Yuxarı

Ermənistan sülhə məcbur edilir

Ermənistan sülhə məcbur edilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.BMT Baş Assambeyasının 72 sessiyası çərçivəsində baş tutan görüşdə Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi müzakirə olunub.Görüşdə hansısa anlaşma əldə olunmasa da danışıqların prezidentlər səviyyəsində davam etdirilməsinin razılaşdırıldığı bildirilir.

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün nə vaxt baş tutacağı barədə məlumat olmasa da bunun razılaşdırılması üçün oktyabr ayının 4-də Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyi barədə məlumatlar yayılıb.Azərbaycana və Ermənistana gələcək həmsədrlər görüş üçün tərəflərin razılığını almağa çalışacaqlar.

Qarabağ ətrafında ilginc gəlişmələr

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşdən əvvəl Dağlıq Qarabağ ətrafındakı rayonlarının Azərbaycana qaytarılacağı ilə bağlı verdiyi bəyanatdan sonra münaqişə ilə bağlı yeni ehtimallar üzə çıxmağa başladı.Nalbandyanın açıqlamasından sonra Rusiyanın nüfuzlu KİV-ləri və Kremlə yaxın politoloqlar da eyni məsələni gündəmə gətirdilər. Moskvada Azərbaycan - Rusiya münasibətlərinə dair keçirilmiş konfransda da məsələ geniş müzakirə mövzusu oldu. Nalbandyanın açıqlmasından sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən ilginc gəlişmələr o ehtimallara apardı ki, Rusiya ətraf rayonların Azərbaycana qaytarılması üçün Ermənistana təzyiq etməyə başlayıb.Nyu-Yorkda nazirlər səviyyəsində keçən görüşün də təşəbbüskarının Minsk qrupu yox, Rusiya olduğu da bu ehtimallar arasındadır.Hesab olunur ki, danışıqların prezidentlər səviyyəsində davam etdirilməsini nəzərdə tutan görüşdə əsas məqsəd də yeni həll planının həyata keçirilməsi üçün münbit şəraitin yaradılması ilə bağlıdır.Bu baxımdan o ehtimal əsas müzakirə mövzusudur ki, ilin sonunadək prezidentlər arasında keçiriləcək görüşdə ətraf rayonların Azərbaycana qaytarılması məsələsi öz həllini tapa bilər.

ABŞ və Rusiyadan Ermənistana təzyiq

REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi, politoloq Azər Qasımlı "Cümhuriyət” qəzetinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ətrafında ilginc proseslərin getdiyini bildirib. REAL rəsmisi hesab edir ki, artıq Ermənistan torpaqları Azərbaycana qaytarmağa məcbur edilir:

"Nalbandyanın Qarabağ problemi ilə bağlı verdiyi bəyanat maraqlı idi. Həm Ermənistan cəmiyyətindən, həm də KİV-lərdən buna qarşı etirazlar oldu.Bundan sonra xarici işlər nazirinin müavinləri Nalbandyanın fikirlərinin təhrif olunduğunu cəmiyyətə inandırmağa başladılar.Sanki bu bəyanatla ictimaiyyətin nəbzini yoxlamağa çalışdılar, sonra da təkzib etməyə başladılar.Amma görünür ki, proses dayanmayıb, gedir.Xarici işlər nazirləri də görüşdülər və irəlidə prezidentlərin görüşünün keçiriləcəyi bildirilir.Başqa sözlə, Nalbandyanın bəyanatını cəmiyyətin nəbzini yoxlamaq cəhdi kimi də dəyərləndirmək olar, amma digər yandan əgər belə bir bəyanat verilibsə, demək ki, bununla bağlı danışıqlar gedir.Bizi maraqlandıran budur ki, əgər ermənilər ətraf rayonları geri verəcəklərsə, Azərbaycan bunun müqabilində Ermənistana hansı güzəşti edəcək?Bəs, bu prosesdə Rusiyanın rolu nədən ibarətdir?Amma Ermənistan KİV-ləri indiki məqamda Rusiyanı ciddi şəkildə tənqid edirlər.Bildirilir ki, Rusiya son dövrlərdə Azərbaycanı dəstəkləməyə başlayıb”.

Azər Qasımlının sözlərinə görə, Ermənistan çətin vəziyyətdə qalıb:

"Dağlıq Qarabağ münaqişəsi ətrafında maraqlı proseslər gedir. Amerikanın Minsk qrupunda Şafferdən əvvəlki həmsədri Riçard Hoqland da Dağlıq Qarabağ problemi ilə bağlı ilk dəfə ABŞ-ın adından prinsipial mövqeyini açıqladı.Hoqlandın mövqeyi Ermənistanda tənqidə məruz qaldı.Çünki keçmiş həmsədr həqiqətən Azərbaycanın maraqlarını müdafiə edən prinsiplər irəli sürmüşdü.Prosesin maraqlı tərəfi budur ki, Ermənistan hazırda həm ABŞ, həm də Rusiyanı tənqid edir.Ən maraqlısı da budur ki, Ermənistan ərazilərimizin bir hissəsini Azərbaycana qaytarmağa məcbur edilir.Təkcə Rusiya yox, ABŞ tərəfindən də işğalçıya təzyiq olunur.Bu, açıq formada görünür.Amma bizə maraqlı olan budur ki, Azərbaycan tərəfi bunun müqabilində Ermənistana nə verəcək, ümumiyyətlə, verəcəkmi?Bütün hallarda isə ətraf rayonların qaytarılması, indiki halda bizim üçün böyük uğur olardı. Amma ortada hansısa plan varsa, hansısa dövlətlər istənilən an bu planı poza bilərlər. Məsələn, Rusiya və sair”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları