Yuxarı

Qarabağ "oyununda” son pərdə

Qarabağ

Rusiya - Azərbaycan münasibətlərində yeni gəlişmələr var.

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə tərəflər arasında başlayan gərginlik artıq yumuşalmaq üzrədir. Rusiyadan son zamanlarda istər ekspertlər, istərsə də rəsmi səviyyələrdə Azərbaycana yönəlik müsbət mesajlar Şimal qonşumuzdan ölkəmizə qarşı kəskin dəyişən münasibətin göstəricisi kimi qəbul edilir.

ABŞ və Avropa KİV-lərində Azərbaycan əleyhinə yönəlmiş araşdırma materiallarına etiraz edən yeganə ölkə mövqeyində də hazırda Rusiya dayanıb. Bu ökənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həmin materiallara etirazını bildirərək, bunun Rusiyanın müttəfiqi Azərbaycana "zərbə” olduğunu dedi. Başqa bir tərəfdən də Azərbaycanın strateji müttəfiqi sayılacaq dövlətlərdən fərqli olaraq, Rusiyanın nüfuzlu KİV-lərində həmin materiallara yer verilmədi. Üstəgəl, dövlət televiziyası və digər media qurumlarında Qərbin antiAzərbaycan kampaniyası kəskin şəkildə pislənildi. 

Azərbaycanın ərazi bütövlüyünə dəstək

Soyuyan Qərb - Azərbaycan münasibətləri fonunda Moskvada Azərbaycan - Rusiya münasibətlərinə dair beynəlxalq konfransın keçirilməsi də özündə bir sıra məqamları gizlədirdi. Tədbirdə iştirak edən Rusiyanın tanınmış diplomat və ekspertlərinin Azərbaycan haqqında ağızdolusu danışmaları, ölkəmizin bölgədə oynadığı rolu və Rusiya üçün əhəmiyyətini vurğulamaları da təsadüfi hesab edilmir. "Moskva - Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adı altında keçirilən konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzinin sədri Aleksandr Duqin bildirib ki, tədbir Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya obrazının müəyyən olunmasında mühüm rol oynayır. Qarabağ münaqişəsinin həlli yollarına toxunan rusiyalı ekspert bu münaqişənin Moskva ilə Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsinə mane olduğunu söyləyib. Kremlin baş ideoloqlarından biri olan Duqin həmçinin Dağlıq Qarabağın ermənilərin nəzarətində olduğunu deyərək, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkib.

"Bakının müstəqil siyasəti...”

Azərbaycanın regionda yeni baxış formalaşdırdığını söyləyən İzborskiy Klubun sədri, yazıçı-publisist Aleksandr Proxanov isə Bakının müstəqil xarici siyasət yürütməsinin Moskva üçün çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, bu məqam Azərbaycanın Rusiya ilə münasibətlərində mühüm rol oynayır. Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov isə Azərbaycanın İkinci Dünya müharibəsində əldə olunan qələbədə böyük payının olduğunu deyib. Rusiyalı siyasətçi bu gün Azərbaycanın dünya üçün önəmli regionda çox önəmli oyunçuya çevrildiyini qeyd edib. Digər rusiyalı deputat və senatorlar, siyasi ekspertlər və ictimai xadimlər çıxışlarında Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayırıblar.

İsinən münasibətlərin görünməyən tərəfləri

Ekspertlərə görə, Rusiya soyuyan Qərb - Azərbaycan münasibətlərindən fürsət kimi istifadə edib bölgədəki nüfuzunu genişləndirməyə çalışır. Bu baxımdan son zamanlarda Avrasiya İttifaqından çıxmağa hazırlaşdığı deyilən Ermənistana Moskvadan artan təzyiqlər və bu ölkənin Azərbaycanla hədələnməsi də diqqətdən yayınmır. Üstəgəl, rusiyalı politoloqlar Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə yeni sövdələşmənin ola biləcəyi ehtimallarını da gündəmə gətirirlər. Məsələn, Aleksandr Duqin məsələ ilə bağlı son açıqlamasında belə bir ehtimalı istisna etmədi və mərhələli həll planından danışaraq, 5 rayonun Azərbaycana qaytarılacağının anonsunu verdi. Ehtimal etmək olar ki, Qərblə Azərbaycan arasındakı soyuqluğu fürsətə çevirən Rusiya 2018-ci ildə keçiriləcək prezident seçkilərindən əvvəl Qarabağ münaqişəsini rəsmi Bakının maraqlarına uyğun bir formada həll edib, Qərbi oyundan kənarlaşdırmağa cəhd etməklə pas vəziyyətinə salmaqda maraqlıdır.

Moskvadan Qarabağla bağlı yeni sənəd

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiya və Azərbaycan arasında mürəkkəb proseslərin getdiyini deyib. O, hesab edir ki, prosesin içində Azərbaycanın maraqlarına uyğun olan və olmayan məqamlar var:

"Bizi maraqlandıran əsas məsələ, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətinin dəyişməsi ilə bağlı ola bilər. Rusiya da Qarabağ problemi ilə əlaqədar yeni planını həyata keçirmək istəyir. Duqin yenə də 5 rayonun qaytarılması məsələsini gündəmə gətirdi. Amma Dağlıq Qarabağın statusu ilə bağlı məsələdən danışılmadı. Rusiyanın digər siyasət adamları da Azərbaycan haqda yüksək fikirlər səsləndirirlər.

Görünən budur ki, Rusiya Azərbaycanı və bu ölkənin siyasi elitasının bir hissəsini öz təsir dairəsinə salmaqla, siyasi proseslərə nəzarət etmək fikrindədir. Amma bizi Rusiyanın Dağlıq Qarabağ münaqişəsində obyektiv mövqe tutacağı maraqlandırır. Hər halda Rusiya Qarabağ problemi ilə bağlı yeni sənəd hazırlayır. Moskvanın həll səyləri xüsusilə də ABŞ-ın 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı verdiyi açıqlamadan sonra daha intensiv forma alıb. Amma Amerikadan fərqli olaraq, Rusiya 5 rayon məsələsini gündəmə gətirdi.

Laçın və Kəlbəcərin qaytarılmasını sonrakı bazarlıq üçün saxlayır. Hər halda 5 rayonun qaytarılması da müsbət hal olardı. Bu, Azərbaycanın xeyli rahat nəfəs almasına gətirib çıxara bilər”. Q.Hüseynli hesab edir ki, Rusiya bölgədəki rolunu və nüfuzunu itirmək istəmir: "Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həll prosesində aktiv olmağa çalışır. Amma hələlik proseslər start mərhələsindədir və yavaş-yavaş gedir. Görünür ki, yaxın vaxtlarda Rusiyanın bütün istiqamətlər üzrə hərəkətləri tamamilə müəyyənləşəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları