Yuxarı

AXCP sədrinin təklifi dəstək qazanır

AXCP sədrinin təklifi dəstək qazanır

Heç bir ölkə dini radikalizm və ekstremizm təhlükəsindən sığortalanmayıb. Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meylləri Azərbaycandan da yan keçmir. Bu təhlükə Azərbaycanda olub, olacaq da. Bəzi ekspertlər hesab edir ki, bu qüvvələr radikallaşmış gənclərdən öz məqsədləri üçün istifadə etməyə can atır. Bəzən xaricdə dini təhsil almış gənclərimiz dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısına çevrilir. Bunun da qarşısını almaq üçün illərdir ki, dövlətin müxtəlif qabaqlayıcı tədbirlər planı həyata keçirilir. Aparılan tədbirlərin özəyini gənclərin dini maarifləndirilməsi, ideoloji baxımdan düzgün istiqamətləndirilməsi məsələləri təşkil edir. Buna baxmayaraq bəzi xarici qüvvələrin təsiri nəticəsində bu istiqamətə maneələr yaradılır. Görünən odur ki, hələ də Azərbaycanda dini radikalizm təhlükəsi mövcuddur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Cümhuriyət” qəzetinə bildirib ki, dini radikalizmlə mübarizə üsulu təmsil etdiyi dövlət komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir: "Aidiyyəti dövlət qurumları Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizəni üç istiqamətdə aparır. Birinci, inzibati tədbirlər, ikinci, iqtisadi sahədə müəyyən tədbirlərin görülməsi, üçüncü isə, ideoloji iş, dini maarifləndirmə istiqamətidir. Birinci istiqamət inzibati müstəvidə həyata keçirilən tədbirlərdir. Bu tədbirləri hüquq mühafizə orqanları qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirdir. Konkret olaraq hər hansı bir radikal dini qrup və yaxud hansısa şəxslər dini zəmində qanunvericiliyin tələblərini pozarsa, müvafiq olaraq inzibati tədbirlər görülür. İqtisadi bloka daxil olan tədbirlər isə, radikal dini qrupların iqtisadi dayaqların məhv edilməsidir. Bu istiqamətdə dindarlaşma prosesinin süni prosesə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görülür. Bu, böyük məsələdir. İqtisadi blok dedikdə müəyyən dini təriqətlərin, dini cərəyanların iqtisadi zəmində dayaqlarının ləğv edilməsini nəzərdə tutur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əsas fəaliyyəti məhz ideoloji iş, dini maarifləndirmədir. Dini maarifləndirmənin içərisində Azərbaycanda müxtəlif idarə və müəssisələrdə, təhsil ocaqlarında, dini icmalarda, həbsxanalarda, hətta kənd və qəsəbələrdə, həmçinin məscidlərə qədər yerlərdə maariflənmə işləri aparırıq. Komitə bu maarifləndirmə işini Qafqaz Müsəlmanları İdarəsi ilə bilikdə aparır. Maarifləndirmə işində komitəyə yerli şəhər və rayon icra hakimiyyətləri, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də digər aidiyyəti qurumlar dəstək olur. Bundan əlavə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətilə birgə tədbirlər planı var. Həmin tədbirlər planını da mərhələ-mərhələ icra edirik. Aparılan hərtərəfli işin nəticəsi olaraq demək olar ki, dini radikalizmlə bağlı məsələdə təhdid yarada biləcək bütün problemlərin əksəriyyətini həll edə bilmişik”.

Xaricdə dini təhsilin ideoloji təsirlərinə gəlincə, Gündüz İsmayılov deyib ki, Azərbaycanda xaricdə dini təhsil almış şəxslərin dini ayin və mərasimlər icra etməsi, din xadimi, imam, axund təyin edilməsi mümkün deyi: "Bununla bağlı qanunvericiliyin tələbi var. Bizim bu sahədə qarşımıza qoyduğumuz əsas hədəflərdən biri ondan ibarətdir ki, din sahəsində kadrlar ölkə ərazisində yetişdirilməlidir. Ölkə başçısının tapşırığına əsasən ölkədə 11 dini kollec yaradılıb. Bunun bir məqsədi də elə bu idi. Eyni zamanda Bakı İslam Universitetində müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dəfələrlə bəyan edib ki, ölkədə dini təhsil, o cümlədən ali dini təhsil pulsuz olmalıdır. Bu istiqamətdə də işlər həyata keçirilir. Həm dini təhsilin ödənişsiz olması, həm də dini təhsilin keyfiyyətinin qaldırılması istiqamətində Qafqaz Müsəlmanları İdarəsilə birlikdə keçirdiyimiz tədbirlər öz nəticəsini verəcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Onun sözlərinə görə, dünyada mövcud olan bəzi məkrli qüvvələr islam adı altında öz maraqlarını həyata keçirməyə can atırlar. Bu təsirlər ölkəmizdən də yan keçməyib, bəzi xarici dini təhsil almış və ya təsirə düşmüş, radikallaşmış, dinin əsl humanist mahiyyətindən uzaqlaşmış şəxslərin təbliğatı nəticəsində dindarlarımıza da mənfi mənada sirayət edib:

"Xaricdə dini təhsil almış şəxslər həmin ölkədə mövcud olan islam modelini əsl islam kimi qəbul edir və onu ölkəmizdə tətbiq etməyə çalışırlar ki, nəticədə öz milli mənəvi dəyərlərimizə müxalif, xalqımız üçün xarakterik olmayan əcaib və xurafi "inanc"lar ortaya çıxmış olur. Azərbaycan İslam dininin dünyəviliyi baxımından həsəd aparılacaq bir məkandır. Dünya da qəbul edir ki, Azərbaycan radikalizmin, dini ekstremizmin və məzhəb ayrı-seçkiliyinin yayıldığı bir məmləkət deyil. Bunun üçün də Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetinin bazası əsasında Beynəlxalq İslam Universiteti yaradılması vacibdir. Multikultural dəyərlərimizin, dünyaya nümunə olacaq tolerantlıq şəraitində təhsil almış tələbələrin vasitəsilə əsl ənənəvi islam modelinin dünyaya təqdim olunmasını təmin edə bilərik. 5-6 minlik tələbə heyətinin təhsil ala biləcəyi bir universitetə lüzum var ki, xaricdə dini təhsilin qarşısı alınsın. Xaricdə dini təhsil alanlar bəzi vaxtlarda həmin ölkələrin kəşfiyyat orqanlarına cəlb edilir və ya təsiri altına salınaraq ölkəmizdə öz maraqlarını həyata keçirmək üçün istifadə edilir. Bu baxımdan da xaricdə dini təhsil almaq birmənalı şəkildə qadağan edilməlidir”.

Beynəlxalq İslam Universitetinin yaradılması lazımlıdırmı?

Dini məsələləri üzrə ekspert Namiq Hacıheydərli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda Beynəlxalq İslam Universiteti yaradılması ancaq nəzəri baxımdan mümkündür: "Amma praktik olaraq Azərbaycanda bütün dünya müsəlmanlarını birləşdirə biləcək, dünya ölkələrindən tələbələr cəlb edə biləcək dini universitetin qurulması qeyri-mümkündür. İstəsək də, istəməsək də İslam dini yüzlərlə məzhəblərə, təriqətlərə, qollara ayrılıb. Tutaq ki, Azərbaycanda Beynəlxalq İslam Universiteti yaradıldı, axı orada dərs deyəcək mütəxəssislər yoxdur. Dünyanın bütün təriqətlərinin, məzhəblərinin qəbul edə biləcəyi bir alim də yoxdur. Bu gün ölkəmizdə Bakı İslam Universiteti fəaliyyət göstərir. Amma bu ali məktəb bu günə qədər dünya səviyyəsinə çıxarıla biləcək din alimi yetişdirə bilməyib. Yəni, uğurlu bir nəticə görməmişəm”.

Ekspertin qənaətincə, din mövzusu əvvəlkindən daha artıq səviyyədə dövlətin nəzarətində olmalıdır: "Dövlət kimlərin harada və necə dini təhsil almasından xəbərdar olmalıdır. İraqda, Ərəbistanda dini təhsil alan vəhabi olub gəlir, Türkiyədə dini təhsil alan nurçu olur, İranda dini təhsil alan da şiə pərdəsi altında irançı olub gəlir. Hesab edirəm ki, bunlara nəzarət gücləndirilməlidir. Xaricdə dini təhsil alan azərbaycanlılar yanlış yönləndirilir. Məsələn, İranda təhsil alan vətəndaşlarımıza İran dövlətçiliyi dərsi tədris olunur, amma din pərdəsi adı altında. Belə vətəndaşlarımız özləri də bilmədən gəlib Azərbaycanda İran dövlətinə və dövlətçiliyinə xidmət edirlər. Amma düşünürlər ki, dinə xidmət edirlər. Kim harada dini təhsil alıb gəlirsə, hesab edir ki, əsil din odur. Yaxşı olardı ki, Bakı İslam Universitetində əsil islam öyrədilsin. Amma təəssüflər olsun ki, bu universitet gözlənilən nəticələri ortaya qoya bilmədi”.

Namiq Hacıheydərli onu da qeyd edib ki, birmənalı şəkildə bütün dindarlar təəssübkeşdir: "Dində belə bir şey var, əgər dindarsansa, ya şiə, ya sünni, ya vəhabi, ya da başqa təriqətlərin təəssübkeşisən. Bu təəssübkeşlikdən kənarda qalmaq mümkün deyil. Dünyada elə bir islam alimi və ya mütəxəssisi yoxdur ki, təəssübkeş olmasın. Tutaq ki, Beynəlxalq İslam Universiteti yaradıldı və ora xaricdən mütəxəssislər dəvət edildi. Vəziyyətdən asılı olmayaraq istənilən mütəxəssis təəssübkeşi olduğu təriqətin təbliğatçısına çevriləcək. Zənnimcə, bunun başqa bir formatı tapılmalıdır. 

İranda islamın İran, Ərəbistanda ərəb, Türkiyədə türk modelləri var. Ermənistanda xristianlığın erməni modeli var. Problem ondadır ki, Azərbaycanda islamın modeli yoxdur. Hesab edirəm ki, bu işlənib hazırlanmalır və bu modelə uyğun mütəxəssislər yetişdirilməlidir. Hansı ki o model Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etməlidir. İndiyə qədər ölkəmizdə nə milli ideologiya işlənib hazırlanıb, nə də ki, islamın Azərbaycan modeli. Buna görə də xaricdə dini təhsil almağa gedən vətəndaşlarımız təsir altına düşüb gəlir. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən gəldikləri ölkənin dövlətçiliyini təbliğ edirlər”.

Ekspert onu da əlavə edib ki, dini radikalizmdən qorunmaq üçün mütləq şəkildə maarifləndirmə işləri genişləndirilməlidir: "Baxmayaraq ki, Azərbaycan islam dövləti deyil, amma müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədir, ona görə də hər kəs mənsub olduğu dini dərindən bilməlidir. Orta məktəblərdə "Həyat bilgisi” fənni tədris olunur, dinlər haqqında informasiya verilir. Amma təəssüflər olsun ki, orada dini təəssübkeşlik özünü açıq şəkildə göstərir. Dinin biri öyülür, digərləri ikinci dərəcəli din kimi təqdim olunur. Hazırda dünyada 2400-dən artıq din var. Onların arasında onlarla din var ki, dünyada yayğındır. Bu dinlər və onların mahiyyəti haqqında həm orta məktəblərdə, həm də ali məktəblərdə geniş bilgilər verilməlidir. Zənnimcə, bu yolla dini radikalizmdən müəyyən qədər sığortalanmaq olar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları