Yuxarı

Razi Nurullayev müxalifətin vahid lideri olmaq istəyir

Razi Nurullayev müxalifətin vahid lideri olmaq istəyir

"Partiyamı və özümü bu şəxslərin önündə görürəm”

Son zamanlar müxalifətin lider təşkilatı və vahid lideri mövzusu müzakirə olunur. Bir çoxları iddia edir ki, əslində müxalifət düşərgəsində nə xüsusilə seçilən, öndə olan təşkilat, nə də lider yoxdur. Demokratik qüvvələrin ən ciddi problemlərindən birinin məhz bu olduğu ekspertlər tərəfindən qeyd edilir.

Bu mövzuda "Yeni Müsavat”a danışan AXCP sədri Razi Nurullayev isə partiyasının və özünün şərait yetişən zaman prosesin lideri olacağını hesab edir. Onun fikrincə, Azərbaycanda müxalifət cərgəsində nə lidersizlik problemi var, nə də aparıcı partiya problemi: 

"Guya kimisə lap belə Amerikadan gətirib müxalifət lideri kürsüsünə oturtsaq, hər şey düzələcək və xalq gedib onun ayağını öpəcək? Yoxsa, yeni lider, yaxud yeni siyasi partiya fəallarını həbsdən qoruyacaq, biznesmenləri onu maliyyələşdirməyə inandıracaq, xalqı da küçələrə tökəcək, hələ polisləri də öz ətrafına yığa biləcək... Absurd məsələdir. Təbii ki, yeni simalara, yeni siyasi təşkilatlara ehtiyac var. Biz də bunun lehinəyik, amma problemin kökü bunda deyil. İşi-gücü olmayanlar, təzə velosiped kəşf etmək istəyənlər ara-sıra bu söhbətləri ortaya atır və guya böyük kəşf edirlər. Müxalifətin önündə gedə biləcək və hətta ölkəni idarə edə biləcək siyasətçilər var, partiyamı və özümü bu şəxslərin önündə görürəm”.

R.Nurullayev bildirdi ki, məsələyə dərindən baxsaq liderlərin lider kimi xalq tərəfindən tanınması və qəbul edilməsi üçün siyasi prosesin olmasına ehtiyac olduğu görünər: 

"Hələ də iştirakçısı olduğumuz siyasi proseslər SSRİ-nin dağılması ilə baş verdi. Xalq özünün vicdanına, namusuna qısıldı, liderlərinə inandı, təmənnasız mübarizəyə qoşuldu, evində olan son qəpiyini mübarizə üçün sərf etdi, Dağlıq Qarabağ üçün vuruşdu, küçədə yatdı. Bütün bunlar siyasi proses idi. O prosesdə həm yararlı, həm də yararsız siyasətçilər ortaya çıxdı. Bu gün yenə də həmin insanların bir çoxu siyasətdədir. Lakin, artıq onlar xalq tərəfindən qəbul edilmir”.

R.Nurullayev qeyd etdi ki, Azərbaycanda yeni bir siyasi prosesin yetişməsinə ehtiyac var. Bu proses də yavaş-yavaş yetişir: 

"Bizim vəzifəmiz bu prosesi tezləşdirmək üçün katalizator kimi iştirak etməkdir. Biz ocağı körükləmək üçün çalışırıq ki, daha şux alovlansın. Lakin, müəyyən zamanın keçməsinə ehtiyac var. Azərbaycan cəmiyyətini silkələyə biləcək, cəmiyyəti dəyişə biləcək bir siyasi prosesə ehtiyac var. Bu qlobal bir prosesin də parçası ola bilər və Azərbaycan siyasəti də bu prosesdən öz nəsibini alar. "Ərəb baharı”nı xatırlayaq, proses Azərbaycana gəlib çata bilmədi. Çünki, Azərbaycan belə bir siyasi prosesi 90-cı illərdə keçmişdi. İndi, elə bir siyasi proses baş verməlidir ki, o prosesin qabağında gedək, özümüzü sübut edək, xalq da arxamızca gəlsin. Ancaq indi xalq mənim arxamca gəlsin demək olmaz, çünki bunu xalqa qəbul etdirmək olmur. Bir misal çəkim, Əbülfəz Elçibəy 60-cı illərdən mübarizədə olub, ancaq onu heç kim tanımayıb. Elçibəy disident olub, SSRİ-yə qarşı mübarizə aparıb, gizli təşkilatlar yaradıb, ancaq o, SSRİ-nin dağılma prosesi başlayanda parlamağa başladı. Onunla yanaşı yeni siyasi liderlər də parlamağa başladı. Azərbaycanda o həcmdə və ona bənzər siyasi proseslər olmalıdır ki, yeni liderlər görünə bilsinlər. Biz görünürük və mütləq daha da parlaq görünəcəyik. Bəlkə də yeni siyasi prosesi yaradan və idarə edən ilk qaranquşlar elə biz olacağıq”.






Həftənin ən çox oxunanları