Yuxarı

Rusiyanın Xəzər həyəcanı

Rusiyanın Xəzər həyəcanı

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə "İnterfaks”a Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb”.

Təlim çərçivəsində döyüş gəmilərinin ekipajları yüksək dərəcəli döyüş hazırlığı siqnalı aldıqdan sonra dənizə çıxış və silah tətbiq etməyə hazırlığı sınaqdan keçiriblər. Hava hücumundan müdafiə və baza yerlərinin maskirovkası üzrə də təlimlər olub.

Rusiyanın Xəzərdəki sirli fəallığı

Artıq son bir ayda ikinci dəfədir ki, Rusiya Xəzər dənizindəki hərbi qüvvələrinin təlimlərini keçirir. Hər iki təlim üçün Cənub Hərbi Dairəsindən donanmanın döyüş qabiliyyətinin yoxlanılması məqsədi daşıdığı şərhi verilsə də ekspertlər son zamanlarda Rusiyanın bölgədə artan hərbi-siyasi fəallığı baxımından bu təlimlərin təsadüfi olmadığını iddia edirlər. Xüsusilə, Türkmənistan və Azərbaycan arasında bir neçə gün əvvəl bölgədə birgə qaz kəmərinin çəkilişinin müzakirə olunmasına Rusiyadan təpkilərin olacağı da müzakirə mövzusu idi. Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda olarkən azərbaycanlı həmkarı İlham Əliyevə türkmən qazının Azərbaycan üzərindən Avropaya tranzitini nəzərdə tutan qaz kəmərinin çəkilməsini təklif etmişdi. Hələlik Rusiyanın iştiarkını nəzərdə tutmayan layihənin həyata keçirilməsinin qarşısına əngəllər çıxarılacağı və bu məqsədlə təzyiq mexanizmlərinin işə düşəcəyi gözlənilən idi. Qurbanqulu Berdiməhəmmədovun səfərindən əvvəl Rusiya hərbi gəmilərinin Bakı buxtasına yaxınlaşmaları da daha ilginc iddialara yol açsa da tərəflər rəsmi qaydada bunun qarşılıqlı anlaşma əsasında olduğunu bildirərək, müzakirələrə son qoymuşdular.

"Xəzər donanması Suriyadakı əməliyyatlarda istifadə olunub”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya hərbi gəmilərinin Bakı buxtasına yaxınlaşması, Azərbaycanla razılaşdırma əsasında baş vermişdi. Partiya rəsmisi xatırladıb ki, bu və ya digər məsələlərlə bağlı Azərbaycanın hərbi gəmiləri də müəyyən vaxtlarda Rusiyanın limanlarına yaxınlaşıblar: "Buna görə də bu məsələnin fərqli istiqamətdə şərh olunmasını indiki şəraitdə doğru hesab etmirəm. Rusiya hərbi donanmasının təlimlərinə gəlincə, mütəmadi olaraq belə təlimlər keçirilir. Amma Rusiya Xəzərdəki hərbi donanmasından Suriyadakı əməliyyatlarda istifadə edib. Bu da təhlükəli faktordur. Çünki Rusiya bir tərəfdən Xəzərin "sülh dənizi” olmasını arzuladığını bildirir, bu istiqamətdə addımlar atacağını vurğulayır, digər tərəfdən isə Xəzərin hərbiləşdirilməsi istiqamətində işlər görür. Yəni, belə bir vəziyyətdə donanmanın artan təlimlərindən başqa mesaj da almaq olar. Lakin bunu donanmanın döyüş qabiliyyətinin yoxlanılması və gücləndirilməsi amili kimi də qəbul etmək mümkündür. Amma Rusiyanın Xəzər dənizində atdığı addımlar istədiyi nəticəni verməyəcək. Narahat olmağa dəyməz. Rusiyanın təkcə Xəzər dənizindəki davranışları yox, region və dünyada atdığı bir sıra addımlar aqoniya və aqressiyadan doğan hərəkətlərdir”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Rusiya potensial və imkanalarını nəzərə almayaraq, dünyada və regionda aparıcı güc olduğunu göstərməyə çalışır: "Moskva bütün dünyanın onunla hesablaşmasını istəyir. Bu baxımdan Rusiyanın atdığı bütün addımlara müxtəlif don geyindirmək olar. Hər dəfə belə addımlar atanda bunun hərbi qüvvələrin döyüş qabilyyətinin artırılmasına xidmət etdiyini bildirirlər. Amma ola bilsin ki, hansısa mesajlar da var”.

"ABŞ və Avropa İttifaqı ilə ciddi rəqabət gedir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın Xəzər hövzəsində artan fəallığının bir sıra səbəblərinin olduğunu deyib. AMİP yetkilisi hesab edir ki, buradan Azərbaycan da özünə müəyyən mesaj götürə bilər: "Hərbi təlimlər adətən, iki məqsədlə keçirilir. İlk növbədə təlimlər ordunun döyüş hazırlığı vəziyyətinin yoxlanılması, gücləndirilməsi məqsədi daşıyır, amma ikinci tərəfdən bu, əzələ nümayişi də ola bilər. Rusiyanın Xəzər bölgəsindəki hərbi fəallığında da bu iki məsələnin olması mümkündür. Son dövrlərdə Rusiya dünyanın qütbləşməsi ilə bağlı çox ciddi addımlar atır. Artıq bu məqsədlə Avropa İttifaqı və ABŞ-la sıx rəqabət aparır. Bu baxımdan Rusiya ordusunu gücləndirməyə çalışır. Eyni zamanda bu o mesaj da ola bilər ki, Rusiyasız regionda hansısa layihə həyata keçirmək mümkün deyil. Bu məsələ də ola bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları