Yuxarı

Elçibəy düşmənləri Əli Kərimlinin yanında

Elçibəy düşmənləri Əli Kərimlinin yanında

"Yurd” lideri bununla Elçibəydən, AXCP-dən nə qədər uzaq birisi olduğunu sübut etdi

Əli Kərimlini 1994-cü ilin fevralında AXC-nin metronun "Sahil” stansiyasının yanındakı qərargahını zəbt edən, AXC-nin bütün arxiv sənədlərini müsadirə etdirən o zamankı baş prokuror Əli Ömərovla birləşdirən nədir?

Keçmiş baş prokuror Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış edib. Özünün facebook səhifəsində Əli Ömərov belə bir açıqlama yazıb: 

"Milli Demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm. Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalı, mitinqə gələnlərin qarşısı alınmamalı və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil əməldə demokratik bir ölkədir".

Əli Ömərovun belə bir mövqe nümayiş etdirməsi siyasi müzakirələrə səbəb olub. Çünki sabiq baş prokurorun bu addımı ciddi paradoks yaradır. Nə fəaliyyətinə, nə də siyasi baxışlarına görə heç vaxt demokrat olmayan Əli Ömərovun indi söz və insan azadlığından danışması təbii ki, bir çoxlarına qeyri-adi görünür. Əli Ömərovun əməllərini hazırkı nəslin bir çox nümayəndələri yaxşı xatırlayırlar. O, Azərbaycanın yaxın tarixində yalnız baş prokuror kimi deyil, başqa "fəaliyyəti” ilə yadda qalıb. Əli Ömərov hələ Gəncə şəhərində nəqliyyat prokuroru işlədiyi 1990-cı illərin əvvəlində milli-azadlıq hərəkatına qarşı əks mövqedə dayananlardan biri olub. 1993-cü ildə isə Əli Ömərov AXC hakimiyyətinə qarşı Gəncə qiyamının fəal iştirakçılarından biri kimi peyda oldu. Surət Hüseynov, "Zobik” ləqəbli Ruslan Rzayev, Hacı Vaqiflə əlbir olaraq Gəncə şəhərində dövlət çevrilişinə qalxdı. Həmin günlərdə Gəncə şəhərini guya ermənilərin işğal edəcəyi barədə yalançı təbliğat aparmaqla əhali arasında xof yaradan Əli Ömərovun məqsədi sabitliyi pozmaq, hakimiyyətin qanunsuz yolla dəyişməsinə nail olmaq idi. Hərbi qiyamın təşkilatçılarından olan prokuror 1993-cü ilin iyun ayında həmin dövrdə baş prokuror vəzifəsində çalışan İxtiyar Şirini Gəncə şəhərində girov götürüb ölümlə hədələmiş və prezident Əbülfəz Elçibəyi istefa verməyə çağıran bəyanata imza atdırmağa məcbur etmişdi. Dövlət çevrilişi cinayətinin fəal iştirakçılarından baş prokuror vəzifəsinə qədər yüksəlməyə nail olan Əli Ömərov ən korrupsioner məmurlardan biri kimi də ad çıxarmışdı. 

Lakin 1995-ci ilin mart ayında Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı zamanı baş verən hadisələr də Əli Ömərovun bir baş prokuror kimi iradəsizliyini və yarıtmaz kadr olduğunu təsdiq etdi. Xaraktercə qiyamçı olmasına baxmayaraq, 1995-ci ildə onun nə qədər qorxaq və zəif xarakterə malik olduğu asanlıqla üzə çıxdı. Sabiq baş prokuror cəbhəçilərə münasibətdə özünün kobud, kimlərəsə xoş gəlmək üçün təhqiramiz, qarşısındakıı insanda ikrah hissi doğuran nalayiq davranış tərzi ilə seçilib. Müxalifətin tənqid hədəfinə, hakimiyyətin üz qarasına çevrilmiş Əli Ömərovun həbs edilməsinin səbəbi də onun layiq olmadığı məqamlara daim iddiada bulunması ilə bağlıdır. Əli Ömərov üçün əslində siyasi əqidə anlayışı yoxdur. O, nə mütəllibovçu olub, nə cəbhəçi, nə Surət Hüseynovun tərəfdarı, nə də gerçək YAP-çı. Sadəcə olaraq, müxtəlif siyasi situasiyalara uyğun vurnuxan Əli Ömərov daim özünün maddi mənafeyini düşünüb. Bütün bunlar onun hələ də boyası getməmiş siyasi portretinin cizgiləridir. Belə bir xarakterə malik insanın indi Milli Şuranın tribunasından xalqa demokratiya dərsi keçməsi kifayət qədər absurd və gülünc görünür. 

Əli Ömərov Əbülfəz Elçibəyin lideri olduğu Azərbaycan Xalq Cəbhəsinə qarşı cinayətə yol vermiş adamdır. 

Bu gün Əli Ömərovla bir sırada dayanmağın Elçibəy ideyalarına xəyanətdən başqa adı yoxdur. Əli Kərimli AXC-yə qarşı qiyamda iştirak etmiş birinə demokrat donu geyindirib mitinqə çıxartmaqla özünün əsl simasını bir daha göstərmiş olur. Əli Kərimli Əbülfəz Elçibəyin sağlığında olduğu kimi yenə də "düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edərək AXC liderinə qarşı çıxanları ətrafına yığmaqda davam edir. Əli Ömərovun "zirzəmidə toz basmış” siyasi portretini mitinqdə "Elçibəy!” şüarları səsləndirən insanların qarşısına çıxaranlar AXC liderinə sədaqətdən danışa bilməz. Onların buna sadəcə, haqqı yoxdur. Əslində Əli Kərimli bununla bir daha Elçibəydən, Elçibəyin hər zaman lideri olduğu AXCP-dən nə qədər uzaq birisi olduğunu sübut etdi. Zaman-zaman deyilənləri sübut etməyə elə bir ehtiyac qalmır. Kərimli öz əbədi düşüncələri və hərəkətləri ilə Elçibəydən, elçibəyçilikdən, demokratiyadan, cəbhədən, cəbhəçilikdən uzaq olduğunu isbatlayır. Əli Kərimlinin yanında bu gün Elçibəyin əleyhinə olanlar, Elçibəyə nifrət bəsləyənlər yığılıb. Elə özünün "yurdçu”larından tutmuş, Eldəniz Quliyevə, Əli Ömərova qədər. 

Əli Kərimlini 1994-cü ilin fevralında AXC-nin "Sahil” metrosunun yanındakı qərargahını boşaltdıran, AXC-nin bütün arxiv sənədlərini müsadirə etdirən o zamankı baş prokuror Əli Ömərovla birləşdirən nədir? Demokratiya aşiqliyimi? Əhalinin maddi güzəranımı? Qətiyyən! Onları birləşdirən şəxsi qazanclarıdır. 

Əli Ömərov vaxtilə televiziya ekranlarında, parlamentdə cəbhəçilərin ünvanına ən təhqiramiz ifadələr işlətmiş adamdır. Bir vaxtlar Əli Ömərovun ən kobud ifadələrlə təhqir etdiyi İbrahim İbrahimli ilə Milli Şuranın aksiyasında çiyin-çiyinə dayanması siyasi anomaliyadır. Əgər İbrahim İbrahimli Əli Ömərovla bir sırada dayanmaqla özünü onun səviyyəsinə endirirsə, buna görə başqasını ittiham etməyə ehtiyac yoxdur. 

Əli Ömərov heç bir siyasi nüfuza malik olmayan, hər hansı ictimai qrupu təmsil etməyən və cəmiyyətdə yeri olmayan bir adamdır. Bu gün Əli Ömərov təmsil olunduğu siyasi düşərgəni dəyişib, etdiyi cinayətləri "Məhsul” stadionuna yığılan bir qrup adamın dəstəyi ilə ört-basdır etmək istəyir. Lakin tarix özü hər şeyə qiymət verir və onu dəyişmək mümkün deyil. Əli Ömərov zamanı gələndə Əli Kərimlini, İbrahim İbrahimlini və ətarfındakıları yenidən satmağa hazır olacaq. O zaman Milli Şuranın liderləri "siyasi buqələmun”la işbirliyinə getməyin nə qədər böyük bir səhv olduğunu yox, özlərinin də elə Əli Ömərov kimi buqəlamun olduğunu cəmiyyətə tam isbatlayacaqlar. Ona görə də hansı partiyada olmasından asılı olmayaraq, Əbülfəz Elçibəyi sevən bir kimsə Əli Ömərovun dəstəklədiyi, Əli Kərimlinin təşkil etdiyi mitinqə qatılmaz.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları