Yuxarı

Azərbaycana media təzyiqi

Azərbaycana media təzyiqi

Son vaxtlar Azərbaycana qarşı bir sıra ABŞ və Avropa KİV-lərində materiallar dərc olunur."Azərbaycanın daxili işlərinə qarışılır” təəssüratı yaradan irihəcmli yazıların adi analitik materiallar və müəllifli məqalələr olmadığı da açıq formada görünür.İrəli sürülən iddialar və kiçik faktlarla işlənilmiş ehtimallar jurnalist təhqiqatlarından daha çox, kəşfiyyat və siyasi beyin mərkəzlərinin hazırladıqları materiallara oxşayır.Son illərdə xarici KİV-lərdə Azərbaycan əleyhinə buna oxşar və fərqli istiqamətlərdən çoxsaylı materiallar dərc olunub.

İndiki məqamda da burada qeyri-adi məqamın olmadığı ehtimalı yaransa da məsələnin arxasında başqa məqamlar dayanır.Hesab olunur ki, bu, seçkilərə hazırlaşan Azərbaycana qarşı Qərbdən təzyiqlərin başladığını göstərir. Çünki dərc olunan materiallarda irəli sürülən iddialar ayrı-ayrı tarixlərə aiddir ki, bunların seçkilərə az vaxt qaldığı zamanda gündəmə gətirilməsi, təzyiq mexanizmlərinin işə düşməsi ehtimallarını gücləndirir.

Rusiya və bu ölkənin siyasi dairələrinə bağlı "5-ci kolon” artıq bir müddətdir ki, fəallaşıb və seçkilərlə bağlı iddialarını gündəmə gətirirlər.Qərb isə Rusiyanın fəallığı fonunda sakit görünürdü, son məlumatlar isə Qərbin də Rusiyaya paralel olaraq, fəallaşdığı ehtimalını yaradır.

"Ölkəmizə qarşı aparılan informasiya müharibəsi kəskinləşib”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Cümhuriyət” qəzetinə açıqlamasında son zamanlar bir sıra xarici KİV-lərdə Azərbaycan əleyhinə aparılan informasiya savaşının qızışdığını bildirib. Deputat hesab edir ki, bu, ölkəmiz üçün silahlı müharibə qədər təhlükə kəsb edir:

"Son zamanlarda Azərbaycana qarşı informasiya müharibəsi daha da kəskinləşib. Bunun arxasında Ermənistan və ona dəstək verən qüvvələr var. Aralarında Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edən dövlətlər də var ki, onların bu fəaliyyətləri münasibətlərə mənfi təsir edir.Azərbaycan əleyhinə olan materiallardan daha çox Qərb KİV-ləri və bir sıra beynəlxalq təşkilatlar istifadə edirlər. Hesab edirəm ki, informasiya müharibəsi poliqonda olan döyüşlərdən az təhlükə kəsb etmir. Bu müharibədə yeni texnologiyalardan istifadə olunur.Azərbaycan bu istiqamətdə öz gücünü səfərbər edərək, Qarabağdakı təxribatlara cavab verdiyi kimi bu məsələdə də öz prinsipial mövqeyini orataya qoymalıdır.Azərbaycan bu müharibədə fəal şəkildə özünü müdafiə etməlidir”.

"Bu, Azərbaycana qarşı siyasi təxribatdır”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında, Avropa və ABŞ KİV-lərində son zamanlarda Azərbaycan əleyhinə gedən materialların seçkilərə hazırlaşan ölkəmizə qarşı təzyiq vasitəsi olduğunu bildirib. Politoloq həmin materialların müəyyən siyasi dairələr tərəfindən hazırlandığını və bunların analitik yazılar olmadığını diqqətə çatdırıb:

"Erməni saytların xarici KİV-lərdə Azərbaycan əleyhinə yazılan materialları tirajlaması, düşmən ölkənin ekspertləri və siyasət adamlarının bunlara münasibət bildirmələri bunların sifarişlə yazıldığını göstərir. Seçki ərəfəsində olduğumuza görə, bunun Azərbaycana qarşı bir təzyiq vasitəsi olduğunu düşünürəm. Hətta, burada özünü dost hesab edən dövlətlərin  xüsusi xidmət orqanlarının da  maraqları ola bilər. Bunların birmənalı şəkildə qərəzli materiallar olduğunu demək olar. Hiss olunur ki, materiallarda analitikadan daha çox, qərəzə yer verilib. Bu, Azərbaycana qarşı siyasi təxribatdır və bu materialların siyasi mərkəzlərin sifarişləri ilə yazıldığı qənaətindəyəm. Həmin kampaniyada özlərini dost elan edən dövlətlərlə yanaşı, digər ölkələrin xüsusi xidmət orqanlarının iştirak etdikləri istisna deyil”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları