvəlcə, Tatarıstandan mərkəzi büdcəyə daxilolmaların əvvəlki qaydada bərpa olunmasına dair Moskvadan amiranə göstəriş gəldi. Tatarıstana isə əldə etdiyi gəlirlərin müəyyən bir hissəsini yerli büdcəyə daxil etməyə icazə verilir.

Sonra isə Tatarıstanda prezident seçkilərinin müstəqil olmasına Moskva razılaşmadı və Rusiya Federasiya Şurasının təqdim etdiyi namizədin Tatarıstan parlamentində səsə qoyulması təklif edildi. Mintimer Şaymiyev də buna etiraz olaraq, istefa verdi. Hazırkı prezident milliyyətcə tatar olsa da Putinin müəyyən etdiyi adamdır. Beləliklə, Tatarıstanın muxtar səlahiyyətləri əlindən alınıb. İndi isə Tatarıstanın yüksək muxtar səlahiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gətirilib. Kreml bildirir ki, Tatarıstanın muxtar səlahiyyətləri Rusiyanın Komi-Saxa respublikasının muxtar səlahiyyətlərindən üstün olmamalıdır. Tatar xalqı isə IV Qroznının dövründən bəri Rusiya dövlətçiliyinin və rus xalqının formalaşmasında yaxından iştirak edib. Tatarlar ən böyük potensiala malik etnik qruplardan biridir. Onlar yalnız Tatarıstanda deyil, Rusiyanın müxtəlif bölgələrində də yaşayan, sayı 25-30 milyona çatan bir millətdir. Tatarlar həm də türk xalqları arasında böyük nüfuza malikdir. Son illər tatarlar arasında özünüdərk və millətləşmə prosesi sürətləndiyindən ruslar bu məsələyə qorxu ilə yanaşır. Ona görə də milli dövlət atributlarını əlindən almağa çalışırlar”.

Qabil Hüseynilinin sözlərinə görə, "Tatarıstan modeli”nin Dağlıq Qarabağda tətbiqi mümkün ola bilər. Amma Ermənistanın müttəfiqi olan Rusiyanın bu modeldən niyə imtina etməsi sual doğurur: "Əgər Rusiya özü Tatarıstanın Yeltsin dövründə müəyyən edilmiş muxtar səlahiyyətlərindən narahat olursa, onu əlindən almağa çalışırsa, bu ermənilər üçün ən ideal variant idi. Yəni muxtariyyatın ən yüksək formalarından biri idi. Dağlıq Qarabağa "Aland adaları” modelini, başqa status formalarını təklif ediblər. Amma ermənilər müstəqillikdən və Ermənistana birləşməkdən başqa heç bir variantı başa düşmək istəmirlər. Rusiya isə özlərinə rəva bilmədiklərini başqa xalqlara və dövlətlərə rəva görür. Bu da düzgün olmayan yanaşmadır”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları