Yuxarı

Moskvadan separatçılara dəstək

Moskvadan separatçılara dəstək

Rusiya Liberal Demokratik Partiyası (RLDP) fraksiyasının Dövlət Dumasında deputatı, Dumanın Təhsil və elm komitəsinin sədr müavini, RLDP Ali Şurasının üzvü Boris Çernışov Rusiyanın paytaxtında "tanınmamış respublikaların” ictimai hüquq müdafiə təşkilatlarının qurultayını keçirmək təşəbbüsü ilə çıxış edib. "Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, deputat görüşdə tanınmamış respublikaların mövcudluğu problemi məsələsi qaldırılıb.

"Məndə "xalq diplomatiyası” ideyası Ermənistanda olarkən yarandı.Biz problemləri müzakirə edirdik, hansılarla ki, SSRİ dövründə Azərbaycanın tərkibinə daxil olmuş "Artsax” sakinləri rastlaşırlar.Bu insanların, dünya ictimaiyyəti tərəfindən tanınmamış başqa respublikaların sakinləri kimi, hüquqları boğulur, məsələn, onlar haqq etdikləri bütün sosial zəmanətlərdən istifadə edə bilmirlər. Onlar seçkilərdə iştirak və ya haqq etdikləri Rusiya pasportunu almaq üçün məmurların təhqirlərinə dözməyə məcbur edilirlər”, - deyə parlament üzvü vurğulayıb.

Qarabağın Rusiyaya birləşdirilməsi gündəmdə

Rusiya KİV-lərində bir sıra hallarda ekspertlər və müəyyən siyasi institutlar səviyyəsində Dağlıq Qarabağ və digər münaqişəli bölgələrin federasiyaya birləşdirilmə yolu ilə regional münaqişələrin həll edilməsi məsələsi gündəmə gətirilir.Çernışovdan əvvəl RLDP lideri, deputat Vladimir Jirinovski də Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi təklifini vermişdi. O, məlum çıxışında Dağlıq Qarabağın nə Azərbaycan, nə də Ermənistana aid olduğunu, "tarixi Rusiya torpaqları” olduğunu demişdi. 

Son zamanlarda isə məsələnin Kremlə yaxın siyasi institutlar tərəfindən başqa formada - separatçı bölgələrdə yaşayan insanlara Rusiya pasportlarının verilməsi şəklində gündəmə gətirilməsi təsadüfi hesab olunmur. Ehtimal olunur ki, həm Dağlıq Qarabağ, həm də digər tanınmamış respublikalarda yaşayan insanlara Rusiya pasportları verməklə, münaqişələrə həmin əraziləri Krım kimi özünə ilhaq etməklə birdəfəlik həll etmək niyyətində ola bilər. Separatçılara Rusiya pasportlarının verilməsi ilə Dağlıq Qarabağ və digər qondarma respublikalarda müstəqillik, yaxud Rusiyaya ilhaq referendumunun keçirilməsi də gözləniləndir.

"Həmin adamları pul verib danışdırırlar”

Politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, zaman-zaman Rusiya qanunvericiliyinə imperiya ambisiyalarını əks etdirən məsələlər daxil edilib. Politoloq hesab edir ki, bunlar müstəqil dövlətləri, xüsusilə də keçmiş Sovet respublikalarının suverenliyinə təhlükə yaradan amillərdir: "Bu yöndən zaman-zaman Moskvadan bəyanatlar da verilir. Rusiya həmişə çalışacaq ki, müstəqil dövlətlərin demokratikləşməsinin qarşısını alsın, özünə tabe etsin.Bu, imperiya ambisiyalı dövlətin quruluşudur.Çernışovun gündəmə gətirdiyi iddia da bu kursun davamıdır. Rusiya ettnik məsələdən  daim müstəqil dövlətlərə qarşı silah kimi istifadə edib. Öz maraqlarına çatmaq üçün etnik və dini fərqlilikləri toqquşdurur. Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Krım, Acarıstan və Çavaxetiyadakı separatçıları da Rusiya himayə edir. Rusiya həmçinin Azərbaycanın da öz ərazi bütövlüyünü bərpa etməsinə mane olur.Rusiyadan heç vaxt nə Azərbaycan, nə də digər dövlətlərin suverenliyinə hörmət gözləmirəm.Kreml imperiya maraqlarından geri çəkilmədikcə, müstəqil dövlətlər üçün təhdid mənbəyi olaraq qalacaq”.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycan və digər bölgə dövlətlərinin əsas hədəfi, Rusiyanın demokratikləşməsi olmalıdır: "Rusiyanın demokratikləşməsinə dəstək vermək lazımdır. Əgər Rusiyada demokratiya bərqərar olarsa, Çernışov kimi çıxış edənlər siyasi meydandan kənarda qalacaqlar.Lakin bu gün Kreml həmin adamları dilləndirir və buna görə də onlara pul da verə bilər”.

"Təklif Kremldə hazırlanıb”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya hər gün MDB məkanındakı münaqişələri qızışdırmaq siyasətində redaktələr edir.

Politoloq qeyd edib ki, Ukrayna və Gürcüstandakı separatçı bölgələri dəstəkləyən Kreml bununla regional təhlükəsizliyi təhdid edir: "Rusiya Minsk qrupunun üzvü olsa da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı Ermənistanın lehinə olan status-kvonu qorumağa çalışır. Rusiya Gürcüstan və Ukraynada olduğu kimi Qarabağdakı separatçılara açıq dəstək verməsə də bir sıra nüfuzlu siyasətçilər vasitəsilə dəstək mesajları verir.Hesab edirəm ki, Çernışovun Qarabağdakı separatçılara Rusiya pasportlarının verilməsi ilə bağlı gündəmə gətirdiyi təklif Kremldə hazırlanıb.Rusiya artıq Abxaziya və Cənubi Osetiyada belə bir avantüraya əl atıb.Bunu Qarabağla bağlı gündəmə gətirməklə isə münaqişənin həllindəki vasitəçilik missiyasına zərbə vura bilər”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Kreml Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsinə çalışır: "Bu, Kremlin yaxın strategiyasında öz əksini tapıb. Bununla Azərbaycana ciddi təzyiq etməyə, manevr imkanlarının qarşısını almağa və regionda qalıcılığını saxlamağa çalışır.Ermənistan da bunda maraqlıdır.Kreml sadəcə olaraq, həyata keçirmək istədiyi planı üçüncü şəxslərin dili ilə ortaya atır və nəbz yoxlayır.Azərbaycan buna sərt şəkildə reaksiya verməli, Rusiyadan izahat tələb etməlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları