Yuxarı

Rusiya Şərq siyasətini dəyişir

Rusiya Şərq siyasətini dəyişir

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraq Antiterror Xidmətinin nazir rütbəli rəhbəri Talib əl-Kənani ilə görüşüb.

"Cümhuriyət” qəzeti "RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya tərəfi İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və onun daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, İraq hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini qeyd edib.

Xatırladaq ki, İraqın tərkibindəki Kürdüstan muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də bölgənin müstəqilliyi üzrə referendum keçirəcəyini bəyan edib.Kürdlərin bu addımı Rusiya ilə yanaşı, rəsmi Bağdad, Tehran, Ankara və Vaşinqton tərəfindən pislənib.

Rusiyanın dəyişən Yaxın Şərq siyasəti

PYD və YPG kimi kürd silahlı birləşmələrinə Moskvada nümayəndəlik açmağa icazə verən Rusiya eyni zamanda Şimali İraq Kürd Muxtariyyəti ilə də isti münasibətlərə malik idi.Gözlənilirdi ki, kürdlərə verilən dəstəyin nəticəsi olaraq, Rusiya kürdlərin müstəqillik referendumunu tanıyacaq, amma rəsmi Moskva bu cəhdi pisləyərək bütün gözləntiləri alt-üst etdi.Ekspertlər isə qərarın daha geniş spektri əhatə edən məsələ olması və bunun Rusiyanın Yaxın Şərqlə bağlı dəyişən siyasəti ilə əlaqələndirirlər.Rusiyanın Yaxın Şərq siyasətində son zamanlar ilginc gəlişmələrin baş verdiyi bu baxımdan nəzərdən yayınmır.Məsələn, oktyabr ayında Rusiya tarixində ilk dəfə Səudiyyə Ərəbistanı kralı Moskvaya səfər edəcək.Səfərin təsadüfi olmadığı da şəksizdir.Çünki Rusiya Səudiyyə Ərəbistanının Yəmən siyasətinə dəstək verdiyi halda Qətər böhranında da Ər-Riyadın maraqlarını əks etdirən bir susqunluqla bitərəfliyini elan edib.Üstəgəl, bu ölkənin Rusiyadakı səfiri də son zamanlarda Moskvada tez-tez rusiyalı yetkililərlə təmasda olur, görüşlər keçirir.Lakin Şimali İraq Kürd Muxtariyyəti hökuməti ilə enerji müqavilələri imzalayan Kreml digər tərəfdən burada yaşayan kürdlərin müstəqillik istəklərinə qarşı olduğunu bildirir.Digər yandan isə Rusiya ilk dəfə İranın Suriyadakı məzhəbçi siyasətinə etiraz notaları verməyə başlayıb.

Amerikanın yerinə Rusiya?

Görünən budur ki, Rusiya ciddi şəkildə ənənəvi siyasətində dəyişiklər edir və bunun da birmənalı olmadığı dəqiqdir.Ekspertlərə görə, ABŞ-la son zamanlarda münasibətləri daha təhlükəli risklər daşıyan Rusiya gərginliyi azaltmaq üçün taktikanı dəyişmək məcburiyyətində qalıb.Amma Qətər böhranından sonra bir sıra ərəb ölkələri ilə münasibətləri gərginləşən Amerikanın regionda nüfuz dairəsinin kiçilməsinin də Rusiya tərəfindən nəzərə alındığı müzakirə mövzusudur.

Dəyişən taktika, dəyişməz maraqlar

Politoloq Zərdüşt Əlizadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Yaxın Şərq siyasətində etdiyi dəyişiklik, bu ölkənin maraqlarının olduğu ayrı-ayrı bölgələrdə yaranmış situasiya ilə bağlıdır. Politoloq hesab edir ki, Moskva maraqlarının təmin olunması üçün bir sıra taktiki gedişlərdən istifadə edir:

"Şübhəsiz ki, Rusiyanın dəyişən Yaxın Şərq siyasətində öz maraqları mühüm paya sahibdir. Bir sıra məsələlər var ki, bunlar dəyişikliyi zəruri edir.Əlbəttə, hər bir regional münaqişədə Rusiyanın öz maraqları var. Buna görə də bir sıra hallarda ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərir.Bütün hallarda isə bu, Rusiyanın ümumi maraqlarını əks etdirən dəyişiklikdir.Hesab etmirəm ki, bu dəyişiklik birbaşa ABŞ-ın təzyiqləri ilə bağlıdır.Düzdür, Rusiya bu təzyiqləri nəzərə alır, amma əsas məsələ əlbəttə, ayrı-ayrı bölgələrdə maraqların müxtəlif yollarla həyata keçirilməsi ilə əlaqədardır.Bir sıra hallarda bu maraqlar təhidid qarşısında qalanda taktiki gedişlər dəyişdirilir”.

Kreml Ağ Evə qarşı

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın Suriyada gedən proseslərdən istifadə edərək, Yaxın Şərqdəki mövqelərini möhkəmlətməyə çalışdığını deyib. Suriyanın bu ölkənin bölgədə yeganə dayaq nöqtəsinin olduğunu deyən politoloqun sözlərinə görə, Rusiya bununla ərəb dövlətləri ilə münasibətlərini gücləndirməyə çalışır: "Rusiya artıq Suriyada təşəbbüsü ələ alıb. Amma Kreml İŞİD-ə qarşı uğurlu əməliyyatlardan sonra Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün regionun söz sahibi olan Səudiyyə Ərəbistanı ilə hesablaşmalıdır.Bu baxımdan Səudiyyənin Yəmən və Qətər siyasətinə dəstək verən Rusiya bununla ABŞ-ın mövqelərini zəiflətməyə cəhd edir.Kremlin kürdlərin müstəqillik referendumunu tanımadığını bildirməklə İraqla münasibətləri isidəcəyinə ümid edir”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiya Suriyada İranın məzhəbçi siyasətinə qarşı çıxmaqla da bu ölkənin bölgədə genişlənməsindən narahatlığını dilə gətirir:

"Bir müddət əvvəl xarici işlər naziri Sergey Lavrov bölgə ölkələrinə səfər edərkən, Rusiyanın regiondakı rolunun artırılmasının və Körfəz ölkələri ilə isti münasibətlərin qurulmasının Rusiyanın əsas məqsədlərindən biri olduğunu demişdi. Amma ABŞ-ın Körfəzdəki fəaliyyətinin genişlənməsi fonunda Rusiyanın demarşları, regionda ABŞ - Rusiya qarşıdurması riskini artıracaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları