Yuxarı

Mübarizənin Saakaşvili nümunəsi

Mübarizənin Saakaşvili nümunəsi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş quberatoru Mixail Saakaşvili Ukraynaya dönməklə yenə gündəm yaratdı. Qeyd edək ki, bir müddət öncə Ukrayna prezidenti Pyotr Poroşenko onu  vətəndaşlıqdan məhrum etmişdi.  Saakaşvili faktiki olaraq heç bir ölkənin vətəndaşı deyil. Bütün bunlara baxmayaraq, Saakaşvili demək olar ki, qubernator (bəli, adi bir qubernator - müəllif.) olduğu Ukrayna əhalisinin rəğbətini qazanıb. Ona görə də Ukrayna əhalisi Saakaşviliyə dəstək verir. 2004-cü ildə də  Saakaşvili  Gürcüstanda azsaylı qüvvənin dəstəyi ilə inqilab etdi. O, 1000 nəfərlə inqilab edərək hakimiyyətə gəldi. Bu dəfə isə Ukrayna sərhəddini 300-500 nəfərlə yardı və Poroşenkoya da, erməni əsilli nazir Avakova da meydan oxudu. Özünün əsl müxalifət və onun lideri olduğunu təsdiqlədi. 

Bəs Azərbaycanda belə bir müxalifətçi varmı? Belə bir müxalif lider tapmaq olarmı? Köhnəlmiş ənənəvi müxalifət, "ana müxalifət” obrazına girmək üçün dəridən-qabıqdan çıxanlar adamlar niyə  Saakaşvilinin etdiklərini mindən birini bacarmırlar?

Azərbaycanın eks-spikeri Rəsul Quliyevdən başlayaq. Xatırlatmaq yerinə düşər ki, Rəsul Quliyev də 2005-ci il parlament seçkiləri öncəsi Azərbaycana qayıdacağı haqqında söz verdi. Onun gəlişini  və "demokratiya gətirəcəyini” gözləyən kifayət qədər adam vardı. Nə baş verdi? Rəsul Quliyev müxalif ruhlu insanların təkcə özlərini deyil, ümidlərini də güdaza verdi və qayıtmadı... 

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də Rəsul Quliyevi qarşılamaq və gətirmək üçün Ukraynaya getdi. İsa Qəmbər əliboş qayıtdı. Çünki Rəsul Quliyev gəlmək yox, gəlməyi imitasiya etmək qərarı vermişdi. Gəlmək üçün iradə, cəsarət lazımdır. Rəsul müəllimdə isə bunlar yox idi. İsa Qəmbər Rəsul Quliyevi gətirməyə getməmişdi. Sübut etmək istəyirdi ki, Rəsul Quliyev bu cəsarətin yiyəsi deyil və bu nəticəni xalqa təqdim edib özü müxalifətin lideri adına tək iddia etmək niyyəti güdürdü. 

Rəsul Quliyev isə Krıma - Simferopola qədər gəldi və geri qayıtdı.

Bəs Saakaşvili bunu necə edir? Saakaşvilinin faktiki olaraq pasportu - yəni vətəndaşlığı yoxdur və onun Ukraynaya dönüşü Rəsul Quliyevin Azərbaycana qayıtmasından daha çətin və ağır idi. Bu hadisə ölkə sərhədinin pozulmasıdır. Rəsul Quliyev isə Azərbaycan vətəndaşıdır və ona ölkəyə gəlmək üçün hansısa hüquqi prosedur mane olmurdu. Sadəcə, həbs təhlükəsi ola bilərdi. Saakaşvilini isə həbsdən daha təhlükəli bir tale gözləyirdi - sərhəd pozucusunun öldürülməsi. Son anda Ukrayna sərhədçiləri bundan imtina etdilər. Beləliklə də Saakaşvili "sentyabrın 10-da Ukraynaya dönəcəyəm” dedi və bunu bacardı.

Digər tərəfdən ənənəvi müxalifət elə bir fikir formalaşdırıb ki, sanki onların iqtidara gəlməsinə xalq mane olur. Məsələn, "Yurd” sədri Əli Kərimli hər dəfə mitinqlərdə, video-çıxışlarında iddia edir ki, xalq meydana çıxmasa, hakimiyyəti dəyişmək mümkün deyil. Ancaq Saakaşvili Gürcüstanda inqilab edəndə onun ətrafında ən yaxşı halda 1000 nəfər var idi. Bu azsaylı admlarla parlamentin binasına daxil oldu və hökuməti dəyişdi. Ukraynaya isə 300 adamla qayıtdı.

Bəs Əli Kərimli və digər ənənəvi müxalifət "liderlərinə” hakimiyyətə gəlməyə nə mane olur? 

Əslində bunun səbəbi hər kəsə məlumdur. Saakaşvili Gürcüstanda inqilab edəndə qarşısına məqsəd qoymuşdu. Konkret ideyası - Gürcüstanı demokratikləşdirmək vardı. Azərbaycanın ənənəvi  müxalifətinin niyyəti isə hər zaman fərqli olub. Onları ölkənin demokratikləşməsi, hakimiyyətin dəyişməsi deyil, öz şəxsi maraqları düşündürüb. Bunun acı nəticələrini isə bütün zamanlar xalq yaşayıb. Əli Kərimli "Demokratik Qüvvələrin Milli Şurası”nı yaradanda da eyni maraqlara xidmət edirdi. Bəlkə də Saakaşvilinin bu uğursuz liderlərlə müqayisə edilməsi qüsurludur. Ancaq maraqlıdır ki, niyə Saakaşvilidə alınır, Rəsul Quliyevdə, Əli Kərimlidə, Arif Hacılıda, Pənah Hüseyndə və digər özünü "Azərbaycan müxalifətinin əvəzsiz lideri” hesab edənlərdə yox? Saakaşvili söz verir və sözünü tutur, amma Rəsul Quliyev tuta bilmir. Saakaşvili 100 nəfərlə inqilab edir, Əli Kərimli xalqın elçiliyi ilə hakimiyyətə gətirilməsini gözləyir. Uzun illər məhrumiyyətlər yaşayan Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Saakaşvilini ölkəyə dəvət edir, gəlməsinə nail olur, İsa Qəmbər isə Rəsul Quliyevi qarşılamağa gedir, amma Azərbaycana tək qayıdır. 

Problem nədədir?

Əslində problem yuxarıda qeyd etdiyimiz kimi qarşıya qoyulan məqsədin nəyə xidmət etməsindədir. "Biz yol, ideya  adamıyıq” deyənlərin ekstremal vəziyyətlərdə şəxsi mənafelərini güdmələri və cəsarətsizlikləri problemin əsas köküdür. Aydındır ki, bu gün müqayisə etdiyimiz  ənənəvi liderlər Saakaşvili qədər siyasi nüfuza, çəkiyə malik deyillər. Adıçəkilən "lider”lərin çıxışlarında Gürcüstanın, dolayısı ilə Saakaşvili modelinin misal çəkilməsi əslində özlərinə verdiyi qiymətin göstəricisidir. Aydın olur ki, ənənəvi liderlər yeni proses yaradacaq gücdə deyillər, ancaq kimlərinsə təcrübəsini təkrarlamağa çalışırlar ki, o da alınmır.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları