Yuxarı

Azərbaycana qarşı revanş

Azərbaycana qarşı revanş

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi prosesində növbəti mərhələ başa çatıb. Ötən gün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb və Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Məsələyə reaksiya verən Azərbaycanın Xarici İşlər Nazirliyi bu  qərara təəccüblənib. XİN Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndirib. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur. Siyasi şərhçilərin dediyinə görə, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarın verilməsi müəyyən siyasi sifarişlərdən qaynaqlanır. Rusiyanın bu addımı Azərbaycan üçün təzyiq mexanizmi kimi də xarakterizə olunur. Hətta Rusiyanın Azərbayacana olan seçkiqabağı təzyiqindən də xəbər verir. 

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa "Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələdə ümumi problemlər var, gizlədilir: "Konqresin sənədlərində dəfələrlə problemlərin olduğu qeyd edilib. Amma bütövlükdə bu siyasi bir qərardır və Azərbaycanı istəməyən qüvvələrin ölkəmizə qarşı bir revanşıdır. Rusiya böyük dövlətdir və onun daxilində yenidən təşkilatlanma formatını doğru  taparaq və hüquqi əsasları tam möhkəm qoyaraq, bir formaya keçməliyik. Ümid edirəm bu istiqamətdə ikitərəfli addımlar atılacaq”.

Millət vəkili onu da əlavə edib ki, Rusiyanın bu addımı seçkiqabağı məsələ ilə bağlı deyil: "Hər halda Rusiya daxilində bəhanə verə bilməyəcək səviyyədə daha sanballı təşkilat olması vacibdir”.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Onu da bildirək ki, ÜAK birbaşa dövlətin nəzarətində olan diaspor təşkilatı idi. Digər diaspor təşkilatları isə Rusiyanın öz nəzarətindədir.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları