Yuxarı

Mütəllibovu danışdıran "gizli əl”

Mütəllibovu danışdıran

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov fəallaşıb. 2018-ci ildə keçiriləcək prezident seçkiləri barədə mətbuata müsahibələr verən eks-prezidentin adı baş nazir təyin edilməkdə də hallandırılır. Fəallaşma bu baxımdan təsadüfi hesab olunmur. Hələ hakimiyyətdə olduğu dönəmlərdə adı Rusiyanın adamı kimi tanınan Ayaz Mütəllibovun adı bu dəfə də Kremlin Azərbaycandakı "5-ci kolon”u ilə birgə çəkilir. Ehtimallara görə, seçkilərə hazırlığa start verən sabiq prezidentin əsas hədəfi baş nazir postudur. 

"Onu "5-ci kolon” irəli çəkir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gələn il ölkədə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, müəyyən dövlətlər, xüsusilə, Rusiya siyasi proseslərə təsir imkanlarını artırmağa çalışacaqlar. O, qeyd edib ki, həmişə parlament və prezident seçkilərindən əvvəl Kremldən dəstək alan siyasi partiyalar və şəxslər önə çıxırlar:

"Hesab edirəm ki, Ayaz Mütəllibovun seçkilərdən əvvəl müsahibələr verməsi və fəallaşması fərdi istəklərindən irəli gəlmir. O, öz sözlərini demir, fərqli dairələrin fikir və istəklərini dilə gətirir. Vaxtlə Moskvada siyasi sığınacaq alan eks-prezidenti "5-ci kolon” irəli çəkir. Məsələn, 2015-ci il parlament seçkilərində Ayaz Mütəllibovun kadrı Araz Əlizadə parlamentə təyin edildi. Görünən budur ki, Rusiya yenidən seçkilərdən əvvəl bu kimi şəxslərin dili ilə öz maraqlarını gündəmə gətirir. Hesab edirəm ki, Ayaz Mütəllibovun baş nazir gətirilməsi üçün ciddi problem olmasa da onun bu ali kürsüyə qaldırılması, hakimiyyət daxilində ciddi qarşıdurma yarada bilər”.

M.Əsədullazadə hesab edir ki, Ayaz Mütəllibov heç vaxt müstəqil iradəyə malik olmayıb: "Rusiya və onun Bakıdakı emissarları qoca eks-prezidenti qabağa verməklə heç vaxt uğur qazana bilməyəcəklər”.

"Mütəllibov bu planın böyük tərkib hissəsidir”

Ağ Partiyanın (AP) sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son zamanlarda siyasi səhnədə aktivlik artıb. Partiya sədri hesab edir ki, fəallaşma təkcə, müxalifət - hakimiyyət münasibətlərində yox, hakimiyyətin öz daxilində də hiss olunur: "Artıq aktiv proseslər açıq müstəviyə keçib. Ayaz Mütəllibovun aktivliyini də bu çərçivədən qiymətləndirirəm. Ayaz Mütəllibov da istər hakimyyətdə olanda, istərsə də bundan sonrakı dönəmlərdə Rusiyaya bağlı adam olub. İnanmıram ki, indi də Rusiya ilə əlaqələrini kəsib. Əlbəttə, Ayaz Mütəllibovun fikirlərində və fəallaşmasında Rusiyanın izlərini axtarmaq bu baxımdan təbiidir. Mən heç vaxt Mütəllibovu təsadüfi və nə dediyini bilməyən siyasətçi hesab etmirəm. Düşünürəm ki, Ayaz Mütəllibov hansısa siyasi planın böyük tərkib hissəsidir. Amma inanmıram ki, onun hansısa şəxsi siyasi ambisiyası var və bunu həyata keçirmək istəyir. Əlbəttə, burada da Rusiyanın izini axtarmaq lazımdır”.

T.Abbaslının sözlərinə görə, seçkilər ərəfəsində təkcə Rusiya yox, İran və Qərbin də fəallaşmasının şahidi olacağıq:

"Xarici qüvvələr Azərbaycandakı mövqelərini gücləndirməyə çalışacaqlar. Sadəcə, biz gözüaçıq olmalıyıq ki, bu məsələlərdə dövlət maraqlarımıza zərər verilməsin. Buna görə də təkcə Ayaz Mütəllibovun yox, yaxın zamanlarda susmuş və indiyədək görünməyən siyasətçilərin fəallaşmasının şahidi olacağıq”.

Mənsur






Həftənin ən çox oxunanları