Yuxarı

AXCP müxalifəti bir araya topladı

AXCP müxalifəti bir araya topladı

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Beynəlxalq Mətbuat Mərkəzində (BMM)  "Müxalifətin prezident seçkilərində iştirakı və perespektivlər” mövzusunda dəyirmi masa keçirir. Qeyd edək ki, AXCP 2018-ci il prezident seçkilərində iştirkını rəsmən bəyan edib.

Cebhe.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan AXCP Nəzarət Təftiş Komissiyasının sədri Rəfail Becanov iştirakçıları salamlayıb və mövzu ətrafında qısa arayış verib:

"Azərbaycanda prezident üsul-idarəsi hakimdir. Bu baxımdan, prezident seçkiləri hər zaman önəmli olub. Prezident seçkilərində bütün siyasi qüvvələrin və təbii ki, AXCP-nin də öz maraqları var. Bu haqda AXCP sədri Razi Nurullayev öz fikirlərini bölüşəcək. Hakimiyyətin resursları bəllidir. Sosial bazası var, iqtisadi gücü məlumdur. Bəs müxalifət nə edəcək? Seçkidə hamsı formatda iştirak edəcək? Birləşə biləcəkmi və s. kimi suallar bu gün ən aktual mövzudur. Bu sualların müzakirəsi üçün belə bir dəyirmi masanın keçirilməsini vacib hesab etdik”.

AXCP sədri Razi Nurullayev də tədbir iştirakçılarını salamlayaraq mövzu ətrafında fikirlərini bildirib: "AXCP mövqeyini açıqlayacaq və çağırışlarımız buradan səslənəcək. Müxalifətin hər zaman seçkiyə 1 ay qalmış aktivləməşməsini müşahidə etmişik və bu qısa müddət ərzində nə namizəd ortaya çıxara, nə nəticə əldə edə biliblər. Belə bir vəziyyətdə seçkilərdən uğur gözləmək, azad və demokratik seçkilərin keçirilməsinə nail olmaq mümkündür. Hesab edirəm ki, heç bir halda seçkiləri boykot etmək olmaz. Bu, ən çox hakimiyyətin işinə yarayar. Əgər biz dinc yolla siyasi dəyişikliyə nail olmaq istəyiriksə, bunun yolu seçkidən keçir. Ancaq güc yolu ilə dəyişiklik etmək istəyənlər varsa, bu başqadır. Ona görə də 2018-ci ildə seçkilərə qatılmaq niyyətimiz var”. 

AXCP sədri bildirib ki, rəhbərlik etdiyi partiya namizəd kimi məhz onu görmək istəyir: "Ancaq biz müzakirələrə hazırıq və son qərarımızı dekabrın sonunda verəcəyik”.

AXCP sədri hesab edir ki, seçkilərə hazırlıq prosesi ən az seçimə 11 ay qalmış bitməlidir: "Ötən il biz 2018-ci ili siyasi dəyişiklik ili elan etmişik. Bu haqda siyasi partiyalara çağırış olunub  və bir sıra şərtlər irəli sürülüb. İndi də dekabr ayının sonuna qədər bütün siyasi partıyaları müzakirələrə dəvət edirik. Bu müddətdən sonra artıq müzakirələri gecikmiş sayacaq və partiya öz namizədi ilə seçkiyə gedəcək. Seçkilərdə birlik vacibdir. İlk növbədə azad və demokratik seçki keçirilməlidir. Bu olmasa, siyasi islahatlar mümkün olmayacaq”. 

R.Nurullayevin sözlərinə görə, Qarabağ və sosial məsələlərlə bağlı da partiyanın mövqeyi bəllidir: "Ancaq bütün hallarda ilk növbədə azad, demokratik seçkilərə nail olmalıyıq. Bildiyimiz kimi, ATƏT-in mandatı ləğv olundu və artıq seçkiləri müşahidə etmirlər. Azərbaycanda bir çox ölkələrin nümayəndələri və hakimiyyətin özünün dəvət etdiyi təşkilatlar seçkilərdə müşahidə aparır. Ona görə də seçkilərdə xarici təşkilatlarla da birgə çalışmaq lazımdır. Əgər demokratik seçki yoxdursa, bu, Qarabağ probleminin həllində də, sosial inkişafda da əngəllər yaradacaq. Biz Qarabağ məsələsi ilə bağlı "Vahid Qərar Şurası” elan etdik. Bu gün deyə bilmərik ki, İlham Əliyev bu məsələni həll edə bilmir və iqtidar olsaq, bu problemi tezliklə həll edəcəyik. Bu, populist fikir olardı. Ancaq bütün hallarda prezident danışıqlara getdiyi zaman arxasında xalq və dövlətin olduğunu bilməlidir. Prezident bu məsələdə xalqdan, ziyalılardan, siyasi təşkilatlardan dəstək almalı və onların dili ilə danışmalıdır. Bilməlidir ki, Qarabağ məsələsi siyasi təzyiq kimi istifadə olunmayacaq”.

AXCP sədri sosial vəziyyətin yaxşılaşdırılması üçün bir sıra təkliflər səsləndirib: "Sosial vəziyyət çox ağırdır.  Bahalaşma sosial vəziyyəti dəhşətli hala gətirib. Vətəndaşlar bu qiymətlərdən sonra  gələcək haqda necə düşünə bilər? Əgər bir ölkənin təhsili bərbad vəziyyətdədirsə, onun həkiminə, müəlliminə inam olmaz. Hesab edirik ki, bu məsələlərinin qarşısını 2 yolla almaq olar. Biz bununla bağlı hökumətə müəyyən təkliflər vermişik. Hökumətin özünün də kağız üzərində qalan təkliflər paketi var. Hər bi ailəyə Neft Fondundan, banklardan pul ayrılarsa, həmin vətəndaşa biznes yaratmaq üçün imkan yaradılar. Bu, həm də işsizliyin azalmasına kömək edəcək. Məsələn, 1 milyard xərclənən zavodlarda 800-1000 nəfər işləyər. Ancaq həmin vəsait xırda biznesin yaradılması üçün vətəndaşa verilərsə, ən az 800 min nəfərin işlə təmin olunması deməkdir”. 

R.Nurullayevin fikrincə, indiki hakimiyyətin kadrlarının ən azı 80 faizi dəyişməlidir: "Onların yerini tuta biləcək, xaricdə təhsil almış kifayət qədər kadr var. Elə sahələr var ki, ora xarici vətəndaşları təyin etmək olar. Bu, daha çox korrupsiyalaşmış, eyni zamanda dövlətə zərər verməyəcək sahələr olmalıdır”.

Daha sonra söz Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyevə verilib. T.Əliyev də müzakirə çıxarılan məsələnin aktuallığını qeyd edib:"Seçkidən öncə iqtidar və müxalifətin hansı resurslara sahib olması məsələsi əsasdır. Müxalifətin seçkiyə hazırlaşmaq üçün 2 yolu var. Bunlardan birincisi seçkiyə zamanında hazırlaşmaqdır. Təklif edirəm ki, həm siyasi qüvvələrlə əməkdaşlıq edilsin, həm də müxalifət xalqla və beynəlxalq mərkəzlərlə birgə çalışsın. Azərbaycanın Avropa İttifaqı qarşısında öhdəlik götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa ehtiyac var. Hesab edirəm ki, dekabrın 31-i deyib vaxt çərçivəsi yaratmaq doğru deyil. Seçkinin son gününə qədər müzakirələr getməlidir. Sonda cəbhəçilərə bu nəcib təkliflər üçün təşəkkür edir, uğurlar arzulayıram”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə müxalifətin vahid şəkildə seçkiyə gedə bilmədiyi fikrindədir: "Hər seçkidə böyük güclərin öz namizədi olur. Ötən seçkilərdə Rusiyanın namizədi Milli Şura oldu. Bunu hətta özləri də etiraf etdilər. Azərbaycan elə bir ölkədir ki, böyük güclər, güc mərkəzləri öz namizədlərinin qalib olması üçün mübarizə aparır. Bu gün hər kəsə məlumdur ki, İlham Əliyev ən güclü namizəddir. Biz isə partiya sədri Qüdrət Həsənquliyevlə seçkiyə getməyi düşünürük. Hər bir siyasi fəaliyyətlə məşğul olan təşkilat seçkidə iştirak etməli, ən azından öz mövqeyini ortaya qoymadılır. Ancaq düşünmürəm ki, müxalifət seçkidə vahid şəkildə iştirak edə bilər. Müxalifətin müəyyən bir hissəsi,  beynəlxalq təşkilatların təzyiqi ilə 20-22 il bir-birlərinə nifrət edən təşkilatlar seçki zamanı birləşirlər. Mən də istəyirəm ki, müxalifət seçkidə yekdilliklə, vahid namizədlə iştirak etsin. AXCP son günlər çox aktiv fəaliyyət göstərir və bu istiqamətdə sizə uğurlar arzulayırıq”.

Daha sonra söz alan AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə ənənəvi müxalifətin birlik çağırışlarına qulaq vermədiyini deyib: "Bu gün AXCP seçkiyə var gücü ilə çalışır və regionlarda görüşlər keçirir. Dəyişikliklərə ehtiyac var və bu dəyişikliyi də AXCP edəcək. AXCP yalnız xalqa arxalınır və gücünü xalqdan alır. Bu gün Razi Nurullayevin rəhbərləri ilə formalaşan AXCP hakimiyyətə yeganə alternativdir”.

Ümid Partiyasının fuksioneri Elman Abbasov çıxışında seçki mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb:  "Dünyanın heç bir yerində vahid namizəd məsələsi yoxdur. Bu, yalnız bizdə var. Məsələ ona görə gündəmə gəlir ki, bizdə azad, demokratik seçki mühiti yoxdur. Ona görə də seçki mühitinin yaranması üçün mübarizə aparmaq lazımdır. Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Bunlar baş verərsə, vahid namizədə ehtiyac qalmayacaq. Seçki mühiti yaranacaq və xalq kimi istəsə, onu seçəcək. Buna görə də ilk öncə müxalifət birləşib seçki mühitinin yaranmasına çalışmalıdır. Hər dəfə siyasi məhbus məsələsi gündəmə atılır və seçki arxa plana keçir. Beynəlxalq təşkilatlar da bütün diqqətini siyasi məhbus probleminə yönəldir”.

AXCP sədrinin müavini Ehtiram Mehtiyev isə öz növbəsində iqtidar və müxalifətdə kard dəyişikliklərinin vacibliyini vurğulayıb: "Siyasət gücsüzləri bağışlamır. Bu gün istər iqtidarda, istərsə də müxalifətdə dəyişikliklərə ehtiyac var. Yaşı 70-dən yuxarı olan şəxslərlə heç nəyi dəyişmək mümkün deyil. Əbülfəz Elçibəydən sonra AXCP heç bir zaman öz namizədi ilə seçkiyə getməyib. Bu gün biz yenilik edirik və AXCP olaraq öz namizədimizlə seçkiyə gedirik”.

Müzakirələrin sonunda AXCP sədri Razi Nurullayev söz alaraq siyasi məhbus məsələsinə toxunub: "2018-ci ildə Azərbaycan xalqı sübut edə bilər ki, Şərq dünyasına yenidən nümunə göstərilməsi mümkündür. Ümid edirəm ki, biz buna nail ola bilərik və Azərbaycanda siyasi məhbus olmaz. Bu gün də hakimiyyətə çağırış edirəm ki, siyasi məhbusların hamısını azad etsin və bu məsələ birdəfəlik bağlansın. Hesab edirəm ki, hakimiyyətin buna gücü var. Siyasi məhbusların azad olunması Azərbaycan hakimiyyəti üçün heç bir təhlükə təşkil etmir. Bu baxımdan hesab edirəm ki, hakimiyyət bu məsələyə birdəfəlik son qoyacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları