Yuxarı

Vəzifə yüksəlişindən siyasi nankorluğa

Vəzifə yüksəlişindən siyasi nankorluğa

Milli Azadlıq Hərəkatının mərhum lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında yenə əssassız ittihamlar səsləndirilir. Bir zamanlar  Əbülfəz Elçibəyin ətrafında olan və elə həmin dövrlərdən Bəyə xəyanət edənlər, bu gün də düşmənçiliklərini davam etdirirlər. Azərbaycan Milli Dövlətçilik Partiyasının sabiq  sədri, keçmiş meydan qəhrəmanı, uğursuz siyasətçi  Nemət Pənahlı yenidən  Əbülfəz Elçibəyə çamur atıb. Nemət Pənahlı Elçibəyin  "KQB agenti” olduğunu iddia edib.

Maraqlıdır ki, Nemət Pənahlı kimiləri vaxtaşırı Elçibəyi hədəfə alır, ancaq zamanında Əbülfəz bəyin komandasında yer almış, milli  hakimiyyətdə yüksək post tutmuş şəxslər bu ittihamlara cavab vermir, susurlar. Elçibəy hökumətinin baş naziri Pənah Hüseyn, Milli Məclisin sabiq sədri  İsa Qəmbər, dövlət katibi Əli Kərimli bu gün Əbülfəz Elçibəy ideyalarının davamçıları (davamçılar onlardımı?) olduğunu iddia etsələr də, səslənən ittihamları eşitməməzliyə vururlar. Unutmaq lazım deyil ki, bu şəxslər məhz Əbülfəz Elçibəyin sayəsində hakimiyyətə gəlmiş və yüksək post tutmuşdular. Onları siyasətdə var edən də məhz Elçibəy faktoru idi. Bu adamlar məhz Elçibəyin kölgəsində böyük görünürdülər. Bəy dünyasını dəyişəndən sonra onların əslində kim və nəyə qadir olduqları ortaya çıxdı. Elçibəydən sonra da bu şəxslər siyasətdə heç nəyə nail olmadılar.

Pənah Hüseyn, İsa Qəmbər və Əli Kərimli öz bacarıqları hesabına yalnız "müxalifət”də qala bildilər ki, bunun üçün də fövqəladə fərasətə ehtiyac yoxdur. Hakimiyyətdə yer tuta bilmirsənsə, zatən müxalifətsən.

O zaman Elçibəy hakimiyyətində yüksək post tutan şəxslər Nemət Pənahlıya "onun səviyyəsinə düşmək istəmirik” bəhanəsi ilə cavab vermirlər. Guya ki, bu adamlar özləri Nemətdən böyükdürlər. Ancaq fikrimizcə, bu sadəcə, məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Bu gün Elçibəy haqqında ya köməkçiləri, ya da ona həqiqətən bağlı olan, ideyalarını, siyasi xəttini davam etdirən şəxslər danışırlar. Bəs Elçibəyin sayəsində yüksək post sahibi olmuş şəxslər nədən susur?

Əslində o, dövrdə yüksək post tutmuş şəxslərin elə vəzifədə ola-ola Əbülfəz Elçibəyə xəyanət etmələri haqqında  dəfələrlə danışılıb. Özlərini müdafiə etmək üçün çeşidli yalanlar uydurub, öz barələrində miflər düzəldiblər. Ancaq Əbülfəz Elçibəyi müdafiə etməyə gələndə susur, müxtəlif bəhanələr gətirirlər. Əslində Əbülfəz Elçibəyi kiminsə müdafiə etməsinə ehtiyac yoxdur. Hər kəs baş verənləri, kimin kim olduğunu yaxşı bilir. Yəqin ki, Əli Kərimlinin, Pənah Hüseynin və digər Elçibəyi qorumağa borclu olanların  səviyyə anlayışı fərqlidir.

"Onun ideya-siyasi xətti Azərbaycanın gələcəyidir”

Elçibəy hakimiyyəti dövründə Bakının Xətai rayon İcra Hakimiyyətinin başçısı, sonrakı dövrdə AXCP sədrinin müavini olmuş Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, artıq cəmiyyətdə nüfuzlarını itirmiş bu adamlar heç bir əhəmiyyət kəsb etmirlər: "Onların nə dediyi də əhəmiyyətsizdir. Bəlli personalar var ki, onlar şəxsiyyət olaraq da bitmiş adamlardır, onlar bu cür məsələləri zaman-zaman təkrarlayacaqlar. AXC-Müsavat birliyinin parçalanmasından yararlanmaq istəyənlər də var idi. Anormallıq o dərəcədə inkişaf edir ki, yalan həyat formasına çevrilir. Əbülfəz Elçibəy haqqında ona görə bu cür ittihamlar səsləndirilir ki, Elçibəy bir alternativdir, inkişaf xəttidir. Bu xətt Azərbaycanı həm bütövləşdirmək, həm də demokratikləşdirmək modelidir. Bu bölgədə isə Azərbaycanın bütövlüyündən, demokratikləşməsindən qorxan kifayət qədər qüvvələr var. Bunlardan biri Rusiya, biri də İrandır. Əbülfəz Elçibəyin təqib olunmasının əsas səbəbi onun etdiyi hər hansı bir yanlışlıq yox, onun ideallarıdır.

O, cümlədən, bizim də, azadlıq hərəkatının üzvləri olaraq təqib, təcrid olunmağımızın kökündə ideallarımız durur. Azərbaycanı bütöv görmək istəməyən düşmən qüvvələr tarixən bundan istifadə ediblər. Hesab edirəm ki, Əbülfəz Elçibəy, Məhəmməd Əmin Rəsulzadə ideya-siyasi xətti Azərbaycanın gələcəyidir, hər kəsin qurur duyacağı bir sistemdir. Şərqdə ilk demokratik respublikas  qurmuş bir millət olaraq demokratiya bizim genetikamızdadır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları