Yuxarı

"Yurd” mitinqə gəlməyənə "söyüş qoyub”

Milli Şura mitinq elan edib. Sentyabr ayının 23-nə təyin olunmuş aksiyanın "Məhsul” stadionunda keçirilməsi planlaşdırılır. Bu məqsədlə sosial şəbəkələr və bir sıra saytlar üzərindən təbliğat işlərinə start verilib. Artıq Milli Şura və "Yurd” rəhbərliyi üzvlər və funksionerlərə mitinqə adam gətirmək tapşırığını verib.

Milli Şura mitinqi izdihamlı keçirmək istəyir. Bu niyyət özünü "Yurd” və Milli Şura fəallarının canfəşanlığında da göstərir. "Yurd” rəhbərliyi üzvlərə tapşırıb ki, aksiyaya mümkün qədər çox adam cəlb etsinlər. 

Mesajla çağırış, "lipa”lar və s...

Mitinqə adam gətirmək tapşırığı ilk növbədə bu qurumun və "Yurd”un nə qədər bacarıqsız olması, mitinqin əsl mahiyyətini anlamamasından irəli gəlir. 

Mitinq dəvətlə yox, cəmiyyətin, yaxud etirazçı elektoratın özünün istəyindən irəli gələn məsələdir. Lakin bundan əvvəlki mitinqlər və kütləvi tədbirlərdə Milli Şura  elektorat bazasının kasad olduğunu sübut edib. Bir qayda olaraq, Yasamaldakı kiçik futbol meydançası "Məhsul”da təşkil olunan mitinqi nisbətən gözəgəlimli polis və hüquq mühafizə orqanlarının əməkdaşları,  KİV nümayəndələri, ərazidə yaşayan və istirahət üçün bura gəlmiş yaşlı adamlar və futbol oynamaq üçün növbə gözləyən uşaqlar edirlər. Heç "lipalar” da kiçik meydançada izdiham yaratmaq işində nə Milli Şuraya, nə də "Yurd”a kömək edə bilmirlər. Milli Şura izdihamlı mitinq keçirmək kimi ağır işin öhdəsindən hələ ənənəvi  müxalifət bir olanda  gələ bilməmişdi. 2013-cü ilin seçkiləri ərəfəsində də piket xarakterli mitinqləri ilə Milli Şura KİV-lər və müstəqil siyasi adamları tərəfindən az tənqid olunmamışdı. Lakin bundan da özünə dərs götürüb ayıblarına qısılmayan Milli Şura və "Yurd” rəhbərliyi yenə də ambisiyalarının onları pis vəziyyətdə qoymalarından narahat olmuş kimi görünmürlər.

Həmin ambisiyadır ki, insanları etiraz meydanlarından qaçırır və müxalifətlə cəmiyyət arasında dərin uçurum yaradır. Əlbəttə, son zamanlarda kifayət qədər siyasiləşən cəmiyyət də anlayır ki, dəvətlə izdihamlı mitinq təşkil etmək mümkün deyil. Dünyanın heç bir ölkəsində insanları fərdlər şəklində etiraz etmək üçün meydana dəvət etmək praktikası yoxdur. Ən yaxşı halda özünə güvənən siyasi təşkilat mitinqi elan edir və hazırlıqlara başlayır. Lakin 5-10 nəfərlə üzünü ağ elməyə çalışan nə Milli Şura, nə də "Yurd”un elə bir imkanı yoxdur ki, bu işin öhdəsindən elanla gəlsin. Buna görə də məcburdur ki, sosial şəbəkələrdə mesaj yazmaqla, telefonlarına zəng etməklə ənənəvi simaları meydana çağırsınlar.

Söyüşlü dəvət

Milli Şura və "Yurd” üzvlərinin meydana adam çıxarmaq işində diqqət çəkən başqa məqam da var. Bu, nümayişə çağırılan şəxslərin söyülməsi ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan "skrinşot”lardan görünür ki, mitinqə gələcək adamların qarşısında söyüşləri şərt kimi qoyurlar. Şantaj edirlər ki, aksiyaya gəlməyəcəkləri halda bu söyüşləri üzərlərinə götürüb, "söyüş yiyəsi” olacaqlar.

Milli Şura, xüsusilə də "Yurd” sədri Əli Kərimlinin sosial şəbəkələrdə güclü "söyüş lobbisi”nin, "söyüş maşını”nın olduğu heç kəsə sirr deyil. İndi edilən "möhtəşəm mitinq” elanından sonra meydana hansı elektoratla çıxmaq kimi ağır işin qarşısında çarəsiz qalan Əli Kərimli yenidən "söyüş maşını”nı işə salıb və mitinqə gəlməkdən boyun qaçıran adamları özünün "qoçu dəstələri”nə söydürür. 

"Aysberqin” görünməyən tərəfi

Mitinqin ölkədə siyasi situasiyanın dəyişdiyi və hakimiyyətin müxalif düşərgəyə qarşı yumşaldığı, siyasi məhbusların azad edildiyi vaxta salınması da özündə başqa məqamları gizlədir. Bu, Əli Kərimlidə o qorxunu yaradıb ki, köməkçisi Faiq Əmirli və jurnalist Mehman Əliyevin azad edilməsindən sonra bu proses davamlı ola bilər. Əlbəttə, belə bir vəziyyət həm də hakimiyyətin bəzi qrupları tərəfindən "Yurd” sədri qarşısında qoyulan missiyanın bitməsi demək olacaq. Buna görə də yeni həbslərə yol açmaq üçün belə bir mitinqin keçirilməsi zərurəti ortaya çıxıb. Bunun həmçinin Avropa ölkələrindən sığınacaq almaq istəyənlər üçün bir şans olduğu və Əli Kərimlinin buradan da külli miqdarda maddi vəsait qazandığı da heç kəsə sirr deyil.

Başqa sözlə, Milli Şura adına keçirilən mitinqlər Əli Kərimliyə hakimiyyətlə yeni sövdələşmə və əlavə qazanclar üçün həmişə müraciət etdiyi bir vasitədir.

Mənsur





Həftənin ən çox oxunanları