Yuxarı

Putin seçki ilə bağlı qərarını verdi

Putin seçki ilə bağlı qərarını verdi

Ümumrusiya Gənclərinin Xalq Cəbhəsi Hərəkatı yaradılıb. Bu təşkilat Rusiya prezidentinə yaxınlığı ilə tanınan Ümumrusiya Xalq Cəbhəsi Hərəkatının gənclər qolu sayılır. Adıçəkilən qurumun açılışını ÜXC-nin gənclər layihəsinin rəhbəri İqor Kostyukeviç elan edib. Gənclər təşkilatının qarşıdan gələn prezident seçkilərini hakimiyyətin namizədinə dəstək məqsədilə qurulduğu bildirilir. Söhbətin Vladimir Putindən getdiyi artıq şübhə doğurmur. Dövlət başçısı son vaxtlar ona ünvanlanan "seçkilərdə yenidən namizəd olacaqsınızmı” sualından açıq cavab verməkdən yayınsa da ÜGXC-nin yaradılması artıq V.Putinin prezidentliyə iddialı olaraq qaldığını göztərir. 

Ümumrusiya Xalq Cəbhəsi Gəncləri Forumunun təşkilatçıları seçkiqabağı əsas məsələ kimi Rusiyanın gələcək prezidentinin obrazını təsvir etməyi xahiş ediblər. Bu da tədbirin gəncləri seçkiyə səfərbər etmək məqsədi daşıdığını təsdiq edir. Təbii ki, toplantının gündəliyi prezidentliyə namizədin təsvirini müəyyən etməkdirsə, orada V.Putindən başqa ikinci siyasətçinin obrazını canlandıra bilməzlər. Gənclər hərəkatının yaradılması Putinin seçkilərdə iştirak edəcəyindən xəbər verir. Ümumrusiya Gənclərinin Xalq Cəbhəsi layihəsinin müəllifi İ.Kostyukeviç Rusiya Prezident Administrasiyasının sədrinin birinci müavini Sergey Kiriyenkoya kifayət qədər yaxın şəxs sayılır. Bu da prosesin birbaşa Prezident Administrasiyasından idarə olunduğunu təsdiq edir. 

2018-ci ilin mart ayında keçiriləcək seçkilərdə gənclərdən ibarət Xalq Cəbhəsinin rolu tam müəyyənləşməyib. Təşkilatın rəhbərliyindən Rusiya medasına daxil olan məlumata görə, əgər V. Putin namizədliyini fərdi qaydada irəli sürərsə, hərəkatdakı gənclərdən prezidentin lehinə imza toplamaq üçün istifadə olunacaq. Təşkilat həmçinin vəkil edilmiş şəxslərin siyahısını prezidentə təqdim edə bilər. 

"Bizim üçün prezident bizim liderimizdir. Əgər o, növbəti müddətə seçkilərə getmək qərarı qəbul etsə, biz onu şübhəsiz ki, heç bir problem olmadan sizinlə birlikdə seçəcəyik”-ÜGXC-nin İcraiyyə Komitəsinin sədri Aleksey Anisimov belə deyib. 

Gənclərə ekranda çarx nümayiş etdirilib. Orada göstərilir ki, bir neçə gənc özü üçün futbol meydançası düzəldir. "Biz isə vaxtında özümüz hər şeyi etmişik”-kənardan onları müşahdə edən yetkin bir kişi isə belə deyir. Bu yeni bir layihənin anonsu kimi təqdim olunur: "Dəyişikliklər gözləməyin, dəyişikliyi yaradın”.

Qeyd edilən fakt prezident seçkilərində gənc elektorata öz tərəfinə çəkmək uğrunda Rusiyanın siyasi istiblişmentində rəqabətin başlanmasından xəbər verir. Putinin 2000-ci ildə hakimiyyət başına cavan perspektivli kadr kimi gəlməsi, sonrakı mərhələdə Dmitri Medvedyevin gənc lider kimi Putini əvəz etməsi yeni nəsli prezidentin dəstəkçisinə çevirə bilib. Rusiyada hakimiyyətə əsas təsir qüvvəsi hərbi sənaye kompleksi və iri biznes dairələrini təmsil edən oliqarxlar olub. 2014-cü ildə Krımın ilhaqından sonra "Velikorus” təbliğat maşını və xaricdə düşmən axtarışı gənclərin siyasi baxışına xeyli təsir göstərə bilmişdi. Lakin ölkə iqtisadiyyatının getdikcə kiçilməsi, işsizliyin artması fonunda yaranan sosial narazılıq müasir Qərb texnologiyalarına çıxış əldə edən gəncləri "soyuq müharibə”nin səngərində saxlamağa imkan vermir. Mart ayının 26-da Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həbsinə etiraz olaraq gənclərin kütləvi etiraz mitinqinə çıxması Vladimir Putin üçün spontan hadisə idi.

Navalnı artıq həbsdəir və onun seçkidə iştirakına imkan verilməyəcək. Ancaq informasiya inqilabı öz işini görür. Bu hərəkatın favorit qüvvəsini isə gənclər təşkil edir. Onların sıralarında bloqqerlər, ictimai fəallar yer alır. Rusiyanın siyasi mühitində dəyişiklik müşahidə olunur. Sürətlə dünyasını dəyişən köhnə kommunistlərə və hərbçilərə ümidvar olub seçkiyə getmək siyasi risk yaradır. Gənclər Rusiya elektoratının aparıcı qüvvəsinə çevrilməkdədir. Artıq V.Putin də gənclərin mövqeyinin 2018-ci ilin prezident seçkilərində həlledici təsirə malik ola biləcəyini nəzərə alır. Putinin rəhbərlik etdiyi ÜXCH-nın gənclər qanadının yaradılması da dövlət başçısının yeni nəslin nümayəndələrinə ehtiyacı yarandığını göstərir. Bu həm siyasi təbliğat baxımından, həm də seçici bazası kimi lazımdır. Onların keçirdiyi konsertlər, forumlar, gənclər və tələb festifallarından seçki kampaniyasında istifadə oluna bilər. Rusiya sosioloqları hesab edir ki, gənclər inqilab etməyə hələ hazır deyil. Ancaq onlar hamının gözlədiyi namizədə deyil, indiyə qədər seçkilərdə iştirak etməyən tamam başqa birinə səs verməklə Rusiyada siyasi sürpriz yarada bilər.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları