Yuxarı

Nazirlərin sirli Bakı görüşü

Nazirlərin sirli Bakı görüşü

Bakıda sentyabrın ilk ongünlüyündə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüşün dəqiq vaxtı hələ tam müəyyənləşdirilməyib. Digər tərəfdən nəzərdə tutulan görüşün məqsədi və müzakirə olunacaq məsələlər haqqında ictimaiyyətə heç bir məlumat verilmir. Qeyd edək ki, son olaraq ötən ilin 19 fevral tarixində üç ölkənin xarici işlər nazirləri Tbilisidə görüşmüşdülər. Görüşdə üç ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin həyata keçirilməsi, regionda və dünyada baş verən proseslər və digər məsələlər ətrafında müzakirələr aparılmışdı.

Maraqlıdır, Bakıda keçirilməsi nəzərdə tutulan görüşdə nazirlər hansı məsələləri müzakirə edəcəklər? 

"Cümhuriyət” qəzetinə şərhində politoloq Natiq Miri deyib ki, nazirlərin Bakı görüşündə təhlükəsizlik məsələlərinin müzakirə olunma ehtimalı yüksəkdir:

"Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə regionda bir üçlük formatı formalaşıb. Bu format strateji baxımdan həm Azərbaycan, həm də digər region ölkələri üçün çox əhəmiyyətlidir. Bu formatın içində NATO ölkəsi olan Türkiyənin də olması çox ciddi siyasi və hərbi hadisədir. Çünki bu həmin formatın həm də regionun təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Təbii ki, bütün zamanlarda bu formatda keçirilən görüşlərdə əsas müzakirə məsələləri məhz təhlükəsizliklə bağlı olur. Çünki bu gün həqiqətən də region, xüsusilə də NATO-ya inteqrasiya yolunu tutmuş Gürcüstan üçün Rusiya tərəfindən təhdidlər var. Rusiya prezidenti Putinin Gürcüstanın işğal olunmuş ərazisinə-Abxaziyaya nümayişkəranə səfəri də göstərdi ki, bu real təhlükə hələ də mövcuddur. Digər tərəfdən Putinin Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş verən savaşa diqqət çəkməsi hesab edirəm ki, Gürcüstanla yanaşı, onu dəstəkləyən Qərbə də ciddi mesaj idi. Ona görə də düşünürəm ki, Bakıda keçiriləcək görüşdə də əsas müzakirə mövzusu məhz təhlükəsizlik məsələləri olacaq. Düşünürəm ki, yaxın zamanlarda bu üçlük formatında hərbi təlimlərin keçirilməsi də planlaşdırılır. Bu məsələ ola bilsin ki, Bakıda keçirilən görüş zamanı həll olunacaq”.

Politoloq əlavə edib ki, bu görüşün həm də iqtisadi əhəmiyyəti var. Çünki məhz bu üç ölkənin iştirakı ilə regionda böyük iqtisadi layihələr həyata keçirilir: "Bakı-Tbilisi-Qars dəmir yolu işə başlanılma ərəfəsindədir. Düşünürəm ki, bu çox böyük qlobal bir hadisədir. Eyni zamanda, həm də bu, Rusiyanı bütövlükdə İpək Yolundan kənarda qoyan bir layihədir. Təbii ki, bu Rusiyanı qıcıqlandırır. Düşünürəm ki, bu məsələ çox ciddi şəkildə müzakirə mövzusu olacaq. Ayrıca Cənub Qaz Dəhlizi çərçivəsində də bu üç ölkə əməkdaşlıq edir. Bu da TANAP və onun qolu olan TAP-la bağlıdır. Bu istiqamətdə də bu məsələni intensivləşdirmək üçün yenidən müzakirələrə ehtiyac var. Çünki bu layihələrin gedişatında ləngimələr mövcuddur və bunu üçün çox ciddi maneələr də var. Bu maneələr isə açıq şəkidlə Rusiya və onun dəstəklədiyi şəbəkələr tərəfindən törədilir. Düşünürəm ki, Bakıda keçirilən görüşdə bu məsələ də müzakirə predmeti olacaq.

Gürcüstanın bu formatda mövcudluğunun əhəmiyyətinə toxunan Natiq Miri bildirib ki, Gürcüstan Cənubi Qafqazın giriş qapısıdır:

"Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazın Avropaya açılan qapısı məhz Gürcüstandır. Eyni zamanda Gürcüstan Qərb dünyasının Cənubi Qafqaza giriş qapsıdır. Ayrıca olaraq Azərbaycanın bütün qlobal enerji və kommunikasiya layihələri məhz Gürcüstan vasitəsilə Türkiyə və Qərb dünyasına çıxacaq. Ona görə də Gürcüstan bu gün Azərbaycan və üçlük formatı üçün çox önəmli ölkədir. Onu da nəzərə almaq lazımdır ki, Gürcüstan artıq çox ciddi şəkildə NATO-ya inteqrasiya xəttini tutub. NATO bu yöndə Gürcüstanla əməkdaşlığı ciddi şəkildə artırır. NATO-nun son Gürcüstan hərbi təlimləri də göstərdi ki, artıq NATO ciddi şəkildə Gürcüstanda yerləşməkdədir. Cənubi Qafqazın ən güclü və strateji ölkəsi Azərbaycan olduğu üçün düşünürəm ki, NATO-nun bu yöndə də konkret planları mövcuddur. Bu baxımdan hesab edirəm ki, Cənubi Qafqazın girişi məhz Gürcüstandan başlayır. Düşünürəm ki, Gürcüstanın bu üçlük formatda olması böyük geosiyasi əhəmiyyət daşıyır. Gürcüstan həm də Qara Dəniz ölkəsidir. Gürcüstanın Qara Dəniz ölkəsi olması bütün zamanlarda Rusiyanı narahat edən amil olub. Ona görə də bunu qətiyyən diqqətdən qaçırmaq olmaz. Çünki Rusiya Krımı, Sevastopolu işğal edəndən sonra Qara Dənizdə hegemonluğu ələ almaq istədi. Ancaq Türkiyə Qara Dənizdə ən güclü donanmaya sahib olduğu üçün Türkiyənin ikinci Qara Dəniz ölkəsi olan Gürcüstanla bu formatda əməkdaşlı etməsi çox böyük önəm daşıyır. Bu təkcə Türkiyə üçün deyil, həm də Qərb dünyası-NATO üçün çox böyük əhəmiyyətə malikdir. Gürcüstanın bu formatda olması həm onun təhlükəsizliyinə, həm iqtisadi inkişafına, həm də Azərbaycan və Türkiyənin geosiyasi maraqlarına xidmət edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları